Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müxalifət prezidentin mesajlarını necə qiymətləndirir?


Prezident İlham Əliyev Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək istədiyi halda, təzyiqlərlə üzləşdiyini açıq mətnlə dilə gətirir. Bu baxımdan, prezidentin oktyabrın 26-da xalqa müraciətində Azərbaycan əhalisi ilə yanaşı, xarici dairələrə, həmsədr ölkələrə də ciddi mesajlar var idi. Xüsusən Türkiyə Hava Qüvvələrinin hazırda Azərbaycanda olan F-16 döyüş təyyarələrindən istifadə ehtimalı barədə onun söylədiklərinin konkret hədəfə ünvanlandığı aydındır.
İlham Əliyev müraciətində bildirdi ki, “Türkiyənin F-16-ları sizdə nə gəzir?” sualı ilə tez-tez üzləşir: “Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın, F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, təyyarələr yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar…”
Müraciəti şərh edən siyasətçilər hesab edir ki, dövlət başçısının çıxışındakı mesajlar daha çox Rusiya və İrana yönəlmişdi.
Müsavat başqanının müavini Səxavət Soltanlı bildirdi ki, Azərbaycana təzyiqlər haqqında İ.Əliyevin dedikləri yenilik deyildi, çünki açıq ifadə olunmasa da, xeyli vaxtdır bu təzyiqlər hiss olunur. Onun fikrincə, son vaxtlar üç humanitar atəşkəs razılaşması da təzyiqlərin nəticəsi idi: “Uzun müddətdir təzyiqlər var. Bu təzyiqlər qarşısında dövlət başçısının gətirdiyi arqumentlər də, yanaşması da doğrudur. Diplomatik normalara cavab verən açıqlamadır”.
S.Soltanlı hesab edir ki, prezidentin F-16-lardan mümkün istifadə barədə söylədikləri Rusiya və İrana mesaj idi:
“Rusiyanın Ermənistana gizli silah-sursat göndərməsi ilə yanaşı, qarşıdakı mərhələdə birbaşa açıq yardımlar etməsi ehtimalı var. İstisna olunmur ki, Ermənistanın təxribatları nəticəsində Rusiya prosesə qoşula bilər. Həmçinin, regionda İranla bağlı da müəyyən gəlişmələr var. Prezidentin F16-lar haqda dedikləri həm də Azərbaycanın tək olmadığı, Türkiyənin ona dayaq durduğuna növbəti işarə idi”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi indiki mərhələdə Azərbaycana qarşı açıq və rəsmi təzyiq gözləmir. Onun sözlərinə görə, bunun baş verməsi beynəlxalq birliyin subyektlərinin öz mandatlarına hörmət etmədiklərini ortaya qoyar:
“Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olan hər üç ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində ATƏT tərəfindən mandatlandırılıblar. Azərbaycan da ərazi bütövlüyünün bərpasına çalışır”.
S.Həzi dövlət başçısının F-16-lar barədə dediklərinin də ciddi siqnal olduğunu vurğuladı. Onun sözlərinə görə, bu, həm də onun mesajı idi ki, Azərbaycan müharibə potensialını hələ tam ortaya qoymayıb:
“Düşmən də, ölkədə sabitliyin, atəşkəsin olmasında maraqlı qüvvələr də bunu nəzərə almalıdır. Bilməlidilər ki, Azərbaycan hələ bütün potensialını ortaya qoymayıb – həm insan resursları,  həm də texnika baxımından. Azərbaycanın 5 ordu korpusundan yalnız ikisi hələ döyüş bölgəsində aktivdir. Hazırda Azərbaycana təzyiq etməkdənsə, Ermənistanın işğalı dayandırması üzrə iş aparmalıdırlar. Torpaqları işğalda olan ölkəyə təzyiq həm ədalətli olmaz, həm də sülhün qalıcı olmasına xidmət eləməz”.
Respublikaçı Alternativ (ReAl) Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli hesab edir ki, prezidentin bugünkü müraciətində Rusiyaya yönnəlik mesajlar daha açıq idi. Onun fikrincə, Azərbaycan Türkiyədən başqa, digər dövlətlərlə də güclü ittifaqlar qurub və bunun sayəsində təzyiqlər qarşısında dayanmaq imkanları artıb. N.Cəfərli vurğuladı ki, işlək ittifaqlar olmadan Rusiyaya qarşı indiki kimi açıq danışmaq mümkün olmazdı. ReAl funksioneri bu gedişin strateji baxımdan doğru olduğunu düşünür:
“Ermənistanın Rusiyanın sözcüsü olması daha açıq şəkildə dünyaya çatdırılmalıdır. Bu, Rusiyaya qarşı olan beynəlxalq çevrələr üçün də tutarlı arqumentə çevriləcək. Dünyaya izah etmək lazımdır ki, Ermənistan bölgədə böyük neft-qaz dəhlizlərinə təhlükədir. Bu təhlükənin yaranması da “Şimal Axını-2” layihəsinə görə indi Kremlə sərf edir”.
N.Cəfərlinin fikrincə, prezidentin bugünkü müraciəti həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərinin artıq müzakirə predmeti olmadığını da göstərdi.
Gülər
pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10