Miyankü Masallı rayonunun yaşayış məntəqələrindən biridir.
Kənd Masallı şəhərindən 20 km cənub-qərbdə yerləşir. Kubin, Nəzəroba, Mahmudavar, Hişkədərə və Mişkəmi kəndləri ilə həmsərhəddir.
Ərazisi 367 hektardır. Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınmasında Miyankü kəndi haqqında statistik məlumat ayrıca yox, Biyabunan, Vərsəmon və Məmmədoba kəndləri ilə birlikdə verilmişdir. Həmin siyahıyaalınmada Miyankü, Biyabunan, Vərsəmon və Məmmədoba kəndlərində göstərilən tarixdə (1859-cu ildə) evlərin ümumi sayı 90, əhalinin sayı 622 nəfər (kişi 341, qadın 281) olmaqla, 1 məscid də qeydə alınmışdır.
Son siyahıalmalara görə 2009-cu ildə Miyankü kəndində 1350 nəfər yaşamışdır. Hazırda Miyankü kəndində 1500 nəfərdən çox əhali yaşayır.
Miyankü sözünün mənası
Miyankü talış dilində Miyonku adlanır. Toponim talış dilində “miyon” – orta, mərkəz və “ku” – dağ sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “dağarası” mənasını verir.
Miyankü Miyonkunun təhrifə uğramış adıdır. Qeyd edək ki, müstəqilliyimizə qədər kəndin adı rəsmən Miyanku olmuşdur. Həmin ərəfədə toponimlərimizlə bağlı “erməni ovuna” çıxanlar həqiqətə varıb-varmadan “yan” komponenti ilə bitən və ya tərkibində “yan” olan toponimləri erməni mənşəli toponim hesab edib, onları ya dəyişdirir, ya da həmin toponimlərə müvafiq hərflərlə əvəz etmişlər. Miyanku də belə toponimlər sırasına daxil edilmiş və toponimin adındakı sonuncu “u” hərfi heç bir əsas olmadan “ü” hərfi ilə əvəz edilmişdir. Halbuki, Miyonku adında “yan” komponenti yoxdur, burada “yon” ifadəsi var və o “mi” sözü ilə birgə işlənməklə talış dilində “mərkəz”, “orta”, “ara” mənasını verir. Yaxşı olardı ki, toponimin adında hərf dəyişikliyi yox, toponimin əsil adı, yəni Miyonku rəsmiləşdiriləydi.
Miyonkunun fars variantı Miyankuhdur. Yəni, Miyonku və ya Miyankuh hər iki dildə eyni mənanı bildirir. Sosial şəbəkədə Miyankü (Miyonku) kəndinin keçmiş adı Ambaran kimi qeyd olunsa da, əslində bu heç də inandırıcı deyildir. Çünki əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınmasında Miyankü və Ambaran ayrı-ayrı kəndlər kimi qeyd olunmuşdur.
Kəndin tarixinə bir nəzər
Miyankü Masallının qədim tarixə malik kəndlərindən biridir. Burada olan “Tıbərəğ” və “Çılqəzon”qəbiristanlıqları, “Yonqəsığ”, daş abidəsi, daş qoç fiqurları, “Yoləğələ” və “Qədəğələ” adlı qalalar kəndin tarixi keçmişindən soraq verir. Maraqlıdır ki, Masallı rayonunda rəsmi olaraq qeydə alınmış tarix və mədəniyyət abidələri sırasında Miyankü kəndində yerləşən abidələrin heç birinə rast gəlinmir.
