Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-nin 30 yaşlı generalı: onun nəşi yandırılıb, külü Kreml divarlarında yerləşdirilib




General rütbəsinə çatmaq hər zabitin arzusudur. Amma “kiçik ulduz”lardan “böyük ulduz”lara gedən yolda uzun, qüsursuz, nümunəvi və müstəsna xidmət tələb olunur.

Dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev xidmət yollarını şərəflə keçən və davam etdirən Azərbaycanın Silahlı Qüvvələrinin dörd zabitinə, Ağamir Sultanova, Anar Kərimova, Namiq İslamzadəyə, Zaur Məmmədova “general-mayor” ali rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sözsüz ki, bu ali rütbələri almaq onların xidmətinə verilən qiymətdir, gələcək xidmətləri üçün stimul və həm də böyük məsuliyyətdir.

Sovet dövründə də ali rütbələri “fəth” etmək hərbi qulluqçular üçün ən böyük arzulardan biri sayılıb. SSRİ-də ayrı-ayrı dövrlərdə general rütbəsi daşıyanların sayı dəyişib. Sovet-alman müharibəsi sona çatanda ölkənin silahlı qüvvələrində 5599 general və admiral olub.

Nikita Xruşşov hakimiyyətə gəldikdən sonra Stalinin generallarının sayını mümkün qədər azaltmağa çalışıb, onların xidmətinin üstündən xətt çəkməklə Stalin mifini sındırmaq istəyib. O, Stalinin şəxsiyyətə pərəstiş məsələsində oğlu Vasili Stalinin adını daha çox qabardıb, onu SSRİ-nin ən gənc generalı adlandırıb və bunu ata hədiyyəsi kimi qiymətləndirib.

Əslində Vasili Stalin heç də SSRİ-də ən gənc general olmayıb. Düzdür, o rütbələrini bir çox generallardan daha çox sürətlə dəyişib, 29 yaşında general olub, kapitan rütbəsindən general rütbəsinə qədər 9 illik xidmət yolu keçib və Vasili Stalin bu rütbələri müharibədəki xidmətlərinə görə qazanıb.
a1ca7d59095afe549b45217f7cdd4d57.jpeg (80 KB)

SSRİ-də ən gənc general isə Qriqori Kravçenko sayılıb. “As” ləqəbi ilə tarixə düşən Kravçenko hərbi təyyarəçi kimi bir sıra qəhrəmanlıqlara imza atıb.

Qriqori Kravçenko 1912-ci ildə Dnepropetrovsk vilayətinin Novomoskovski rayonunda anadan olub. Ailə 1914-cü ildə Qazaxstanın Pavlodar vilayətinə, 1923-cü ildə isə Çelyabinskə köçüb. Kravçenko orta təhsilini başa vurduqdan sonra Permdə kənd təsərrüfatı texnikumunda təhsil alıb. 1931-ci ildə hərbi xidmətə yollanıb. Hərbi aviasiyada xidmət edən Kravçenko nümunəvi xidmətinə görə 6 aydan sonra Myasnikov adına hərbi təyyarəçilər məktəbinə göndərilib. Bundan sonra o, taleyini hərbi aviasiyaya bağlayıb.

Sovet-fin və sovet-alman müharibələrinin iştirakçısı olan Qriqori Kravçenko hərbi əməliyyatlar zamanı əldə etdiyi nəticələrlə sözün əsl mənasında təkcə komandanlığı deyil, o cümlədən, Kreml rəhbərliyini, şəxsən İosif Stalini heyrətləndirib. Təkcə 1941-1942-ci illərdə Kravçenko 300-dən artıq düşmənin hərbi təyyarəsini məhv edib.
kr23022002.jpg (85 KB)

Qriqori Kravçenko Çində yaponlara qarşı mübarizədə və sovet-fin müharibəsində göstərdiyi xidmətlərə görə 1940-cı ildə, 27 yaşı olarkən general rütbəsi alıb. İki il ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksələn hərbi təyyarəçi iki dəfə Sovet ittifaqı qəhrəmanı adı ilə təltif olunub.

Müharibə tarixində Qriqori Kravçenko peşəkar və qorxmaz hərbi təyyarəçi olmaqla yanaşı, həm də güclü yumor hissinə malik, həmişə nikbin görünən bir şəxs kimi yadda qalıb.

Kravçenkonun təltiflərini bir neçə dəfə Stalin şəxsən ona təqdim edib. Belə təqdimatların birində maraqlı anlar yaşanıb.

Təqdimetmə mərasimində Kravçenko Stalinin qarşısına dəvət olunub. Stalin qarşısındakı enlikürək, cüssəli, sinəsi orden və medallarla dolu olan hərbçiyə nəzər saldıqdan sonra aramla fikir bildirib:
“Sizin mundirinizdə hələ çox orden və medallara yer var. Şəxsən mən Ali Baş Komandan kimi bunu nəzərdə saxlayacağam”,-deyə bildirib.

Kravçenko da öz növbəsində Stalinin mundirinə nəzər salıb və cəmisi bir qızıl ulduz gördükdən sonra fikrini bildirməkdən çəkinməyib:
“Yoldaş Stalin, sizin mundirinizdə isə yalnız bir ulduz var. Qarşınızda bu qədər orden və medallarla dayanmaq mənim üçün o qədər də rahat deyil. İcazə verin ordenlərimdən birini sizə hədiyyə edim”.
Stalin qarşısında dayanan hərbi təyyarəçinin fikirlərini səmimiyyətlə və təbəssümlə qəbul edib:
“Düşmən təyyarələrinə aman verməyən bir hərbi təyyarəçinin Ali Baş Komandanla belə cəsarətlə danışmasını səmimi qəbul edirəm. Amma bilməlisiniz ki, sizə verilən bu mükafatlar sizin haqqınızdır. Xalq sizi tanımalıdır. Biz isə orden və medalsız da tanınırıq”.
2020-02-21_519-581294_624.jpg (100 KB)

Qələbənin təmin olunmasında böyük xidmətləri olan Qriqori Kravçenkoya qələbə gününü görmək qismət olmayıb. 23 fevral 1943-cü ildə, saat 12-25 dəqiqədə Kravçenko sonuncu uçuşunu həyata keçirib. Səma döyüşlərində 3 düşmən təyyarəsini məhv edən Kravçenko sonradan özü düşmənin hədəfinə düşüb. Vurulan zərbədən ayağından və qolundan yaralansa da, o, paraşütlə tullanmağa imkan tapıb. Onu yalnız 3 saatdan sonra yaralı vəziyyətdə tapmaq mümkün olub. Bu haqda Stalinə də məlumat verilib. Stalin Kravçenkonun təcili hospitala çatdırılması və müalicəsi ilə bağlı birbaşa özü göstərişlər verib. Onu hospitala yaralı vəziyyətdə çatdırmaq mümkün olsa da, həkimlər aldığı Kravçenkonu xilas edə bilməyiblər.

30 yaşlı qəhrəman generalın nəşi yandırılıb, külü Kreml divarlarında yerləşdirilib və üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10