Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ZÖVLƏ KƏNDİ


Zövlə Lənkəran rayonunun yaşayış məntəqələrindən biridir. Kənd Lənkəran şəhərindən 21 km şimal-qərbdə, Lənkəran – Boradigah şose yolunun üstündə yerləşir. Şərqdən Boladi, cənubdan Separadi, qərbdən Tükəvilə və Masallı rayonunun Rudəkənar, şimaldan isə həmin rayonun Mahmudavar (Mədo) kəndləri ilə həmsərhəddir.
   Zövlə kəndinin ərazisi 438 hektardır. Lənkəran qəzasının 1859-cu ilə dair kameral siyahıyaalınmasında burada 14 ev və 119 nəfər (kişi 67, qadın 52) əhali qeydə alınmışdır. Kənddə 1989-cu ildə 1738, 1999-cu ildə 2372, 2011-ci ildə 2474 nəfər yaşamışdır.   01 yanvar 2019-cu ilin  məlumatına görə Zövlə kəndində 3028 nəfər yaşayır.
    Zövlə Lənkəran rayonunun 93 yaşayış məntəqəsi sırasında əraziyə görə 26-cı, əhalinin sayına görə 20-ci  yerdə durur.
    Zövlə kəndinin əhalisi etnik tərkibinə görə talışdır. Yerli sakinlər kəndi Zəvilə adlandırır. Zövlə Zəvilənin Azərbaycan dilinə uyğunlaşdırılmış adıdır. Toponimlərlə bağlı müəyyən kitablarda Zövlə toponiminin (yer adının) talış dilində “zov/zöv”  sözündən yaranıb “dar dərə”, “kiçik dərə”, “yarğan” mənasında işləndiyi qeyd olunsa da, əslində bu heç də həqiqəti əks etdirmir. Çünki, talış dilində “dar dərə”, “kiçik dərə” zov/zöv yox, “tanqə də”, “qədə də” adlanır. Digər tərəfdən kənd elə bir coğrafi mövqedə yerləşir ki, orada yarğan yoxdur.

    Zövlə toponimi Zəvilə sözündən yaranmışdır. Talış dilində “zəvil –zevıl – zevel” – kömür deməkdir. “Ə” saiti isə burada istiqamət bildirir. Zəvilə/Zövlə talış dilindən Azərbaycan dilinə tərcümədə “kömür”, “kömürçülər” mənasında işlənir. 
    Kənd əhalisinin əsas məşğuliyyəti ilk əvvəl çəltikçilik və maldarlıq olmuşdur. Sovet dövründə (1920-1991) digər yerlərdə olduğu kimi burada da kollektiv təsərrüfat   - kolxoz/sovxoz yaradılmışdır. Təsərrüfat ilk əvvəl Orconikidze adına kolxoz adlanmışdır. Daha sonra Orconikidze kolxozu Boladi kəndindəki Nizami adına kolxozla birləşmiş və kənddəki təsərrüfat da Nizami kolxozu (Boladi, Zövlə kəndləri) adlandırılmışdır. 1965 -1989-cu illərdə isə təsərrüfat Kirov, daha sonra “Komsomolun 50 illiyi” sovxozu adlanmışdır. Kirov və “Komsomolun 50 illiyi” sovxozu Separadi, Zövlə və Tükəvilə kəndlərini əhatə etmişdir. “Komsomolun 50 illiyi” sovxozu respublikamızın ən iri çayçılıq təsərrüfatlarından biri sayılırdı. 1987-ci ildə sovxozun illik çay planı 2767 ton olmuşdur.
    Fikrimcə, xalq şairi Məmməd Arazın “bölgə yox, ölkə şairi” adlandırdığı tanınmış şair Şəkər Aslanın “Tarlada yazılmış şeir”inin ikinci bəndi burada yerinə düşür. 
                                      İlıqdır təbiət, təmizdir hava,
                                      Tarlalar xalçatək salınıb zövqlə.
