Talış diyarı Şirvan bəylərbəyinin mahalı kimi
Musa xan müstəqil hakim kimi
Mərkəz Qızılağacdan Astaraya köçür
Rusların Musa xan sevgisi
Musa xanın tikdiyi qalalar, Nadir şaha əymək istəməyən xan
İndiki Masallı şəhəri və Musa xan
“Masallı” coğrafi adı ilə bağlı ehtimallar
Nadir şahın Musa xanı və qohumlarını həbs etməsi
--------------------------------------------------
Masallı tarixinin müəyyən dövrü Musa xanın adı ilə bağlıdır.
Əslən Qızılağac kəndindən olan Musa xan öz zamanının bacarıqlı dövlət xadimi, uzaqgörən siyasətçisi olmuşdur. O, Talış xanlığının yaradıcısı olmuşdur. Bu xanlıq 18-ci yüzilliyin başlanğıcından mövcud idi. Həmin dövrdə bu xanlıq hələ kiçik sahəni tuturdu və tam müstəqil deyildi. Xanlığın banisi olmuş Musa xan bu vəzifəyə rus çarı tərəfindən təyin olunmuşdu. Görkəmli Azərbaycan tarixçisi A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır kı, həmin dövrdə Astara xanlıq mərkəzi olan Talış xanlığı adlanırdı və hakimi Talış xanı Musa xan idi.
Talış diyarı Şirvan bəylərbəyinin mahalı kimi
XVI əsrin əvvələrində Talış diyarı Səfəvilər dövlətinin tərkibinə daxil idi. Ərazi Şirvan bəylərbəyliyinin mahalı statusunda idi. İdarəetmə işləri ayrı-ayrı feodalların ixtiyarına verilmişdi. Diyarda sonrakl illərdə əsasən Məhəmmədhüseyn xan, Musa xan və Əmir Aqis xan kimi iri feodallar hakimlik edirdilər. Bu xanlar arasında rəqabət müharibələrə gətirib çıxarırdı.
XVII əsrin II yarısından başlayaraq Səfəvilər dövlətinin tənəzzülü sürətləndi. Bu, hər şeydən əvvəl vergilərin hədsiz artması nəticəsində əhalinin amansız istismarında və feodalların hakimiyyət uğrunda apardıqları mübarizəsində özünü daha aydın göstərməkdə idi. Səfəvilər dövlətinin digər əyalətlərində olduğu kimi, Muğanda və Talışda da əhalının vəziyyəti xeyli pis idi. Belə bir vaxtda Qərbi Avropa dövlətləri, həmçinin Rusiya və Osmanlı dövlətləri Azərbaycan torpaqları uğrunda mübarizəyə başladılar.
Musa xan müstəqil hakim kimi
Rusiya imperatoru I Pyotr 1722-ci ildə Xəzərsahili əraziləri işğal etmək üçün hərbi müdaxilə etdi. Qarışıqlıqdan istifadə edən yerli feodallardan Əmir Aqis Lənkəranda, Məhəmmədhüseyn Astarada, Musa xan isə Qızılağacda özlərini müstəqil hakim elan edirlər.
Mərkəz Qızılağacdan Astaraya köçür
1725-ci ildə Musa xan çoxsaylı qoşunla Lənkərana və Astaraya hücum çəkib öz rəqiblərini məğlub edir və onları zindana saldırır. O, Talış əyalətinə tam nəzarət etmək üçün 1727-ci ildə mərkəzi Qızılağacdan Astaraya köçürür.
Musa xan mərkəzi Astara olan Talış xanlığının yaranmasını elan edir. Qeyd edək kı, Musa xan öz hakimiyyətini qoruyub saxlamaq üçün həm Rusiyanın və həm də Səfəvilərin hakimiyyətini müdafıə edirdi.
Rusların Musa xan sevgisi
Xəzərsahili vilayətləri işğal etmiş Rusiya Musa xanı öz tərəfinə çəkməyə çalışır, yerlərdə əmin-amanlıq yaradırdı. Rusiya bu diyarı tərkibində saxlamaq üçün Musa xana xüsusi idarəçilik hüququ vermiş və bu hüququ qanunıləşdirmişdir.
Musa xan bundan istifadə edib hakimiyyətə gələndən sonra vilayəti iqtisadi cəhətdən xeyli möhkəmləndirdi. Sənətkarlıq və ticarət inkişaf etdi. I Pyotr əyalətdə bir sıra hərbi-stratejı əhəmiyyətə malik qalaların tikintisinə sərəncam vermişdi.
Musa xanın tikdiyi qalalar, Nadir şaha əymək istəməyən xan
Belə qalalardan biri Qızılağacda, digəri isə Astarada və Lənkəranda tikilmişdi. Beləliklə, diyar 1722-ci ildən 1732-ci ilə kimi Rusiyanın tərkibində olmuşdur. “О zaman [оranın hakimi] astaralı Musa хan Nadirə bir о qədər də baş əyməmişdi. Kеçmiş qоcaların dеdiyinə görə, Musa хanın Nuşirəvan tayfasından оlduğuna çох еhtimal vardır. [О] Astara Kürabında müstəqil hakim оlmuşdur.
Astara Kürabı: Gоganrud, Asalim, Vilgic, Drığ və Zuvand mahallarından ibarətdir” deyə Mirzə Əhməd Mirzə Xudaverdi oğlu “Əxbərnamə” əsərində Musa xanı böyük nüfuz sahibi və təcrübəli şəxs kimi təqdim edir. Musa xanın idarəçiliyi dövründə Astarada olan Limir-Butəsər, Lənkəran, Zuvand, Uluf Mirənkuh, Drıq, Dəştvənd, Muğan, Ucarud, Ağdam, Bilharud daxil idilər.
