Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni qərarlar əhalinin güzəranına necə təsir edəcək?


Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il yanvarın 31-nə qədər uzadıldı, dekabrın 14-dən yanvarın 18-nə qədər isə SMS-icazə sistemi tətbiq olunacaq. Məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş, ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Eyni zamanda, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.
İndi əsas məsələ bu qərarların xalqın güzəranına necə təsir edəcəyidir.
Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev hesab edir ki, gündəlik beş minə yaxın insanın yoluxması sərt karantin rejimini qaçılmaz etdi:
“Təəssüf ki, bu gün bütün dünya ölkələri bu vəziyyətdədir. Bir çox ölkələr təkrar ciddi karantin rejiminə keçid edirlər. Sərt tədbirlərin həyata keçirilməsindən başqa yol yoxdur, bu sıçrayışın qarşısı alınmalıdır. Bəzi ölkələrin iqtisadi qüdrətinə və imkanlarına baxmayaraq, onlar da bu xəstəliklə mübarizə apara bilmir. Bu, artıq bəşəri problemdir”.
Deputatın sözlərinə görə, burada məqsəd yoluxmanın sayının azadılmasıdır:
“Əgər yeni yoluxanların sayı sağalanların sayından az olsa, səhiyyə sistemimizin bununla mübarizə aparması mümkün olacaq. Yox, əgər əksi baş verərsə, mübarizə aparmaq mümkün olmayacaq. Bu qərar qaçılmaz bir qərar idi. Biz birmənalı şəkildə bu xəstəliyin artımının qarşısını almalıyıq”.
Deputat iqtisadi sahədə kifayət qədər böyük problemlərin yaranacağını inkar etmir:
“Nəinki iqtisadiyyata, bütün sahələrə öz təsirini göstərəcək. İqtisadi aktivlik sürətlə azalacaq. Bu, istər ümumi iqtisadiyyatımıza, istərsə də sahibkarlıq fəaliyyətinə çox böyük təsir göstərəcək. Lakin bizim başqa çarəmiz yoxdur. Əgər bunun qarşısını indi almasaq, sonra daha çətin olacaq və qarşısını almaq mümkün olmayacaq. Bu, insanları qorxutmaq üçün deyilən sözlər deyil, bunu rəqəmlər özü təsdiq edir”.
Quliyev sonda vurğuladı ki, həm müharibədən qalib çıxmaq, həm beynəlxalq nüfuz qazanmaq, həm iqtisadiyyatı qorumaq, həm də insanların həyatını qorumaq asan iş deyil:
“Bu çətin vaxtda cənab prezident həqiqətən böyük işlər gördü və məhz ona görə də tək Azərbaycanda yaşayan on milyon insan yox, ölkəmizdən kənarda yaşayan qırx milyondan çox azərbaycanlının da prezidentə və vitse-prezidentə çox böyük rəğbəti var”.
İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd etdi ki, Azərbaycanın praktikasına, keçdiyi yola baxdıqda, bu cür qərarların ciddi bir nəticəsinin olmadığı görünür, əksinə, virusun yayılma alqoritmi zəifləsə də, bir müddət sonra sürətini artırır:
“Dünyanın keçdiyi yol da bunu göstərdi ki, sərt karantin rejimindən dərhal sonra daha çox, yüksələn xətlə virusa yoluxma halı baş verir. Bunun ən tipik örnəyi Gürcüstan oldu. Mart, aprel, may aylarında çox sərt tədbirlərə əl atdılar və bütün dünya onları tərifləyirdi ki, virusla mübarizədə Gürcüstan öncül ölkədir. Hətta “Gürcüstan fenomeni” anlayışı da yaranmışdı. Amma indi görürük ki, virusun yayılma alqoritmi öz işini gördü və hazırda gündəlik yoluxma bizdən də çox – ortalama beş-altı min arası dəyişir. Bu, onu göstərir ki, sərt karantin rejimi öz-özlüyündə virusa qaşı mübarizədə çarə deyil. Dünya mart, aprel aylarında niyə buna getdi? Çünki səhiyyə sistemi hazır deyildi. Xəstəxanalarda çarpayı sayını artırmaq, çoxlu dərman istehsal etmək və virusu öyrənmək lazım idi. Dünya ölkələri ilkin karantin rejimindən dərslər çıxardılar. Bizdə isə yenidən eyni şey təkrarlanır. Bunun bir nəticə verəcəyini düşünmürəm. Ola bilsin ki, təqribən on gündən sonra virusa yoluxanların sayı yenidən azalsın. Lakin karantin rejimi aradan qalxan kimi, yenidən yüksəlişə doğru gedəcək. Biz sadəcə, virusun yayılma alqoritmini bir müddət saxlaya bilirik. Amma bu saxlamanın da nəticəsi olaraq xəstəxanları və tibb sistemini daha yaxşı vəziyyətə gətirməli idik. Əgər bu edilmirsə, karantin rejiminin də bir mənası olmur”.
