Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyanı nə gözləyir?



“Bu gün məqalələr yazanlar, televiziya verilişlərində bir-birinin üstünə bağıranların hamısı sülhün, təhlükəsizliyin və bölgə vətəndaşlarının gələcəyinin, həyatının bizim Rusiya sülhməramlıları tərəfindən təmin edildiyini unutmamalıdır. Bu, Rusiyanın bölgənin sabitliyində nə qədər səmimi və maraqlı olduğu barədə suala cavab verir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda atəşkəs razılaşması ilə bağlı gedən daxili müzakirələrə, Rusiyanın ünvanına səslənən ittihamlara münasibət bildirərkən deyib. “Rusiya Ermənistanı və erməniləri atmadı. Rusiya bu problemi həll etmək üçün bütün gücünü ortaya atdı – əvvəlcə siyasətdən, diplomatiyadan, beynəlxalq hüquqdan, danışıqlar prosesindən istifadə edərək, daha sonra isə sülhməramlılarını oraya ataraq”, – deyə M.Zaxarova vurğulayıb. O, Rusiyaya yönələn ittihamlardan narazılığını ifadə edərək deyib: “Atəşkəs razılaşması ümumilikdə görünməmiş bir qərardır və bəzən məndə belə bir təəssürat yaranır ki, çoxları Rusiya Federasiyası tərəfindən qəbul edilmiş qərarın miqyasını dərk etmir”.
Zaxarovanın bir qədər sərt tonda Ermənistandakı daxili müzakirələrə reaksiya verməsi Moskvanın bəzi narahatlıqlarından qaynaqlanır. Məlumdur ki, 10 noyabrda imzalanmış üçtərəfli atəşkəs razılaşması Ermənistanda siyasi böhrana səbəb olub. Əsas müxalifət qüvvələri – Çiçəklənən Ermənistan, Respublika, Vətən, Daşnaksutyun partiyaları da daxil olmaqla, 17 siyasi təşkilat baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Noyabrın 11-də İrəvanda keçirilən mitinqin əsas tələblərindən biri də Ermənistanın Azərbaycanla imzalanmış atəşkəs bəyanatından çıxması, milli etimad hökumətinin yaradılması idi. Sayı çox olmayan aksiyaçılar təhlükəsizlik qüvvələri tərəfindən dağıdıldı və təşkilatçılar həbs edildi.
Paşinyan indiki halda istefa vermək niyyətində olmadığını bəyan edir. O, əleyhdarlarına bildirib ki, əgər Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmadan çıxmaq, rus sülhməramlılarının bölgəyə gəlməməsini istəyirlərsə, bunu açıq şəkildə ifadə etməlidirlər. Baş nazir qeyd edib ki, Ermənistanın hərbi əməliyyatları dayandırmaqdan başqa çıxış yolu yox idi. Ağdərə və Xocavənddəki 20 min nəfərlik hərbi birləşmənin mühasirəyə düşüb məhv edilməsi, Xankəndinin qısa müddətdə təslim olması qaçılmaz idi. Paşinyan ordu və Qarabağdakı rejimin müraciəti əsasında dayanmaq qərarını verdiyini xüsusi vurğulayıb.
Rusiya XİN-in sözçüsü məhz Paşinyanın təsvir etdiyi mənzərəni xatırladır və erməni ictimaiyyətinə anti-Rusiya çıxışlarını dayandırmağı tövsiyə edir. Yəni Rusiya prosesə müdaxilə edib erməniləri qorumasaydı, vəziyyət tamamilə fərqli, acınacaqlı ola bilərdi.
Ermənistanda hazırda qeyri-müəyyənlik hökm sürür. Müxalifət, xüsusən rusiyapərəst qüvvələr Paşinyan hakimiyyətinin istefasını tələb etsələr də, bunu əsaslandırmaqda və cəmiyyətdən dəstək almaqda çətinlik çəkirlər. Hökumətin mövqeyi hələ ki dayanıqlı və arqumentli görünür. Paşinyan əlindəki bütün resursları səfərbər etdiyini, amma güclü Azərbaycan-Türkiyə ittifaqı qarşısında duruş gətirə bilmədiyini deyir.
