Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Fəhlə-kəndli” ölkəsinin bəy məmurları: 8 otaqlı mənzillər, parkı xatırladan bağ evləri, Suslovun imtina etdiyi mebel...


 
“Fəhlə-kəndli” ölkəsi olan SSRİ-də heç də bütün vətəndaşlar bu statusda yaşamayıb. Lenindən başlamış Qorbaçova qədər dövlət məmurları öz həyat tərzlərini yaxşılaşdırmaq üçün yeni qərarlar, qanunlar, sərəncamlar imzalayıblar.

Bu sənədlər sıravi vətəndaşlarla dövlət məmurları arasında çox böyük bir sosial fərq yaradıb. Üzdə “bərabərlik” şüarı səsləndirilsə də, həqiqətdə fərqli bir həyat yaşanıb.

70 il ərzində sovet məmurları üçün imtiyaz və güzəştlər ilbəil artıb. Mənzil, bağ evi, xidməti avtomobil, müalicə, istirahət, pul mükafatları və digər imtiyazlar dövlət məmurlarının həyatını əsl bəy həyatına çevirib. Bəli, bütün xarici ölkələrdə yüksək vəzifə tutanlar üçün müəyyən imtiyazlar nəzərdə tutulub. Amma bu məsələ SSRİ-də hədsiz dərəcədə aşırı olub.

Məmurlar üçün güzəşt və imtiyazların tətbiq edilməsi ənənəsi hələ Leninin vaxtından başlayıb. Düzdür, Lenin öz maaşının sıravi qulluqçu maaşından artıq olmasına imkan verməyib, 500 rublla kifayətlənib. Amma proletarların rəhbəri o qədər imtiyazlara malik olub ki, yəqin aldığı maaş onun üçün çox da “maraqlı” görünməyib. Moskvada dövlət hesabına üç bağ evinə və iki mənzilə sahib olan Leninin bütün xərcləri dövlət tərəfindən ödənilib. O cümlədən, partiyanın mərkəzi aparatının bütün işçiləri də dövlət hesabına yaşayıblar. Geyim, ərzaq, kommunal xərclər, yanacaq və digər gündəlik tələbat malları məmurlara pulsuz verilib.
60b913340e1757fa465abba030dcc.jpg (133 KB)

Maraqlı məqamlardan biri odur ki, kiçik ailələr ay ərzində böyük ərzaq payı alıblar. Məsələn, müvafiq dövrün sənədlərində əks olunur ki, Leninin ailəsinə (özü, həyat yoldaşı və bacısı üçün) bir ay ərzində 15 kiloqram ət, 9 kiloqram balıq, 20 kiloqram un, 20 kiloqram şəkər tozu, 15 kiloqram kərə yağı, 7 kiloqram konfet və s. göndərilib.

Nəzərə alsaq ki, Mərkəzi İcraiyyə Komitəsində (Nazirlər Sovetində) məmurlar üçün xüsusi yeməkxana da fəaliyyət göstərib və Lenin adətən gün ərzində iki dəfə bu yeməkxanada qidalanıb, bu ərzaq bölgüsünü həddən artıq çox saymaq olar. Onu da qeyd edək ki, yaddaşımıza uzun illə sadə rəhbər kimi həkk olunan Lenin öz məişətində həddən artıq tələbkar olub. Onun ev avadanlıqları, geyimi, içkiləri yalnız xarici ölkələrdən gətirilib.

İosif Stalinin hakimiyyəti illərində də məmurların yaşam tərzinə xüsusi diqqət yetirilib. Bu ərəfə xüsusilə məmurlara “pul konvertləri”nin verilməsi ilə yadda qalıb. Dövlət məmurlarına bağ evlərinin verilməsi Stalinin hakimiyyəti illərində daha geniş vüsət alıb. Şəxsən Stalin üçün ölkənin ayrı-ayrı səfalı məkanlarında ondan artıq bağ evi tikilib. O, bu bağların cəmisi bir neçəsində olub. Amma bu bağların hamısında xidməti personal saxlanılıb, bağbanlar, mühafizəçilər, ev xidmətçiləri və s. hər ay maaş alıblar.

Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində məmur bağları haqqında yazıb:

“Mən Anastas Mikoyanın bağını yaxşı xatırlayıram, yaşıllıq içində həyət, park, bağ, tennis meydançası, mərmər fiqurlar, at saxlamaq üçün xüsusi ayrılmış ərazi, göz oxşayan tikili, zövqlə bəzənmiş otaqlar və s. Bu bağ əsl nağıllardakı qəsrləri xatırladırdı...”

Stalinin hakimiyyəti dövründə də dövlət məmurlarına həftəlik ərzaq məhsulları verilib. Ailənin şəhər mənzilində, yaxud da bağ evində yaşamasından asılı olmayaraq hər iki ünvana ərzaq aparılıb.
270b92fba2da15be2dd7946c6574eed0.png (396 KB)

Sovet liderləri arasında ilk və yeganə şəxs Nikita Xruşşov olub ki, o, hakimiyyətə gəldikdən sonra heç bir islahat olmadan, qiymət artımı baş vermədən öz aylıq əmək haqqını 1000 rubla qaldırıb. Həmin ərəfədə orta aylıq əmək haqqı 100 rubl olub. Hakimiyyətə gəldikdən 2 ay sonra Xruşşov özünün mənzil və bağ şəraitini də ağılasığmaz dərəcədə yaxşılaşdırıb.

