Lerik rayonu ərazisində çoxlu sayda ziyarətgah vardır. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Lerik rayonunda qeydə alınmış 173 tarix və mədəniyyət abidəsindən 24-ü ziyarətgahdır. Burada dövlət qeydiyyatına alınmış ziyarətgahlardan başqa kütləvi şəkildə ziyarət olunan, ətraf rayonlarda belə tanınan neçə-neçə ziyarətgah da vardır. Həmin ziyarətgahlardan biri də Əkkaşə ocağıdır. Ocaq rayonun Akuşəpeştə kəndində, qəbiristanlıqda yerləşir. Yerli sakinlər ocağı talış dilində Akşə və yaxud da Akuşə adlandırır. Ziyarətgah seyid, böyük alim və Məhəmməd peyğəmbərin (s.) əshabələrindən biri olmuş Əkkaşə ibn Möhsün Əsədin adı ilə bağlıdır.
Səidəli Kazımbəyoğlu 1869-cu ildə qələmə aldığı və Talış xanlığının tarixindən bəhs edən “Cavahirnameyi – Lənkəran” kitabında yazır: “Çayiçi Lənkəran (Talış xanlığının mahallarından biri olmuşdur – İ.Ş.) camaatının arasında gedən söhbətlərdən bəlli olur ki, seyyid və alim Əkkaşə ibn Möhsün Əsədinin pak məzarı Liqar adlanan bir yerdə yerləşir. Bu məkanda çıxan tarixi binaların qalıqlarından və meyvə ağaclarından bəlli olur ki, qədimdə böyük bir şəhər olmuş, lakin indi dağılaraq viran qalmışdır. Əkkaşə cənab, Həzrəti Rəsul səlləllahu əleyhi və alehin 407 əshabəsindən (əshabə peyğəmbəri görən və ona inam gətirən şəxs sayılır – İ.Ş.) biri olmuşdur. Belə ki, hicrətin yeddinci ilində Peyğəmbər səlləllahu Əleyhi və alehin zamanında Məlikül Əkbərin yerinə yetirilməsi çox vacib olan “Allah sizə çoxlu qənimətlər vəd edib Xeybər qalasını əzmlə fəth etsəniz, ona nail olarsınız” məzmunlu fərmanını verərkən 1400 nəfər sücaətli dilavərlərlə birlikdə Mədineyi Mübarəkədən cihad məqsədi ilə çıxmışlar. Əkkaşəni bu izin verilmiş addımı atanların ön sıralarında gedən bir rəhbər olmasını məsləhət bilmişdir. Mən yazıq bəndə də onun nurlu məzarının kəramətlərinin şahidi olmuşam. Belə ki, hicrətin 1245-1247-ci illərində (miladi 1830-1832) Lənkəran çayının (Vazəru – İ.Ş.) suyunun az olması və yağış yağması səbəbindən xalqın əkdiyi əkin sahələri yanırdı. Mən özüm də həmin dövrdə tarlaların müəyyən bir qismini nəzarətdə saxlamaqda idim. Vilayətin ağsaqqallarının məsləhəti ilə o cənabın mübarək məzarının üstündə qurbanlar kəsməyə və nəzirlər verməyə tələsdik və arzularımıza da çatdıq. Mən, hər iki dəfə nəzir və qurbanlardan sonra bəndələrinə kərəmlə yanaşan Tanrının yağış kəramət elədiyinin və bizi yağış və sudan biniyaz elədiyinin şahidi olmuşam ... Bizə bəlli olan budur ki, Əkkaşənin Rəşt vilayətində vəqf olunmuş torpaqları və həmçinin o ali rütbəli şəxsə mənsub məzar günbəzi də vardır, lakin bu məzar qübbəsinin Əkkaşəyə mənsub olması tarixi sənədlərə ziddir ... Əkkaşə əleyhirrəhimə haqqında yazılan sənədlərdə dəfələrlə qeyd olunmuşdur ki, O, Liqardandır. Dövrün tarixçi alimləri öz əsərlərində onun Liqar qəsəbəsində olmasını və orada şöhrət qazanmasını qeyd edirlər” (“Səidiyyə”. B., 2005, səh. 76)
“Qədim Həmat tarixdə” (Həmat Lerik rayonunun Hamarat kəndinin talış dilində olan adıdır) kitabında indiki Akuşəpeştə kəndinin və ona yaxın olan ərazilərin qədimdə Həmat (Hamarat), sonralar isə Ləko (Ləkər/Likar/Liqar) şəhərlərinə daxil olduğunu oxuyuruq (Vuqar Mirzəzodə, Rəzzaq Xansıvo. B., 2015, səh. 250).
Göründüyü kimi Əkkaşə ibn Möhsün Əsəd kəramətli seyid və peyğəmbərin əshabələrindən olduğu üçün qəbri ziyarətgaha çevrilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra Lənkəran rayonunun Sütəmurdov kənd sakini əslən akuşəpeştəli Baloğlan Miri oğlu (dərzi Baloğlan) tərəfindən Əkkaşənin qəbri üzərində məqbərə tikilmişdir. Məqbərənin divar hörgüsündə mişar daşı, qırmızı və ağ kərpicdən istifadə edilmişdir. Bünövrəsi mişar daşından hörülmüşdür. Əkkaşə ocağı əsasən yerli ətraf yaşayış məntəqələrin sakinləri tərəfindən ziyarət olunur.
İldırım ŞÜKÜRZADƏ Lənkəran ray.-nun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
P.S. 1. Salyan rayonundakı Ağquşa çayının Əkkaşə ilə əlaqəli olması ilə bağlı mülahizələr də vardır. Ağquşa Kür çayının 22 qolundan biri olub, 63 km uzunluğundadır. Sovet dönəmində çayın adı Akkuşa kimi qeyd olunurdu. Coğrafiyaçı, şair Firdovsi Sarvanlı özünün “Karvan Sarvandan keçir” kitabında (Sarvan Salyan rayonunda kənd adıdır) Ağquşa (Akkuşa) çayının etimologiyası ilə bağlı geniş məlumat verərək Ağquşanı “ağ quşların vətəni” kimi izah etmiş və onun rus dilində tərtib olunmuş xəritələrdə Akkuşa şəklində yazıldığını qeyd etmişdir (B., 2009, səh. 120).
Qeyd edək ki, Səidəli Kazımbəyoğlu “Cavahirnameyi-Lənkəran” (“Səidiyyə”) kitabında çayın adını Ağqoşa kimi yazmışdır.
2. Masallı rayonunun Köhnə Alvadı kəndində “Ağquş” bulağı və su anbarı olmuşdur.