Daxili təzyiq hələlik şiddətli olmasa da, Ermənistan hökuməti kifayət qədər mürəkkəb duruma düşüb. Məğlubiyyətin ağrılı məsuliyyəti var, Paşinyan onu nə qədər kənara atmağa çalışsa da, məsul şəxs özüdür. O, cəmiyyətin bütün suallarına cavb verməlidir, emosiyaları sakitləşdirməlidir, müxalifətin təzyiqlərini neytrallaşdırmalıdır. Ən əsas məsələ – Rusiya və Qərb arasında balanslaşdırmağa çalışdığı xarici siyasət kursu barədə də ciddi düşünməlidir. Əksər ekspertlər bu qənaətdədirlər ki, 6 həftəlik müharibədə Rusiyanın davranışı həm də Qərbə inteqrasiya yolunu tutmaq istəyən Ermənistan hakimiyyətini və cəmiyyətini cəzalandırmaq məqsədi daşıyıb. Çünki 2018-ci ildən – Paşinyan inqilabla hakimiyyətə gəldikdən sonra ölkədə çox şey dəyişib. Rusiyapərəst liderlər həbs olunub, parlament onların nəzarətindən çıxarılıb, Rusiya TV kanallarının ölkədə yayımı dayandırılıb, rus dilinin tədrisi ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Gümrüdəki Rusiya hərbi bazasının da “əl-ayağı” xeyli yığışdırılıb, onun fəaliyyəti ilə bağlı çərçivələr müəyyənləşdirilib. Moskvanı ən çox qıcıqlandıran hadisə isə İrəvandakı ABŞ səfirliyinin genişləndirilməsi, orada xüsusi təyinatlıların, məxfi laboratoriyaların yerləşdirilməsi ilə bağlı kəşfiyyat məlumatlarıdır. Ermənistanın Qərb strukturları ilə sıx əlaqələri, getdikcə daha çox Rusiyanın iqtisadi, siyasi nüfuz dairəsindən çıxmaq cəhdləri günün birində Moskvanın səbrini daşırdı və inqliabçı qüvvələr təsəvvür etmədikləri vəziyyətə düşdülər. Rusiya elə bir reallıq yaratdı ki, nəinki Qarabağ erməniləri, Ermənistan dövləti də Rusiyanın “xilaskar” müdaxiləsinə möhtac qaldı. Mariya Zaxarova üzünü həm də Paşinyana tutub deyir ki, Rusiyanın bu xilaskar missiyasını heç kim unutmamalıdır.
Bundan sonra Ermənistanda vəziyyətin necə olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. Rusiyanın tam hərbi-siyasi nəzarətinə keçən ölkənin xarici siyasət kursu darmadağın olmuş vəziyyətdədir. Paşinyan ya ondan imtina etməlidir, ya da özü istefa verib, hakimiyyəti Moskvanın məsləhət bildiyi qüvvələrə ötürməlidir. Onun yenidən xarici siyasət kursu formalaşdırması, Qərblə qaldığı yerdən davam etməsi mümkün deyil. Elə Kremlin Paşinyanın baş nazir kreslosunda oturmasına axıra qədər səbr nümayiş etdirməsi də ağlabatan deyil. O, məğlub lider kimi siyasi səhnəni tərk etməlidir. Baş nazir daxildəki dəstəyinə, Qərblə əlaqələrinə güvənib müqavimət göstərə bilərmi? Mümkün görünür. Elə Paşinyanın rəqiblərini həbs etdirməsi, mitinqləri polis gücü ilə dağıtması belə bir niyyətdə olmasından xəbər verir. Amma tezliklə Rusiyanın sərt üzü ilə qarşılaşacağı gözləniləndir. Ya hərbi qiyamla, ya da…

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10