SSRİ-nin siyasi elitasında onu hamı tanıyıb, mötəbər siyasi tədbirlərdə ona fəxri kürsüdə yer ayırıblar. Valentina Qolubeva Siyasi Büro üzvlərinin ən sevimli qadınına çevrilib. Leonid İliç Brejnev, Nikolay Podqornı, Aleksey Kosıgin və digər yüksək çinli məmurlar ona böyük sevgi və hörmətlə yanaşıblar. Hətta həmişə ciddi görünən Mixail Suslov, nadir hallarda gülümsəyən Andrey Qromıko da Valentina Qolubeva ilə görüşlərdə çox şən, gülərüz və zarafatcıl görünüblər. Bir sözlə, şimaldan gələn adi bir əyalət qızı özünü çox qısa bir müddətdə hamıya sevdirə bilib.
Valentina Qolubeva 1949-cu ildə Novosibirskdə anadan olub. Valideynlərinin hər ikisi tibb sahəsində işləyib, atası feldşer, anası tibb bacısı olub. Valentina kiçik yaşlarında olanda ailə Bryansk vilayətinə köçüb. Valentina orta təhsilini də Braynskda alıb. Orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində toxuculuq peşəsinə yiyələnib. Daha sonra İvanovo şəhərində Frunze adına Tekstil İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə İvanovoda, toxuculuq kombinatında başlayan Valentina Qolubeva çox qısa müddt ərzində istehsalatda ən yüksək göstəricilərə nail olub. O, həmcinin ictimai fəal kimi də tanınıb.
Qazandığı əmək uğurları Qolubevanı günbəgün məşhurlaşdırıb. Mərkəzi qəzetlər onun haqqında yazıb, televiziya onun haqqında verlişlər çəkib.
Kremlin diqqət mərkəzində olan Qolubeva Brejnevin təşəbbüsü ilə Mərkəzi Komitənin üzvü olub, deputat seçilib. Kommunist Partiyasının üzvü kimi xarici ölkələrə çoxsaylı səfərlərə göndərilib, o, bu səfərlərdə SSRİ-ni təmsil edib.
Mərkəzi Komitə heç bir mükafatı Qolubevadan əsirgəməyib. İki dəfə Sosialist Əməyi Qəhrəmanı, iki “Lenin” ordeni, SSRİ Dövlət mükafatı, Lenin komsomolu mükafatı, çoxsaylı orden və medallarla Valentina Qolubeva gənc yaşlarında təltif olunub.
SSRİ-nin əlamətdar günləri ilə bağlı tədbirlərdə, qurultaylarda Valentina Qolubevanın çıxış edənlər siyahısına salınması mütləq sayılıb.
Xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələri SSRİ-də ezamiyyətdə olanda Qolubeva ilə görüşməyə, onun haqqında məqalə yazmağa həmişə vaxt ayırıblar. Bununla da onun adı xarici mətbuatda da mütəmadi görünüb.
Bütün bu uğurlarla yanaşı ordenli-medallı sovet qadınının fəaliyyəti qalmaqalsız da ötüşməyib.
1980-ci ilin əvvəllərində Parisdə keçiriləcək Fransa Kommunist Partiyasının qurultayında iştirak edən SSRİ nümayəndə heyətinin tərkibinə Valentina Qolubeva da salınıb. Nümayəndə heyətinə Konstantin Çernenko rəhbərlik edib. Heyət Parisə çatanda nümayəndə heyətinin üzvlərini SSRİ səfirliyinin binasında yerləşdiriblər. İstisna olaraq yalnız Qolubeva üçün Parisin beş ulduzlu otellərinin birində “lüks” nömrə ayrılıb. Yəqin ki, onun nümayəndə heyəti arasında yeganə qadın olduğu üçün bu seçim edilib.