Brejnevin hakimiyyəti illərində yaşam tərzi baxımından dövlət məmurlarının bəxti daha çox gətirib.
Sovet vətəndaşları uzun illər ev növbəsi gözlədiyi halda Mərkəzi Komitənin işçilərinə növbədənkənar mənzil verilib. Əgər sıravi vətədaşlar üçün tikilən binalarda otaqların sayı 1-4 olubsa, Mərkəzi Komitənin binalarında mənzillər 4-8 otaqlı olub. Həmçinin Mərkəzi Komitənin əməkdaşlarına növbəsiz bağ evləri də verilib.

Subay əməkdaşlar üçün 4 otaqlı, ailəlilər üçün isə 6-8 otaqlı bağ evləri nəzərdə tutulub.
Brejnevin hakimiyyəti illərində dövlət məmurlarına ərzaq verilməsi dayandırılıb. Bunun əvəzində onlar Mərkəzi Komitənin xüsusi yeməkxanasında 3 dəfə qidalanmaq “hüququ” qazanıblar. Siyasi Büronun üzvləri, Mərkəzi Komitənin katibləri və şöbə müdirləri bu yeməkxanada gün ərzində bir dəfə qidalanıblar. Qalan iki dəfə qidalanmanın əvəzində istifadə olunan ərzaq məhsulları onların evlərinə göndərilib.

1966-1982-ci illərdə Mərkəzi Komitənin katibi vəzifəsində işləyən Andrey Kirilenkonun sürücüsü (həm də yaxın qohumu) İvan Naskoviç sonralar mətbuata verdiyi açıqlamalarda bununla bağlı fikirlərini belə bölüşüb:

“Hər həftənin beşinci günü Kreml yeməkxanasında xüsusi bağlamalar hazırlanırdı. Anbara getməyə ehtiyac qalmırdı, bütün ərzaq məhsulları elə yeməkxanada qablaşdırılırdı. Adətən günortadan sonra həmin bağlamaları maşınıma yükləyirdilər. Bu hər həftə təkrar olunurdu. Ərzaq məhsulları o qədər çox və çeşidli olurdu ki, onlarla hətta böyük bir şənliyi yola vermək mümkün olardı...”

Sovet dövründə dövlət məmurlarının müalicə və istirahəti xüsusi diqqət mərkəzində olub. Amma bu məsələdə də maraqlı məqamlar ortaya çıxır. Mərkəzi Komitənin İşlər İdarəsinin müvafiq sənədlərində dövlət məmurlarının müalicə və istirahətinin pulsuz həyata keçirilməsi göstərilib. Digər bir sənəddə isə dövlət məmurlarına müalicə və istirahət üçün bir aylıq əmək haqqı həcmində pulun verilməsi əks olunub.
hrushhev-1.jpg (96 KB)

Belə ki, Mərkəzi Komitənin əməkdaşları xüsusi istirahət evlərinə və pansionatlara pulsuz göndəriş alıblar, onlara məzuniyyət pulundan əlavə bir aylıq əmək haqqı da verilib.

Brejnevin hakimiyyəti illərində Siyasi Büro üzvlərinin maaşları 1200, Mərkəzi Komitənin katibləri 1000, nazirlər 1000-1100 rubl maaş alıblar. Həmin ərəfədə orta aylıq əmək haqqı 120-150 rubl olub. Zavod direktorlarının, istehsalatda çalışan mütəxəssislərin əmək haqqı nisbətən çox olub, 300-350 rubl. Amma sıravilərdən fərqli olaraq yüksəkçinli dövlət məmurlarının əlavə gəlirləri də olub.

Xüsusilə partiyanın mərkəzi aparatında işləyənlər maaşlarından 4-5 dəfə artıq nəşriyyatlardan, redaksiyalardan qonorar alıblar. Sözsüz ki, mənbəyi bilinməyən gəlirlər də olub. Təbii ki, Brejnevin oğlunun aylarla xarici ölkələrdə istədiyi qədər xərclədiyi pullar, digər məmurların həyat yoldaşlarının xəz və brilyant içərisində olmaları, məmurların mənzillərindəki xaricdə istehsal olunan məişət texnikaları, ən son dəbdə olan mebellər heç də maaşla əmələ gəlməyib. Bütün bu zənginliklərə baxmayaraq, Kreml məmurları son günlərə qədər “bütün sovet vətəndaşları bərabərdir” deməkdən çəkinməyiblər. Yalnız Mərkəzi Komitənin katibi Mixail Suslov utandığını dilə gətirib. Belə ki, onun bağ evini təmir etdikdən sonra köhnəlmiş mebellərini də dəyişiblər.

Axşam bağa qayıdarkən Suslov yeni mebeli görəndə təəccübünü gizlədə bilməyib: “Mən belə mebellər olan otaqda yaşamağa, belə kresloda oturmağa utanaram”,- deyərək ev əşyalarından imtina edib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10