Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının neçə Milli Qəhrəmanı var - 3, ya 5?


Onların hansının özü və övladı təyyarəçidir


Həm 2-ci, həm 1-ci Qarabağ savaşında Masallı igidləri də fədakarlıqla döyüşmüş, 200-dən artıq şəhid vermiş, yüzlərlə həmvətənimiz yaralanmışdır.

Bəs onların sırasında neçə nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.

Əksər masallılar 3 qəhrəmanın adını çəkir –  polis işçisi olmuş Əfsanəvi qəhrəman kimi tanınan sərçuvarlı Səfaralı Qurban oğlu Məmmədov, Xıldan (o da polis işçisi olub) Hüseynov Elşad Eynulla oğlu bu fəxri ada layiq görülən öncüllər sırasında olub.

Təzə Alvadılı Əhədov Elşad Saday oğlu isə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub, daha sonra isə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Lakin sonradan bəlli olub ki, Masallı ilə bağlı olan Milli Qəhrəmanların sayı 3 yox 5 olduğu bəlli olub. Onlardan biri Masallıda anadan olsa da, əslən masallılı deyil. Polis işçisi olan atası Masallıda çalışarkən burada anadan olub, digər qəhrəmanımız isə əslən Masallıdan olsa da, atasının iş yeri ilə bağlı Bakıya köçüb və orada anadan olub.

Sonuncu 2 qəhrəman haqqında oxucularımız kifayət qədər məlumatlı olmadığı üçün onların həyat yolunu sizə bir qədər ətraflı tanış etmək istəyirik.


    Masallı əsilli  bakılı qəhrəman 

Qəhrəmanımız Rasimin   babası  İbrahimov  Yəhya   Masallı  rayonunun, Təklə Ərazi Dairəsinin  Mollahəsənli  kəndində   anadan  olub. Uzun  müddət   Neft sahəsində  işləmişdir.  Onu   da  qeyd   edək   ki, bu  ərazi  vahidinin   əhalisinin  xeyli  hissəsi   neft  sənayesində  çalışıb və çalıır.  O,   1949-cu  ildə  əfsanəvi   neftçi  Kovereçkin  ilə   birlikdə  Çilov  adasında   neftin  kəşfinin, quyuların  qazılmasının,   istehsalının  təməlinin  qoyulmasının   banilərindən  biridir. 
Onun  oğlu  Səxavət   də  Masallı  rayonunun   Mollahəsənli  kəndində  anadan   olub.  Atasının  yolunu   davam  etdirən  Səxavət   işi  ilə  əlaqədər   Bakı  şəhərinə  köçür.   Bir  müddət  Çilovda   yerləşən  qarajda  sürücü   işləyir.  İşləyə-işləyə  təhsilini   davam etdirən  Səxavət  Rayon    İcra  Hakimiyyətinin  Çilov   qəsəbəsinin  nümayəndəsi  işləyib.   Hazırda  təqaüdçüdür.
İbrahimov   Rasim  Səxavət  oğlu (Yəhya kişinin nəvəsi) 18  aprel   1962-ci  ildə  Bakı  şəhəri,  Əzizbəyov (indiki  Xəzər ) rayonunun   Çilov   adasında  anadan  olub.
1969-cu  ildə  Bakı  şəhəri  131   saylı  tam  orta  məktəbin  I sinfinə   daxil  olub, VIII  sinfə   kimi  həmin  məktəbdə   oxuyub,  1977-ci  ildə  Cəmşid  Naxçıvanski   adına  Hərbi  Məktəbə   daxil  olub, 1979-cu ildə  müvəffəqiyyətlə  bitirib,   təhsilini  Bakı  Ali  Hərbi  Ümumqoşun   komandirləri  Məktəbində  davam   etdirib.


    Rasim Səxavət oğlu İbrahimov  1983-cu  ildə  təhsilini  bitirdikdən   sonra  Almaniyaya hərbi qulluğa  göndərilib.

Motoatıcı  tağım  komandiri   müavini  kimi  xidmətə   başlayır.  1988-ci  ildə   Azərbaycana  qayıdır.  Bir   müddət  Respublika  Hərbi   Komissarlığında  çalışır, sonra  Ağsu  rayon   Hərbi  Komissarlığında  müavin   işləmışdir.  Bu  müddətdə paralel olaraq Saratov  şəhərində   3 aylıq  kursda  oxuyur. Sonra   Füzuli  rayonunda  Hərbi   Komissar  müavini  işləyir. Hərbi  xidmətlərinə    görə  mayor  rütbəsinə   layiq görülür.

  1992-ci  ilin   iyun  ayının  26-da   I  Vətən  Müharibəsi   dövründə  Füzulinin  Tuğ  kəndi  uğrunda   döyüşə atılır. Tabor  Tuğ  kəndinə   5 km-ə  qədər  irəliləyir. Arxadan  kömək   gəlmədiyinə  görə  tabor   mühasirəyə  düşür. O, ayağından yaralansa da,  döyüşə  rəhbərliyi   davam  etdirir.

Ümidsiz  vəziyyətdə  qaldığından   düşmən  əlinə  keçməmək   üçün  əl  qumbarası ilə   özünü  həlak  edir.   Son  sözü  bu   olur: “Azərbaycan  zabiti  heç   vaxt  düşmənə  təslim   olmayacaq”.  

    Azərbaycan  Respublikasının  Prezdentinin   16.09.1994-cü  il  tarixli   fərmanı  ilə  ölümündən   sonra  ona  Azərbaycan   Milli  Qəhrəmanı  adı   verilib. Təltifi  Milli  Qəhrəmanın   anası  İbrahimova  Matəbə    Ümummilli  Lider,   Heydər  Əliyev   şəxsən  təqdim  etmişdir.   

Bakı  Şəhər  Şəhidlər  Xiyabanında   dəfn  edilmişdir.

Vaxtı  ilə  təhsil   aldığı  131  saylı   Tam  orta  məktəb   onun  adını  daşıyır.   Çilov adasında  abidəsi  ucaldılıb, onun  adına   xatirə  bağı  salınıb.   Haqqında  kitablar, məqalələr  yazılmışdır. 

 Qəsəbənin  keçmiş   Çaparidze  küçəsi  hazırda   həmyerlimiz  Rasim  İbrahimovun   adını  daşıyır.

Ailəli idi, 1 qızı, 1 oğlu var.

Oğlu İbrahimov Nizami  bu  gun   atasının  yolunu  davam   etdirir, hərbi  təyyarəçidir. Qızı  İbrahimova  İnarə   müəllimədir.

   R.S.  Məlumat   üçün  qeyd  edək   ki,  hal-hazırda  həmin   qəsəbənin  ərazi  nümayəndəsi   Rasimin  əmisi  nəvəsi   İbrahimov  İlham  Xəmməd   oğludur.


Milli Qəhrəman Səfa Fətulla oğlu Axundov


19 iyun 1958-ci ildə Masallı rayonunun Masallı şəhərində anadan olmuşdur. O vaxt atası Masallı polis şöbəsində çalışıb. 

Atası iş yerini dəyişdiyi üçün  İlk təhsilini Saatlı rayonunda almışdır, sonra ata yurdu Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. 

Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi uğurla bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.

Evli idi. Həyatda  iki oğlu yadigarı qalıb.

1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının Azərbaycanın torpaqlarını işğal etməsinə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin olunur.

1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket onun da idarə etdiyi helokopteri parçalayır. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak olur.

Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 

Cəlilabad şəhərinin mərkəzində onun büstü qoyulmuşdur.


Hazırladı: Ədalət Nemətov. “Tərəqqi” medallı







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10