Qızılağaclı Musa xanın hakimiyyətinin ilk illərində indiki Biləsuvarın mərkəzindəki körpüyə qədər olan əraziləri, həmçinin keçmış Qala bazar yeri (indiki Masallı şəhəri), Alvadı, Banbaşı kəndləri də ona tabe idi.
İndiki Masallı şəhəri və Musa xan
Masallının yaşayış məskənı olaraq salınması və ilkin məskunlaşmas da Musa xanın hakimiyyəti dövründə olduğu bidirilir. Ərzurumun Gər-gər mahalından köç edərək Cənubi Azərbaycanın Masal mahalına və oradan da çoxsaylı at ilxıları ilə bu əraziyə gəlmış iki qardaş - Köylən və Səmid xan qardaşları qızılağaclı Musa xandan bu yerdə yurd salmağa icazə verməsini xahiş edirlər. Musa xanın icazəsi ilə kımsənin yaşamadığı Yuxarıbaş məhəlləsi Köylən xana yaşayış yeri olaraq yurd kimi verilır. Masall kəndinin bünövrəsi belə qoyulur. Səmid xana isə indiki Səmidxan kəndinin ərazisini Musa xan verir. Qardaşlar xahişlərinin yerinə yetirilməsinə görə Musa xana at ilxısı bağışlayırlar. Deyilənlərə görə Köylənlilər hər sözün başında məsəl çəkərmişlər, özü də türk ləhcəsində məsəli masal kimi işlədirmişlər.
“Masallı” coğrafi adı ilə bağlı ehtimallar
"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponimi "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və buraların onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur. Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur. Coğrafiya elmləri doktoru N.Məmmədov bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir.
Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" adlanan əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, oykonim"Masal" (toponim) və "Lı" aidlik, mənsubluq bildirən şəkilçidən düzəlib. ”Masallıdan olanlar, Masallıdan gələnlər, masallılar” mənasındadır. Masallının adı XVII əsrin əvvəllərində Səfəvi şahı Sultan Hüseyn(1694-1722) verdiyi fərmanda da xatırlanılır.
Musa xandan Nadir şaha dəstək
1732-ci il Rəşt müqaviləsi ilə Kürdən cənubdakı Xəzərsahili ərazilər Səfəvilərin ixtiyarına keçdi. Ruslar Xəzərsahili əraziləri tərk etdikdən sonra Musa xan öz səlahiyyətini və əmlakını qoruyub saxlamaq üçün Nadir xana itaət etməyə hazır olduğunu bildirdı. Hətta Musa xan hakimiyyətini qorumaq üçün öz sadiqliyini bildirərək Nadir xanın Şirvana və Dağıstana yürüşlərində Talışda ona qoşun toplamış və maddi cəhətdən dəstək də olmuşdur.
Səfəvilər dövlətində hakimiyyəti ələ keçirən Nadirin şahlığı dövründə Talışda bərk quraqlıq olmuşdu. Kəndlilərin vəziyyəti daha da ağırlaşdı. Narazı əhalı Astarada, Biləsuvarda və Cavadda üsyana qalxdı.
Nadir şahın Musa xanı və qohumlarını həbs etməsi
Nadir şah üsyanları bəhanə edib, Rusiyaya meyilli siyasət yeritmiş Musa xanı, qardaşını və böyük oğlunu həbs edir. Musa xandan sonra Şirazlı İbrahim xan mahal hakimi təyin olunmuşdu. Onun şərabxorluğundan istifadə edən vergi toplayanı və qaynı Seyid Mir Abbas hakimi oldu.
Onun oğlu Seyid Camaləddin (Qara xan) Nadir şah Əfşara döyüşlərdə xüsusi xidmət göstərdiyi üçün şah ona nəsilliklə ötürülən xan titulu verdi.
1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cəmaləddin Qara xan Lənkəran xanlığında (Talış xanlığı) irsi hakimiyyətə sahib olur.
1808-ci ildə Qara xan vəfat etdikdən sonra xanlığa rəhbərlik Mir Mustafa xana çatır.
Mir Mustafa xan 1810-cu ildə oğlu Mir Həsən xanı Dəştvənd mahalının Ərkivan bölgəsinə xan təyin edir.
Mir Həsən xanın 3 qızı və 4 oğlu olmuşdur. Oğlanlarından Mir Cavad bəy Ərkivan kəndinə və onun ətrafındakı əraziyə sahib idi. Xan Dəştvənd mahalını oğlu Xanlar bəyə, Masallı kəndini isə böyük oğlu Mir Abdulla bəyə tapşırmışdı.
Qala Bazarının Ərkivandan Masallıya köçməsi
Təxminən 1830-1835-ci illərdə Mir Həsən xanın oğlu Mir Abdulla bəy Mir Həsən xanın Ərkivan qalasındakı iqamətgahını və həm də Qala bazarını Masallıya köçürür.
Mir Abdulla bəy Qala bazarını Masallının mərkəzində yenidən bərpa etdirir.
Qala bazarı sənətkar və tacir məhəllələrindən ibarət idi. O həmçinin burada cıdır və güləş meydanları da təşkil edir.
1850-1855-ci illərdə Masallıda məscid acılır.
Hacı Əbdülkərim Axund, molla Seyfulla Axund, molla Abdulla Axund və molla Daxıl Axund bu məsciddə dərs demişlər.
Mürüvvət Abbasov,
tarix üzrə fəlsəfə doktoru, Masallının Xırmandalı kənd orta məktəbində müəllim