Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Dünya ağalığı” iddiaları puç olan nasistlər - Qalib dövlətlər Almaniyanın nəyi var, daşıyıblar


Bütün müharibələrdən sonra təzminat məsələsi aktual mövzualrdan birinə çevrilib. Buna reparasiya da deyirlər, yəni, hücuma məruz qalmış dövlətə dəymiş zərərin ödənilməsi üçün məğlub olmuş tərəfin öhdəsinə götürdüyü təzminatın ödənilməsi.
II dünya müharibəsində də nasist Almaniyasının SSRİ-yə və onun müttəfiqlərinə vurduğu ziyanın təzminatını ödəməsi dövlət başçıları tərəfindən dəfələrlə ciddi müzakirə olunub.
Tarixçilərin və iqtisadçıların qənaətinə görə, Almaniyanın müharibə elan etdiyi ölkələrə vurduğu ziyanın məbləğini tam dəqiqləşdirmək mümkün olmayıb. Amma bu məbləğ təxmini milyardlarla dollar həcmində hesablanıb.
a4bf94b4.jpg (45 KB)
Hələ müharibə tam sona çatmamış, 1944-cü ildə SSRİ-də ölkəyə dəymiş ziyanın hesablanması ilə bağlı İosif Stalin Xalq Komissarları Sovetində xüsusi komissiyanın yaradılması ilə bağlı sərəncam imzalayıb. Bununla yanaşı, o, təzminatın ödənilməsi mexanizmini, ümumi məbləğin təxmini müəyyənləşməsini, Almaniyanın ödəyəcəyi təzminatın müttəfiqlər, ABŞ, İngiltərə və Fransa arasında hansı nisbətdə bölünməsini xarici həmkarları ilə bir neçə dəfə müzakirə edib.
Stalin ümumi təzminatın məbləğini 20 milyard həcmində müəyyənləşdirib və bunun 50 faizinin SSRİ-yə, digər 50 faizinin isə müttəfiqlər arasında bölünməsini təklif edib. Əslində Stalin məbləği az müəyyənləşdirib. Çünki son variantda nasist rejiminin müharibə nəticəsində vurduğu ziyan 260 milyard dollar hesablanıb və bunun 128 milyard dolları SSRİ-nin payına düşüb.
Bu məsələ öz həllini Potsdam konfransında tapıb. Siyasi baxımdan təzminat qismində Almaniyanın şərq hissəsi SSRİ-nin nəzarətinə verilib. Qalib tərəflər yaxşı anlayıblar ki, məğlub Almaniya öhdəsinə düşən təzminatı tam ödəmək gücündə deyil. Bunu Stalin də yaxşı anlayıb. Stalinin təzminat məsələsində ciddi dayanmasının məqsədi heç də Almaniyanın iqtisadiyyatını tam iflic vəziyyətə salmaq olmayıb. Sovet lideri təzminat təzyiqi ilə Almaniyada 4-cü Reyxin yaradılmasının qarşısını almaq, faşist cərəyanına son qoymaq, Almaniyanın təcavüzkar hərbi potensialını sıfıra endirmək məqsədi daşıyıb.
images.jpg (81 KB)
Bütün bunlarla yanaşı Stalin SSRİ-nin müharibədən sonrakı zəifləmiş iqtisadiyyatını da düşünüb və təzminat qismində Almaniyadan SSRİ-yə 400 min vaqonla aşağıdakılar gətirilib:
1. 2885 zavod
2. 340 min müxtəlif təyinatlı dəzgah
3. 96 elektrik stansiyası
4. 200 min elektrik mühərriki
5. 1 milyon 335 min mal-qara
6. 3 milyon ton taxıl
7. 1 milyon ton tərəvəz
8. 500 min ton şəkər
9. 20 milyon litr spirt
10. 16 ton tütün
1-145.jpg (107 KB)
Bu siyahı yalnız birinci böyük eşelonda gətirilənlərdir. Bunlarla yanaşı Almaniyadan SSRİ-yə 900 min incəsənət nümunəsi, yüz minlərlə mebel, ev avadanlıqları, geyim və o cümlədən hərbi avadanlıqlar, texnika, silah və sursat daşınıb.
Təzminat qismində 1955-ci ilə qədər alman əsirlərindən işçi qüvvəsi kimi də istifadə olunub ki, bu da mövcud dövr üçün SSRİ-nin dağılmış yaşayış məntəqələrinin bərpasında böyük rol oynayıb.
Dövrün araşdırmaçılarının hesablamalarına görə, Almaniyadan SSRİ-yə gətirilənlər almanların ödəyəcəkləri təzminatın cəmisi 4 faizi qədər olub.
KMO_085521_13026_1_t218_162034.jpg (115 KB)
Almaniya hökuməti SSRİ-yə nə qədər təzminat ödədiyi haqqında dəqiq faktlar açıqlamayıb. Bunu belə əsaslandırıblar ki, təzminatın ödənilməsi birtərəfli olub, sovet tərəfi almanlarla hesablaşmayaraq heç bir sənəd imzalamayıblar. O cümlədən sərhəd-keçid məntəqəsində də Almaniya tərəfi dəqiq qeydiyyat apara bilməyib.
SSRİ-nin müttəfiqləri, ABŞ, İngiltərə və Fransa da qısa müddətdə öz təzminatlarını əldə etməyə nail olublar. Onlar Almaniyadan öz ölkələrinə 2 milyard dollar həcmində avandanlıqlar və 227 ton qızıl aparıblar.
Almaniyanın Bolqarıstan, Macarstan, Rumıniya, Çexoslovakiya, Avstriyadakı aktivlərinə SSRİ, digər ölkələrdəki aktivlərinə isə müttəfiqlər sahib çıxıblar.
99cbc1a95b1bf519f6e8489bc02540ca.jpg (67 KB)
Göründüyü kimi, Adolf Hitlerin dünyaya sahib olmaq iddiası Almaniyaya baha başa gəlib. Nasist rejimi milyonlarla insanın həyatına son qoymaqla yanaşı öz ölkəsini, öz vətəndaşlarını da acınacaqlı vəziyyətə salıb. Amma hər halda təzminat məsələsindən Almaniya müharibədəki kimi üzüqara çıxmayıb. Olan-qalanını verərək yaxasını qurtarıb.
Maraqlıdır, bəs Ermənistan Azərbaycana vurduğu ziyanın təzminatını necə ödəyəcək? Ərzaq qıtlığı təhlükəsi ilə üz-üzə qalan Ermənistanın nəyi var axı? Koçaryanlar, sarkisyanlar, paşinyanlar “Böyük Ermənistan” xülyasına düşəndə bu haqda düşünməyiblərmi? Yoxsa yenə də ənənələrinə sadiq olaraq ağlaşma quracaqlar, bizim heç nəyimiz yoxdur deyə dünyaya car çəkəcəklər. Bəli, onların heç nəyi yoxdur, elə indi gəzdikləri torpaqlar da bizimdir, Azərbaycanındır. Odur ki, təzminat haqqında düşünə bilərlər.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10