N.Cəfərli iqtisadi vəziyyəti çox bərbad və kifayət qədər problemli kimi qiymətləndirdi:
“Kiçik və orta sahibkarlıq çox bərbad vəziyyətdədir, xidmət sahəsi demək olar ki, çöküb, turizm sahəsi tamamilə sıradan çıxıb. Bunların hamısı bir-biri ilə bağlı olan sahələrdir. Vətəndaşların gəlirlərində kifayət qədər azalmalar var. ÜDM-in 4% civarında azalması artıq öz təsdiqini tapdı. Bu, o deməkdir ki, iqtisadiyyatda çox dərin bir çöküş müşahidə olunur. Sərt karantin tədbirləri iqtisadiyyatda baş verən çöküşü daha da dərinləşdirir və bundan çıxış imkanlarını məhdudlaşdırır”.
Ekspertin sözlərinə görə, Qədim Romadan bu yana qadağalar fəlsəfəsi ondan ibarətdir ki, dövlətlər nəyisə qadağan edəndə əvəzinə nəyisə təklif edir:
“Azərbaycan hökumətinin bu qadağanı tətbiq etdikdən sonra nəyisə təklif etməsini bu gün görmürük. Porblem də bundan ibarətdir. Qadağalar var, əvəzinə nə təklif olunur, o, yoxdur”.
Cəfərli düşünür ki, növbəti sərt karantin rejimi Azərbaycan iqtisadiyyatında kifayət qədər böyük fəsadlar törədəcək:
“Bu qərar problemlərin daha da dərinləşməsinə səbəb olacaq. Vətəndaşların güzərarına mənfi yöndə çox ciddi təsir göstərəcək”.
Bəs, bu qərarın alternativi nə idi? Başqa hansı addımlar atıla bilərdi? İqtisadçı dünya təcrübəsinə istinadən qeyd etdi ki, ən qabaqcıl, effekt verən tədbirlər hədəf qruplarına yönəlik tədbirlər oldu:
“Məsələn, bunu Cənubi Koreya, Tayvan, Yaponiya və Çində gördük. Bu tədbir ondan ibarət idi ki, risk qrupları – həm yaşla, həm xroniki xəstəliklə bağlı – dərhal təsbit olunur və təcrid edilir. Risk qruplarına dövlət tərəfindən böyük dəstək göstərilir ki, onlar evdən bayıra çıxmasınlar. Bununla da virusun yayılmasının qarşısı alınır, virusun fəsadları da azalır. Çünki ayaqüstdə, simptomsuz dünya əhalinin yarısı bəlkə də artıq bu virusa yoluxub da, sağalıb da, heç xəbəri də olmayıb. Avropa ölkələrində bu tədbirləri həyata keçirə bilmədilər. Çünki orada insanlar öz demokratik hüquqlarını qorumağa üstünlük verirlər, hökumətin hər qərarını etirazla qarşılayırlar. Belə desək, bu, da demokratiyanın fəsadlarıdır”.
N.Cəfərli düşünür ki, Azərbaycan hökuməti də bu kimi tədbirləri öyrənərək hədəf qruplarını izolyasiya etməli və paralel olaraq, iqtisadiyyatın çarxlarının dönməsi üçün böyük təşviq paketləri hazırlamalı idi. “Təəssüf ki, bu iki istiqamət üzrə ciddi iş görüldüyünü söyləmək mümkün deyil”, – deyə o, fikrini tamamladı.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10