Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı - Qapısına 3 dəfə şəhid xəbəri gələn, dünyaya gəlməmiş məzarı qazılan, əmisinin qəbrində yatan şəhid



  • Mən dərdimin aşiqiyəm. Çünki dərdimdə şəhid ucalığı var. Şəhid ucalığı olan dərd isə adamı sarsıtmır, daha qürurlu, daha da  nurlu, daha inamlı edir.

Bu nisgilli və şairanə sözlər 2 şəhid anası Ziba xanım Əsgərovaya məxsusdur. Elə yanıqlı,   şahanə danışır ki, sanki romantik bir qəhrəmanlıq filminə baxırsan.

... Allah bu ailəyə gözəl övlad payı vermişdi - 2 qız, 2 oğul. Bu dörd uşağın hər birinin özünə məxsus gözəl keyfiyyətləri var idi. Amma hamısının birləşdirən  sonsuz vətən eşqi idi.

Ziba Əsgərova 1969- cu ildə Lerik rayonunun  Kaqoy kəndində anadan olub. Özü də 9 may qələbə günündə. Qələbə günü şərəfinə adını, 2-ci Vətən müharibəsinin azərbaycanlı xanım qəhrəmanı, məşhur snayperçi  Ziba Qəniyevanın şərəfinə Ziba qoyublar. 

Ziba xanım:-Böyüdükcə, adımın mənasını bildikcə o ada layiq olmaq istəyirdim. Məktəbdəki hərbi dərslərə qızlar az qatılsa da, hələ uşaq vaxtı avtomatı oğlanlardan tez və ustalıqla açıb-yığırdım. Vallah valideynlər icazə versə idi, elə hərbiçi olardım.

“Uşaqları Xocalı faciəsini, Şuşa faciəsini nağıl kimi danışmışam”


... Ən çox müharibə, döyüş filmlərinə baxmışam. Uşaqlarıma “Çırtdan” nağılı əvəzinə Xocalı faciəsini, Şuşa faciəsini... nağıllar çevirib danışmışam. Sonralar uşaqlar yaşa dolanda isə əlavə etmişəm ki, əziz balalarım, bunlar nağıl deyil, doğma vətənimizin başına gələn faciələr, sitəmlər, müsibətlərdir. Ən çox baxdıqları film isə 300 spartalı idi. Ona görə övladlarım vətən eşqi ilə aşıb-coşurdu. Nəinki, oğlanlarım, hətta qızlarım, xüsusən  Səfurə qızım hərbiçi olmaq, düşməni torpaqlarımızdan qovmaq üçün hər fədakarlığa hazır idi. 


 Şəhid balamın elə adı da əməllərinə uyğun idi –İntiqam


Övladlarımın hamısı namaz qılır, Quran oxuyur, oruc tutur. Şəhid balalarım Hüseyn aşiqləri idi. Elə Hüseyn kimi də cəsarət göstərib, onun kimi şəhid oldular.

“Nurlan qardaşı İntiqamın qolların arasında can verdi”

Müəllifdən. Masallının keçmiş Kalinovka, indi Viləş kəndində anadan olan Şəhid qardaşların anadan olduqları illər arasında 5 il fərq olsa da, ölümləri arasında fərq 4 il oldu. Həddi - buluğa çatan kimi hər iki qardaş əvvəl İntiqam, sonra Nurlan hərbi xidmətə, döyüş bölgəsinə yolandılar. Murovdağın ən uca yüksəkliklərində xidmət edib. Xüsusi təyinatlı idi.  Elimizin qəhrəman oğlanları – general Hikmət Mirzəyevlə, polkovnik, masallılı Ramiz Cəfərovla çiyin-çiyinə vuruşurdular. İntiqam Türkiyədə peşəkar kəşfiyyatçı kursu keçmişdi. Bir neçə dil bilirdi. 2016-cı ildə, Talış kəndi uğrunda gedən döyüşlərdə iki qardaş –İntiqam və Nurlan eyni sırada, bir-birindən 5-6 metr aralıda vuruşurdu. İntiqam sonralar danışırdı ki, silahlardan, xüsusən ağır artilleriyadan sanki başımız üstündə alov şölələnirdi. Bütün əsgərlər kimi qardaşlar da ölümün gözünə dik baxa-baxa, ölüm qorxusu bilmədən döyüşürdü. Belə məqamda İntiqamın gözü qarşısında qardaşı Nurlanı və bir neçə döyüş yoldaşını  vurdular. Onlardan 3-ü öldü, 2-si yaralandı. Yarallıları və şəhid olanları  atəş altından çıxarın İntiqam sonuncu şəhid olan kiçik qardaşını çıxarıb. 

