Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yaşamağın xəcaləti... - ÇİNGİZ ÖZGÜRÜN YAZISI


(SEVİMLİ MÜƏLLİMİM YÜSİF MURADOVA AĞI ƏVƏZİ)

Siz tərəflərdə bilmirəm necədi. Amma bizdə qəribə xəcalətlər var. O qəribə xəcalətləri çəkən qəribə adamlar var. O qəribə adamların qəribə -qəribə işləri var.
Biz tərəflərdə də, elə siz tərəflərdə də məşhur söz var: “Xəcalətli düşmənin olsun!” Amma heç vaxt düşmənin xəcalət çəkdiyini görmədik, eşitmədik. Xəcalət çəkən elə dost oldu, yaxın oldu, qohum oldu...

Biz tərəflərdə gənc dostun, yoldaşın qəfil ölümündən heç bir günah sahibi olmasa belə, bütün gənclər, tay-tuşları xəcalətli görünər ölənin valideyini qarşısında. Üz-üzə gəlməməkçün yolların dəyişərlər, onlar olan məclislərdə-toylarda oynamazlar, şənlənməzlər... Xəcalət çəkərlər...

Bizlərdə toy mövsümü cəmi iki-üç aydı. O ayları bütün ili gözləyər uşaq evləndirən, qız köçürən ailələr. O aylarda, toylar yaxınlaşanda qəfil rəhmətə gedən olanda, ölənin qohum-əqrabası “xəcalət çəkər”, öz ölüsünü qoyub, elin toyunu düşünər...

Bunları gözümnən görmüşəm, özümnən yaşamışam. Gah “xəcalət çəkən” tərəf olmuşam, gah da çəkilən tərəf...
 
Yüsif müəllim- dağ kəndində orta məktəbdə rus dili müəllimi! Biz ondan nə öyrənəcəkdik ki? İmperiyanın dağılhadağılında rus dili dərsi deyən müəllimdən nə öyrənmək olar e??? Nəyimizə lazım idi onun dedikləri? Nəyimizə lazım idi ye???
 
Yüsif müəllim - dağ kəndinin dağ kimi vüqarlı, qeyrətli, namuslu, əməksevər müəllimi! Biz ondan daha nə öyrənəcəkdik ki? Duruşuğu, insanlığı, kişiliyi öyrənməkçün ən böyük məktəb elə özü idi. Sədaqəti, düzlüyü, mənəviyyatı həyatı ilə öyrədirdi. Sərt, ağır xarakterinin arxasındakı yumşaq ürəyini görməməkçün gərək kor olaydın! Az danışığının arxasındakı böyük mətləbi anlamamaqçün ən avam adam olmalıydın! Çox çətin gülümsəyən sifətinin ardındakı yumor hissini duymamaq imkansız idi!
 
Bəxtimdən həm müəllimim, həm də qısa müəllimlik dönəmimdə iş yoldaşım olmuşdu! Üstəgəl məni onla ən yaxın dostum, sinif, tələbəlik, otaq, iş yoldaşım olan Xencan boyda dəyər birləşdirirdi. O mənim xətrimi çox istəyirdi, mən də onun! Kənddə Yüsif müəllimlə zarafat edə biləcək tək-tük adamlardan idim. Ta ki, müəllim hirslənib “Ə Çingiz, rədd ol...” deyənə kimi zarafat edərdim, orda dayanardım...

Sonlardan bir dəfə aeroportda görüşdük. Xəncan Onu, mən də bir qohumu yola salırdıq, kəndə. Möhkəm qucaqlaşdıq... Ayrılanda gözlərinə sataşdı gözlərim, nəyi var dolmuşdu. Mən də doluxsunub kənara çəkilirəm, nəsə işim varmış kimi. Mən o gözləri, dağ boyda kişinin ağlamağını, o göz yaşının səbəbini yaxşı bilirəm...
Daha sonra Xəncanı görəndə, tam dəqiqləşdirməkçün soruşuram
- Doxtur, məllim o gün niyə ağladı?
- Eşşş, ay qada...
Xəncan da dolur. Sonra həmişəki o yavaş halıyla kəlmə-kəlmə tökülür:
- Məllim dedi ki, Çingizi görəndə yaşamağımdan xəcalət çəkirəm. Onun atası gör mənnən neçə yaş balacaydı. O rəhmətə gedib, mənsə hələ də yaşıyıram...
Gözlərimizin yaşını silə-silə gülürük...
Müəllim yenə öyrədirdi...
Dünən Yüsif müəllimin dünyasını dəyişmək xəbərini aldım. Bu gün Xəncanla danışanda bircə kəlmə dedi: “Daha xəcalət çəkmiyəcək atam...”

Yerin cənnət olsun, gözəl insan! Sən bu dünyada xəcalət çəkəcək heç bir əməl yaşamayan tək-tük insanlardansan! Bu dünyanı dərk edən, dərk etdirən, öyrədən kişi - ruhun şad olsun! Əbədi dünyan mübarək, Yüsif müəllim!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10