Miyankü xanlıqlar dövründə
Miyankü xanlıqlar dövründə Talış xanlığının Uluf mahalının, qəzalar dövründə isə Lənkəran qəzasının əvvəl Ərkivan nahiyyəsinin, sonra isə Boradigah dairəsinin tərkibində olmuşdur. Talış xanlığından bəhs edən “Cavahirnameyi – Lənkəran” (Səidəli Kazımbəyoğlu, 1869) və “Əxbarnamə” (Mirzə Əhməd Mirzə Xudaverdioğlu, 1883) kitablarında və eyni zamanda Musarza Mirzəyevin “Mənim Masallım” kitabında (B., 1991) kənd haqqında ətraflı məlumat verilmişdir. 2004-cü ildə isə kənd haqqında ayrıca kitab yazılmışdır. Müəllifi Xudaqulu Tahirov olan “Miyankü dünən və bu gün” kitabında Miyankü və miyankülülərdən bəhs olunur.
Kəndin təsərrüfat həyatı - erməni adına daşıyan sovxoz
Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. İlk olaraq bölgənin digər kəndləri kimi burada da çəltikçilik (düyü əkmək) əsas məşğuliyyət sayılmışdır. Sovet dönəmində Miyanküdə də kollektiv təsərrüfat (kolxoz, sovxoz) yaradılmış və təsərrüfat Azərbaycan xalqının düşmənlərindən sayılan Stepan Şaumyanın adını daşımışdır. S.Şaumyan sovxozu Miyankü, Hişkədərə, Kubin, Mişkəmi və Nəzəroba kəndlərini əhatə etmişdir.
Sovxozun inzibati binası Hişkədərə (Hışkədə) kəndində yerləşmişdir. Sovxoz çayçılıq üzrə ixtisaslaşmışdır. 1997-ci ildə həyata keçirilən Aqrar islahatın nəticəsi olaraq kolxoz və sovxozlar, istehsalat kooperativləri ləğv edilmiş, onların balansında olan torpaqlar payı bəlli torpaq sahəsi kimi pulsuz olaraq kəndlilərə paylanmışdır.
Kənddə sosial obyektlərdən tam orta məktəb, kitabxana, ATS, poçt, tibb məntəqəsi, məscid, mağaza – dükanlar, bərbərxana və digərləri vardır. Burada Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə abidə ucaldılmışdır.
Miyankü kəndində inzibati - ərazi dairəsi və bələdiyyə fəaliyyət göstərir. Miyankü kəndi əvvəl Hişkədərə kənd sovetliyinin (inzibati ərazi dairəsinin) tərkibində olmuşdur. 90-cı illərin sonunda Miyankü kənd inzibati ərazi dairəsi Miyankü mərkəz olmaqla Miyankü, Kubin və Nəzəroba kəndlərini əhatə edir. Miyankü inzibati ərazi dairəsinin ümumi sahəsi 703 hektardır.
Miyankü bələdiyyəsi 2000-ci ilin yanvar ayında yaradılmışdır. 2010-cu ildə isə Kubin və Nəzəroba bələdiyyələri də kiçik bələdiyyələr kimi ləğv edilərək Miyankü bələdiyyəsinə birləşdirilmişdir. Miyankü inzibati ərazi dairəsi kimi Miyankü bələdiyyəsi də Miyankü mərkəz olmaqla Miyankü, Kubin və Nəzəroba kəndlərini birləşdirir.
Miyankü öz ziyalıları ilə də tanınan yaşayış məntəqələrimizdən biridir. Kəndin tanınmışlarına misal olaraq dünyanın məşhur iş adamlarından biri, “Palmali” Şirkətlər Qrupunun prezidenti, xeyriyyəçi Mübariz Mənsimov, filologiya üzrə fəlsəfə doktoru İlham Tahirov, texnika üzrə fəlsəfə doktoru Fətulla Nəzərov, Masallı RMX PHŞ-in direktoru, əməkdar həkim Cəlil Nəzərov, sərhəd xidməti polkovniki Elşən Rəhmanov, din xadimləri Molla Şeyx Şaban Axund, Molla Xəlil, “Dənizçi” qəzetinin baş redaktoru Rasif Tahirov və digərlərini göstərmək olar.
İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi