(1-ci yazının linkihttps://cenub.az/8579-masallnn-sabiq-rhbri-z-kndi-haqqnda-2000-il-vvl-hr-olmu-bu-gnk-qzlaac-kndi.html-)
Yazı redaksiyaya hazırda Masallı rayonunun Qızılağac kəndində yaşayan, Masallı Rayon Partiya komitəsinin sabiq 1-ci katibi işləmiş İltifat Məmmədov tərəfindən təqdim olunmuşdur. Müəllif bu yazısını Qızılağac kəndində ilk dünyəvi məktəbin açılmasının 124 illiyinə və ömrünün 60 ilini xalq maarifinə həsr etmiş atası Ağaverdi Ağaəli oğlu Məmmədovun unudulmaz xatirəsinə həsr etmişdir.
Xatırladaq ki, İltifat Məmmədov 1943-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. ADPİ-nin tarix-filologiya fakültəsini bitirmişdir. Əvvəllər müəllim işləsə də, sonralar rəhbər partiya və sovet işində çalışmışdır. Rayon İcraiyyə Komitəsinin sədri, Rayon partiya komitəsinin şöbə müdiri, 2-ci katibi, daha sonra isə 1-ci katibi vəzifələrində çalışmışdır. O, həm də Azərbaycan Ali Sovetin deputatı olmuşdur.
(2-ci yazı) Masallı ensiklopediyası
kitabı üçün
Cenub.az saytına təqdim etdiyim yazının 1-ci hissəsindən sadaladığım mənbələrdən göründüyü kimi Qızılağac 1593-cü ildə belə nəinki şəhər, hətta şan-şöhrətli Azərbaycanımızın vilayət mərkəzlərindən biri olmuşdur.
Qaraman qardaşlarının bu əyalətlərə başçılıq etmələri ilə əlaqədar olaraq həmin tayfaların da bu yerlərə gəlib məskunlaşmışlar. Belə ki, bu tayfanın adını daşıyan Qaramanlı məhəlləsi bu gün də Qızılağacın ən böyük məhəllələrindən biri kimi, adını və varlığını saxlamaqdadır.
Bu gün Qızılağac kəndi 5 (beş) ayrı-ayrı hissədən – məhəllələrdən ibarətdir: Qaramanlı, Muradxanlı, Baturlu, Çınqırlı, Alcallı.
Qızılağac abidələri
Bütün tarixi arxeoloji tədqiqatlarda Lənkəran düzənliyi və Muğan başlıca olaraq qəbir abidələri (Kurqan, daş qutu, daş və kərpiclərlə hörülmüş yerüstü qəbir, daş kitabələr tipli sərdabələr) əsasında aparılmış və tədqiq edilmişdir.
Bu gün Əlibulağın varlığı, Həzi Kurqan təpəsi, qədim qala divarlarının göy rəngli yastı formalı əsrarəngiz daş qalıqları, qala daxilində olan qədim bişmiş saxsı lülələrlə buradakı daşlı quyuya bu gün də haradansa axıb gələn şirin su bu qədimliyin, bu qədim tarixin canlı salnamələridir.
Qızılağacın müqəddəs
“Soltan piri”
Bu gün Qızılağacın müqəddəs “Soltan piri” deyilən qədim qəbirstanlığında qoşa yerüstü qəbirlər eni 50, hündürlüyü 60 santimetr, uzunluğu 1 metr 20 santimetr olan, indiyədək oxunmamış və sirri açılmamış qəbir daşları, bu daşların üstündəki indi oxşarı olmayan müxtəlif heyvan rəsmləri, aftafa, xəncər, qoşa ayaqqabı və sair təsvirlər adamı heyrətə gətirir.
Tarixə nəzər salarkən məlum olur ki, hələ bir neçə yüzilliklər bundan əvvəl Şərqə, İrana, Məşhədə, Kərbəlaya ziyarətə və ticarətə gedənlər, habelə
Ukraynalı balıq taciri Pirmanın adını daşıyan Pirman balıq vətəgəsindən balıq aparmağa gələn tacirlər Qızılağacda gecələyərmişlər
Qızılağacın bu gün də öz adını və yerini olduğu kimi saxlayan Ukraynalı balıq taciri Pirmanın adını daşıyan Pirman balıq vətəgəsindən balıq aparmağa gələn tacirlər Qızılağacda gecələyərmişlər. Həmçinin bu yerlərdən taxıl məhsulları aparmağa gələn tacirlər də Qızılağacda qonaq qarmışlar.
Qızılağacdakı qonaq evi-Hücrə
Böyük ensiklopedik biliyə və heyrətamiz yaddaşa malik olan atam, tarix və coğrafiya müəllimi Ağaverdi Ağaəli oğlu Məmmədov söyləyirdi ki, o dövrdə qızılağaclı Xalıq Kərimov adlı vətənpərvər olan bir şəxs öz pulu ilə belə tacirlərin, ziyarətə gedənlərin və digər şəxslərin gecələmələri üçün iki mərtəbəli bir “Hücrə” tikdirmişdir. Qızılağaca gələn qonaqlar burada hər cür şəraiti olan otaqlarda gecələyərmişlər.
Qızılağac hamamları və buradakı ticarət mərkəzi
A.Məmmədov söyləyirdi ki, kəndin yaşlı adamları deyərmişlər ki, Qızılağac kəndinin mərkəzi yolunun sağ və sol hissələrində çoxlu qəssab dükanları, ərzaq, paltar və bəzək əşyaları dükanları var imiş. Yerli tacirlər gələn müsafirlərə hər cür xidmət göstərmişlər. Ümumiyyətlə, Qızılağac tarixən özünün ticarəti, qonaqpərvərliyi, zəngin bazarları, balıq vətəgəsi ilə tanınırmış, ovçuluq diyarı kimi məşhur olmuşdur.
Bütün bunları nəzərə alan Qızılağacın vətənpərvər şəxsiyyəti Hacı Tağı Qızılağaca gələn qonaqlara və yerli əhaliyə xidmət göstərmək üçün öz şəxsi vəsaiti hesabına 2 hamam tikdirmişdir..
Belə ki, hamamların elə yerdən yeddi günbəzi görünür. Ona görə də onlar tez qızarmış. Çox xarakterikdir ki, hamamda uşaqlar üçün də ayrı-ayrı bölmələr nəzərə alınmışdır. Nə qədər də tərbiyəvidir.
Bir şeyi də qeyd etməliyəm ki, hamamdakı xidmət sahələri bu günkü müasir hamamların hamısını kölgədə qoyur.
Bu gün mədəni avropalılar sauna deyə mədəniyyətdən və nəsə dünyaya gətirdikləri yeniliklərdən dəm vururlar. Amma rəhmətlik Hacı Tağı bunu avropalılardan neçə əsr qabaq həyata keçirmişdir.
Belə ki, bu hamamların soyunub – geyinmə yerində böyük su çarhovuzları olub. Çarhovuzların ortasında soyuq su fontanla aşıb daşır və eyni qayda ilə çarhovuzun alt hissəsinə axıb gedir. İsti hamamdan çıxanlar burada soyuq su ilə rahatlanır və onlara çay içmə xidməti göstərilirdi. Çox möcüzəli və heyrətamizdir. Ən maraqlısı bu idi ki, bu hamamların biri kişilər, o biri qadınlar üçün tikilmişdir. Çox təəssüf ki, hamamlardan biri sökülüb yerlə-yeksan olmuşdur. İkinci hamam isə bu gün də öz varlığını saxlamaqdadır.
Qızılağac limanı
Qızılağac qeyd etdiyimiz kimi hələ orta əsrlərdə Xəzər dənizinin sahillərində yerləşən limanlarla çox mühüm ticarət əlaqəsi saxlamışdır. Elə buna görə də hətta Qızılağac körfəzindən kəndin özünə-mərkəzə birbaşa vaqonlarla yük daşımaq üçün dəniz yolu çəkilmişdir. (Xalq bu yola indi də “vaqon yolu” deyir). Həmin dəmir yolu relsləri 1950-ci illərin əvvəllərinədək mövcud olmuşdur.
Görkəmli rus
təqiqatçısı R.Q.Butkov
Görkəmli rus təqiqatçısı R.Q.Butkov göstərir ki, 1700-cü ilin əvvələrində Talış vilayəti müvəqqəti olaraq Rusiyanın tərkibində olarkən rusların burada tikdiyi üç qaladan biri də Qızılağacda olmuşdur.
“Rus qoşunları 1720-ci ildə Xəzər və Astaraya qədər gəlib çıxdılar. Rusiya hökuməti İran təhlükəsindən qorunmaq üçün qalalar tikdirmişdi. Belə qalalardan biri Qızılağacda idi “
Qeyd etmək istəyirəm ki, 1828-ci ildə Azərbaycanın Rusiyaya birləşməsindən sonra da Qızılağac çar hökümətinin Xəzər dənizi sahillərində yerləşən ən mühüm limanlarından biri kimi də öz mövqeyini saxlamışdır. Bunu demək kifayətdir ki, elə təkcə
1906-cı ildə Qızılağac limanından 500.000 (beş yüz min) pud mal yola salınmışdır.
Bəli, Qızılağac ən böyük ticarət mərkəzi kimi də öz mövqeyini həmişə saxlamışdır.
İltifat Məmmədov, Masallı RPK-nın sabiq 1-ci katibi. Yazı cenub.az saytının təklifi ilə hazırlanmışdır
ardı var