Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı ərazisində son 180 ildə olan idarəçilik



  "Talışın Müvəqqəti  İdarəsi" nin yaradılmas

General İ.F.Paskeviçin  2 may 1826-cı il tarixli əmrinə uyğun olaraq "Talışın Müvəqqəti   İdarəsi" yaradılır.
Bu quruma ruslardan təyin edilmiş  hərbi rəis rəhbərlik edirdi.
 26 iyul 1828-ci ildə fəaliyyətə başladı. Bu idarə 1831-ci ilədək birbaşa Gürcüstanın baş qubernatoruna tabe idi. 
Lakin 1831-ci ilin martında Mir Həsən xanın davamçıları tərəfindən üsyan yatırıldıqdan sonra bu idarə Şuşa şəhərindəki Zaqafqaziya müsəlman vilayətlərinin hərbi dairəsinə tabe edilir.
Qurum yarandıqdan 14 il sonra, 10 aprel 1840-cı ildə   ləğv edilir. 
Çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. 
Bu qanunla 
komendant idarə-üsulu yaradılır,
 əyalətlər ləğv edilir, 
quberniyalar və onların nəzdində 
mahallar 
qəzalara,
qəzalar polis nahiyələrinə (dairə),
polis nahiyələri isə kənd cəmiyyətlərinə bölünürdü. 

1. Masallının da daxil olduğu Lənkəran qəzası müxtəlif illərdə
Xəzər (Kaspi) vilayətinin (1841-1846), 
Şamaxı (1846-1859) və 
Bakı (1859-1917) 
quberniyalarının tərkibində olmuşdur. 
Qəzanın mərkəzi Lənkəran şəhəri idi. 
Qəzadakı məntəqələr və pristavlıqlar 
 Səbican,
 Lənkəran,
 Ərkivan məntəqələri  
və Muğan pristavlığı idi.

 Burada qəza idarəsi sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin 1917 məlumatına görə, qəzanın ərazisi 
4726,88 kv.verst idi. 
Lənkəran qəzasında 185 518 nəfər əhali yaşayırdı.

 Qəzanın təsərrüfat həyatında taxılçılıq, çəltikçilik, balıqçılıq əsas yer tuturdu.
 Lənkəran qəzası 1840-cı il aprelin 10-da yaradılmış və 1929 (1930)-cu ilə qədər mövcud olmuşdur. Qəza  general-qubernator  tərəfindən idarə olunurdu.
     Lənkəran qəzası 77 il - 1840-1917-ci illərdə 5 polis nahiyəsinə bölünmüşdür.
 Qəzanın polis nahiyələri aşağıdakılar idi: 
1. Lənkəran – mərkəz Lənkəran.
2. Astara – mərkəz Astara.
3. Zuvand (Vərgədüz- indiki Yardımlı rayonu da buraya daxil idi) – Lerik.
4. Ərkivan – Nikolayevka (Kalinovka, indiki Viləşkənd).
5. Sebican – Prişib (Göytəpə).

     Polis nahiyələri pristav tərəfindən idarə olunurdu. 
Polis nahiyələri özlüyündə kənd cəmiyyətlərinə bölünürdülər.
 Masallı ərazisində 
Boradigah, 
Qızılağac, 
Xırmandalı,
 Musakücə 

kənd cəmiyyətləri fəaliyyətdə idi. 
Kənd cəmiyyətləri özündə bir neçə kəndi birləşdirirdi. 
Ərkivan polis nahiyəsinə daxil olan Boradigah kənd (1966-cı ildən qəsəbə) cəmiyyəti  Boradigah, Mahmudavar, Miyanku, Hişkədərə, Türkoba, Tüklə kəndlərini əhatə edirdi. 
Kənd cəmiyyətləri  kəndxudalar tərəfindən idarə olunurdu. Rus işğalı nə qədər ağır olsa da, mədəniyyətin və təsərrüfatın inkışafına müsbət təsir etmişdir. 

Mayılov qardaşları Masallıda
İşğaldan sonra yeni təsərrüfat və emal sahələrinin  fəaliyyətə başladı. Bakı milyonçusu, ”kürü kralı” kimi tanınan ”Mayılov qardaşları” kommersiya şirkətinin təsisçilərindən olan Danil Mayılov Rusiya imperatoru II Aleksandrın (1855-1881) 1860-cı il sərəncamı ilə mülk olaraq onlara verilmiş Xırmandalı kəndinin Xəzər dənizi sahilində balıq vətəgəsinin əsasını qoydular. 
1917-ci ilə kimi tam gücü ilə işləyən bu vətəgə balıq ovlanması və emalı ilə məşğul olan və öz dövrünün istehsal gücünə görə seçilən çox mükəmməl kapitalist müəssisəsi olmuşdur. Nəzərə alsaq ki, Azərbaycanda fabrik-zavod istehsalı XIX əsrin ortalarında meydana gəlmişdir, onda Mayılovun Xırmandalıda fəaliyyətə başlayan balıq emalı şirkətini Azərbaycanın ilkin kapitalist istehsal müəssisələri sırasına aid etmək olar. Bu vətəkədə təkcə Dağıstanda gətirilən 500 qadının çalışdığı barədə məlumatlar var.

Masallının Çaxırlı kəndində mülkədar 
Ter-Stepanovun düyü emal müəssisi


Çaxırlı kəndindən mülkədar Ter-Stepanovun düyü emal müəssisəsi də 1889-ci ildə Tiflisdə keçırılən kənd təsərrüfatı və sənaye məsullarının Qafqaz sərgisinin qalıbi olmuşdur.
   
1917-ci il Fevral inqilabından sonra Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Lənkəran qəzasında da orqanları yaradılmışdır. 
Polis nahiyələrinin polis dairələrinə çevrilməsi
1917-1929-cu illərdə qəzalar, o cümlədən Lənkəran qəzası polis nahiyələri deyil, dairələrə bölünmüşdü. 
Qeyd olunan dövrdə Lənkəran qəzası 
Lənkəran şəhəri, 
Sara (Sarı) adası və 
9 dairədən (Astara, Astraxanbazar, Boradigah, Vərgədüz, Lerik, Masallı, Mistan, Prişib, Şürük) ibarət idi. 

(Göründüyü kimi məhz bu dövrdən  indiki Masallı ərazisinin mərkəzi Ərkivan kimi yox, Masallı və Boradigah dairəsi kimi qeyd olunub -red)
Masallının rayona çevrilməsi
   1930-cu ildə qəza və mahallar ləğv edilərək əvəzində ölkə üzrə rayonlar  yaradılmışdır. Lənkəran qəzasının yerində 
1930-cu il avqustun 8-də
 Astara, 
Astraxanbazar (1967-ci ildən Cəlilabad), Lənkəran,
 Masallı (Boradigah və Masallı dairələrindəki kəndlər birləşdirilərək),
 Zuvand (1938-ci ildən Lerik) və 
Vərgədüz (1938-ci ildən Yardımlı) rayonları yaradılmışdır.

Mürüvvvət Abbasov. Tarix elmləri üzrə fəlsəfə doktoru. Masallı rayon Xırmandalı. cenub.az

 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10