Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalindən yadigar qalan qanadlı ifadə - “Bizim küçədə də bayram olacaq”


El arasında tez-tez işlədilən belə bir deyim var: “Bizim küçədə də bayram olacaq”. Əvvəlcə bu ifadənin haradan və necə yarandığını oxucularla bölüşmək istəyirəm. Sonra isə həmin ifadəni nədən xatırladığımı yazacağam.
İosif Stalinin Viktor Boqomolov adlı bir mühafizəçisi olub. Adətən, Stalin çox nadir hallarda mühafizəçilərini özü seçib. Bu işlə əsasən mühafizə rəisi Nikolay Vlasik məşğul olub. Boqomolov isə o şəxslərdən olub ki, o, birincilərin mühafizəsinə Stalinin təşəbbüsü ilə düşüb.
Boqomolov Stalini ilk dəfə 1940-cı ildə, dekabrın 22-də Böyük Teatrın xidməti girişində növbə çəkəndə görüb. Sonralar özünün də yazdığı kimi, Stalini canlı görmək onun yaddaşına birdəfəlik həkk olunub. Amma həmin anlarda Boqomolovun ağlına da gəlməyib ki, o, Stalinin şəxsi mühafizəsində xidmət edəcək. Hündürboylu, cüssəli, əsl hərbçilərə xas olan duruşu, əsgəri salamı ilə Boqomolov Stalinin diqqətini cəlb edib və o, Vlasikə Boqomolovu xüsusi mühafizə komandasına götürməyə dair göstəriş verib.
Viktor Boqomolov idmanın bir neçə növü üzrə yüksək dərəcələrə malik olub, atıcılıq və güləş üzrə idman ustası adını qazanıb, həmçinin şahmat üzrə bir neçə dəfə şəhər turnirlərində yer tutub.
(Qeyd edək ki, Boqolomolovun oğlu Vladimir Boqomolov da uzun illər xüsusi mühafizə idarəsində çılışıb və Leonid İliç Brejnevin şəxsi mühafizəsində xidmət edib).
4-39.jpg (79 KB)
1941-ci ilin sonunda Ali Baş Komandanlığın gizli qərargahı Moskva metropoliteninin “Kirov” stansiyasında yerləşib. Stalin tez-tez bu qərargahda olub, bəzən isə onun üçün ayrılmış xüsusi otaqda gecələyib. Həmin günlərin birində Boqomolov Stalinin otağının qarşısında keşik çəkib. Gecədən xeyli keçmiş Vlasik otaqdan çıxaraq Viktor Boqomolovdan soruşub:
- Viktor, sən şahmat oynamağı bacarırsan?
Gecəyarı verilən bu sual Boqomolovu təəcübləndirsə də o, öz rəisinə sakitliklə cavab verib:
- Bəli, bacarıram.
- Necə oynayırsan?
- Pis oynamıram, bizimkilərin hamısını uduram.
- Tez növbəni təhvil ver, arxamca gəl, Stalinlə şahmat oynayacaqsan, amma udmağı ağlına belə gətirmə.
Beləliklə, serjant Boqomolov Vlasikin arxasınca marşal Stalinin otağına keçib. Stalin onu üstündə şahmat taxtası olan masanın arxasına dəvət edib. Oyun başlanıb. Bir neçə gedişidən sonra Stalin soruşub:
- Siz mənə qəsdən uduzmaq istəyirsiniz?
- Xeyr, yoldaş Stalin.
- Bəs niyə əlləriniz əsir?
- Axı mən sizinlə, İosif Vissarionoviç Stalinlə şahmat oynayıram.
- Eybi yox, adət edərsiniz.
Oyun heç-heçə bitib, yəni pat.
Bu heç-heçədən sonra Boqomolovu şahmat oynamaq üçün bir daha Stalinin yanına dəvət etməyiblər. Amma Biktor Boqomolov başqa bir dəvət qazanıb. Onu Stalinin şəxsi mühafizəsinə götürüblər.
Adətən Stalin axşamlar qısamüddətli olsa da piyada gəzintiyə vaxt ayırıb. Hətta Moskva ətrafında vəziyyət gərgin olanda da Stalin piyada gəzintilərindən imtina etməyib. Həmin gərgin günlərin birində Stalin bağ evinin həyətində axşam gəzintiyə çıxıb. Evdən çıxanda o, birinci postda dayanan Viktor Boqomolovun çox kədərli, narahat siması ilə üzləşib. Stalinin mühafizəçisinin narahatlığını anlayıb, anlayıb ki, alman qoşunlarının Moskva ətrafındakı döyüşləri, paytaxta yaxınlaşması mühafizəçini narahat edir və onu yanına çağırıb:
- Boqomolov, hər şey yaxşıdır, narahat olma. Bizim küçədə də bayram olacaq...
“Bizim küçədə də bayram olacaq” ifadəsi məhz bu hadisədən sonra dillərə düşüb.
96_big.jpg (133 KB)
Noyabrın 8-də Azərbaycanın bütün küçələrində bayram idi. Çoğrafi məkan baxımından isə Şuşanın küçələrində daha böyük təntənə yaşanırdı. Su kimi saf olan Şuşa murdarlardan təmizlənmişdi. Şuşa həsrətlə gözlədiyi Azərbaycan əsgərinə qucaq açmışdı.
21933.jpg (72 KB)
Amma bu qələbə, sözlə ifadə oluna bilməyəcək bu sevinc hələ son deyil. Hələ mən yaşadığım küçədə də, Xankəndi şəhərində də bayram olacaq. Az qalıb. Şuşa ilə Xankəndinin arasındakı məsafə dolama asfalt yolla cəmisi 11 kilometrdir. Köhnə pulla desək, avtobusla 20, taksi ilə 50 qəpiklik yol. Yəni, müqayisə etsək, Bakı metrosunun Əhmədli stansiyasından Nərimonav stansiyasına qədər olan məsafə.
Изображение 018-_2.jpg (57 KB)
Xankəndi şəhərində yaşadığım binanın eyvanı daşnak yuvasına çevrilən Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin inzibati binasına və şəhərin baş meydanına açılırdı. 1988-ci ildə müharibə məhz bu küçədə, bizim küçədə başlanmışdı. Müharibə Xankəndi şəhərində başlandığı kimi, bu şəhərdə də sona çatır. İndi bizim küçədə də bayram olacaq...
Bayramımız və Qarabağı kəndbəkənd, şəhərbəşəhər dolaşan bayrağımız mübarək!
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10