                                      Bir xoş tamaşadır Vilvan, Havzava,
                                      Avrora, Haftonu, Boladı, Zövlə!...
    1989-cu ildə Zövlə kəndi “Komsomolun 50 illiyi” sovxozundan ayrılmış və burada ayrıca “Zövlə” sovxozu, daha sonra isə “Zövlə” istehsalat kooperativi yaradılmışdır. “Zövlə” sovxozu çayçılıq üzrə ixtisaslaşmışdır. Sovxozun 1989-cu ildə illik çay planı 967 ton, 1993-cü ildə isə 400 ton olmuşdur. 1997-ci ildə ölkədə həyata keçirilən Aqrar islahata görə kolxoz-sovxoz və kooperativlər ləğv edilmiş və onların mülkiyyətində olan torpaqlar pay bəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanmışdır. Kənd əhalisinin hazırda əsas məşğuliyyəti əkinçilik, sitrus meyvəçiliyi və maldarlıqdır.
   Zövlə kəndində sosial obyektlərdən tam orta məktəb, sənətkarlıq evi, kitabxana, tibb məntəqəsi, aptek, poçt, ATS,  məscid, stadion, şadlıq sarayı, bərbərxana, mağaza – dükanlar və digərləri vardır. Məktəb 1929-cu ildən ibtidai məktəb kimi fəaliyyətə başlamış, 1976-cı ildən tam orta məktəbdir. XIX əsrdə inşa olunmuş məscid  isə maraqlıdır ki, yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmamışdır. Dini abidələrimizdən olan Perizağa/Perazdağa ocağı Zövlə kəndində, Şiroba (Şirioba) məhəlləsində yerləşir.
    Kənddə icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Zövlə əvvəl Şağlaser, sonra Separadi kənd sovetliyinin (inzibati ərazi dairəsinin) tərkibində olmuşdur. Separadi kənd inzibati ərazi dairəsi Separadi kəndi mərkəz olmaqla Separadi, Tükəvilə və Zövlə kəndlərini əhatə etmişdir. 2001-ci ildə Zövlə kənd inzibati ərazi dairəsi yaradılmışdır. 
    2000-ci ilin yanvar ayından 9 üzvdən ibarət olan Zövlə bələdiyyəsi fəaliyyətə başlamışdır. Zövlə icra nümayəndəliyi və bələdiyyəsi tək Zövlə kəndini əhatə edir. 
   Zövlə kəndinin tanınmışlarına misal olaraq böyük din alimi, müctəhidlik məqamına yiyələnmiş, “Tahir” təxəllüsü ilə şeir və mərsiyələr yazmış Axund Molla Baba Tahir, ilahiyyatçı alimlər Molla Əliağa Axund, Hacı Amid Bağırov (Lənkəran şəhər Böyük Bazar məscidinin imamı),  Surac Məmmədov (Bakı şəhəri Ramana qəsəbə məscidinin imamı), Azər Həsənov (Zövlə kənd məscidinin imamı), Azərenerjinin sədr müavini işləmiş İdris Rzayev, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Musarza Əliyev, Lənkəran Dövlət Universitetinin baş müəllimi işləmiş Şahvələd Rzayev, şairlər Baloğlan Cəlil, İslam İslam, Qırmızı Aypara Cəmiyyətinin Lənkəran Regional Mərkəzinin sədri işləmiş Məmmədyar Əhədov, ədliyyə polkovnik-leytenantı Firudin Məmmədov, pedaqoq, ehtiyyatda olan kapitan, ictimai fəal Təzəxan Əsgərov,  Şirvan şəhər Apelyasiya Məhkəməsinin hakimi Kamil Bəşirov.   Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat kafedrasının müdiri, dosent Altay İsmayılov.   Siyasi iqtisadçı Kamil Bəşirov.   tanınmış neft mütəxəssisi Həsənağa Əliyev və digərlərini göstərmək olar.
                                                                                                  İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10