Səfərin ikinci günü səhər tezden yuxudan ayılan toxucu-deputat çarpayının yanındakı dolabın üstündəki düyməni basıb. Sonralar özünün söylədiyinə görə o, bunu sırf maraq xətrinə edib. SSRİ mehmanxanalarında hər hansı bir çağırış üçün ağır telefonlardan başqa heç nə görməyən Qolubevaya bu incə düymə çox maraqlı görünüb. Düyməni basdıqdan sonra iki-üç dəqiqə keçmiş qapı döyülüb və içəri cüssəli qaradərili bir oğlan daxil olub. Bu təşrif paltarlarını hələ tam geyinməmiş Qolubevanı təşvişə salıb. Qaradərili oğlan fransız dilində çox böyük nəzakətlə salamlaşdıqdan sonra fransız dilində nəsə soruşub. Amma toxucu-deputat sualı anlamayıb. Nəhayət, aydınlıq gətirmək üçün qaradərili oğlan əlini yatağa uzadıb. Bu işarədən sonra yarı geyimli, yarıçılpaq Qolubeva nömrədən çıxaraq dəhlizə qaçıb. Ona elə gəlib ki, qaradərili oğlan onunla yataqda yatmağa işarə edir.
Oteldə səs-küy yaranıb. Xüsusilə də səs-küy yaradanın SSRİ-dən olduğu aydınlaşanda məsələyə otel rəhbərliyi qarışıb. Qolubevanın otelin qarşısında gözləyən tərcüməçisi içəri dəvət olunub. O diqqətlə kommunist qadını dinləyib və otel rəhbərliyinə tərcümə edib:
“Xanım Qolubeva elə zənn edib ki, otel xidmətçisi ona intim təklif edir. O, bu hərkəti qətiyyətlə pisləyir və bildirir ki, yəqin düyməni iki dəfə basdıqda ağdərili oğlan intim xidmətinə gələcəkdi...”
Bu fikir otel rəhbərliyinin qəhqəhəli gülüşünə səbəb olub və tərcüməçi vasitəsi ilə məsələni Qolubevaya izah ediblər:
“Nömrələrdəki bu xüsusi aparatın düyməsini bir dəfə basdıqda o deməkdir ki, qonaq yataq dəstinin dəyişdirilməsini istəyir, iki dəfə basdıqda isə restoran servislərindən istifadə etmək arzusu bildirilir. Bəli, düyməni iki dəfə basacağınız halda ağdərili oğlan təşrif buyuracaqdı və sizin istəklərinizi dinləyəcəkdi...”
Beləliklə, qalmaqal gülüş və zarafatlarla sona çatıb. Amma Fransa mətbuatı sovet qadınının “məhdud” düşüncəsini yazmaqdan çəkinməyib, fransalı oxucular qəzetlərdəki “Paris otelində sovet qalmaqalı” məqaləsini həvəslə oxuyublar.
Qolubeva ilə bağlı daha bir qalmaqal onun haqqında 1979-cu ildə çəkilmiş sənədli filmlə bağlı olub. 46 dəqiqəlik “Mənim anam qəhrəmandır” filmi İvanovo vilayət partiya komitəsinin birinci katibinin təkidi ilə nümayişə buraxılmayıb. Filmdə Qolubevanın əmək fəaliyyəti və ailəsinin yaşayış tərzi öz əksini tapıb. Xoşa gəlməyən məqam o olub ki, Qolubeva eyni vaxtda 10 dəzgahda işləyir, evə yorğun gəlir, ailəsinə vaxt ayırmır. Ailə üzvləri isə səliqəsiz mətbəxdə özlərinə şam yeməyi hazırlayırlar. Vilayətin partiya rəhbərliyi bu səhnəni sovet zəhmətkeşinin əməyinin düzgün işıqlandırılmaması kimi dəyərləndirib. Məsləhət görülüb ki, belə filmlərdə zəhmətkeşlərin sanatoriya və istirahət evlərindəki istirahətini, onlara verilən işıqlı mənzilləri, avtomobilləri gösrətmək daha məqbul olar. Qolubeva filmin nümayişə buraxılmamasına etirazını bildirsə də, heç bir nəticə olmayıb. Film yalnız 10 ildən sonra televiziya ilə nümayiş olunub.
Valentina Qolubeva hazırda İvanovoda toxuculuq kombinatının sahibidir. Boris Yeltsinin köməyi ilə o, bu böyük müəssisəni özəlləşdirib. Yenə də əvvəlki kimi fəaldır və Kremllə əlaqələri yenə də mövcuddur. Hətta Rusiya Federasiyasının prezidenti Vladimir Putin İvanovo vilayətinin ictimai fəalları ilə görüşündə Qolubevanın İvanovo şəhərinə “qəhrəman əmək şəhəri” adının verilməsi təklifini dəstəkləyib.
İlham Cəmiloğlu, Musavat.com