2016-cı il, aprelin 3-də qardaşını kənd qəbiristanlığında dəfn etdikdən  sonra yenidən döyüş meydanına qayıtdı.

Onu da xatırladaq ki, aprel döyüşlərində bayrağımızı Lələtəpəyə sancan bir neçə nəfərdən biri İntiqam olub.

27 il şəhid, sonra sağ olduğu xəbər gələn əmisi üçün qazılan  qəbirdə dəfn edildi


Atası Bayram kişi: -Bu ailəyə gələn ilk şəhid xəbəri   1993-ci ildə olub. Belə ki, həmin vaxtlar döyüş bölgəsində xidmət edən İntiqamın əmisi Polad kəndə ölüm xəbəri gəlib. Daha sonra şəhidin meyidi gəlib. Hüzrün 3-cü günü bəlli olub ki, Polad ölməyib,  yaralıdır. (O hazırda da sağdır).  Dəfn olunan isə Quba rayonundan olan, Əflatiun adlı şəxsdir. Lakin hüzr çadırı sökülmür. “Şəhid şəhiddir” deyib, 7 gün ehsan verirlər. Cənazə isə bir neçə həftə sonra qəbirdən çıxarılaraq Qubaya aparılıb.

Həmin vaxt aprel şəhidi olan Nurlan oğlum hələ dünyaya gəlməmişdi. Amma tale elə gətirdi ki, Nurlanı  şəhid xəbəri yalan çıxan əmisinin  27 il boş qalan qəbrində dəfn etdilər.

Nurlanın müsibəti təzə-təzə qaysaq bağlayırdı

Xeyirlə şər qardaşdır deyib, 2 il öncə İntiqama toy etdik. Hazırda bir qızı var. Şəhid qardaşı Nurlanı xatırlatsın deyə adını Nur qoydular. Onun həyat yoldaşı yenə övlad gözləyir. İki igid övladını şəhid verən ailə həkimlərin bildirdiyinə görə oğul övladı gözləyir. Adın də dəqiqləşdiriblər, adın atasının adın-İntiqam qoyacaqlar.

Ziba xanım daha nələr dedi?

Ziba xanım:- İntiqama Qurana ad verirdinsə, hər günahı olsa, boynuna alırdı. 4 yaşından idmanla məşğul olurdu. Dini, imanı, Vətən sevgisi, idman sevgisi... bir-birini tamamlayırdı. Bizə baş çəkən döyüş yoldaşları onun igidliklərindən az qala film kimi hadisələr danışır. Lakin mətbuata çıxmasına məsləhət bilmirlər. İntiqam xüsusi təyinatlı kimi Fizulidən Şuşaya qədər döyüş keçdi. Şuşanın qələbəsini tam dadmamış, noyabrın 9-da düşmən gülləsinə tuş gəldi. “Vətən uğrunda”, “Şuşanın alınmasına görə” və digər təltifləri olub.


Evin bir otağın oğlanların xətrinə Şəhid otağı etmişik


Onun xatirəsi ilə bağlı nə var təbərik kimi qoruyuruq – şəkilləri, ordenləri medalları.

Bir necə gün öncə İcra başçısı da gəlmişdi. Söz verdi ki, şəhərin ən abad küçələrindən birinə şəhid balalarımın adı veriləcək.

Hər iki oğlumu itirməyim daim məni didib-dağıtsa da, təsəllim odur ki, 100, 1000 oğlum var

Beləcə 2 şəhid vermiş ailə ilə söhbətimiz başa çatdı. Şəhid ailəsinin məğrurluğu bizi daha da qürurlandırdı. Həyat isə davam edir.

Qeyd: Ailə ilə görüş zamanı bizimlə birgə. olan “Könüllü Yardım Cəmiyyəti”nin Masallı təmsilçisi Kamral bəy vəd verdi ki, ailənin arzusuna uyğun olaraq onların başında 20 metrlik bayraq ucaldacaq.

Zahir Əmənov. Cenub.az.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10