Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ermənistan Rusiyadan qopmaq naminə Qarabağı itirməyə razıdır”


Ərəstun Oruclu: Lakin Rusiya Ermənistanı belə asanlıqla əldən vermək fikrində deyil, çünki onu Qərbə təhvil vermək üçün yaratmayıb”
 
Qarabağda Azərbaycan Ordusunun hərbi əməliyyatları uğurla davam edir. Artıq məğlubiyyəti həzm edə bilməyən işğalçı ölkədə Rusiya əleyhinə etirazlar başlayıb. Belə təəssürat yaranır ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan, sanki ermənilərə Rusiyadan kömək olmayacağını, dolayısı ilə Rusiyadan imtina etməyin labüd olduğunu göstərmək istəyir.
 
Nəzərə alaq ki, Paşinyanın Soros Fondunun himayəsi və dəstəyi ilə hakimiyyətə gəldiyi iddia olunur. Belə olan təqdirdə, onun Rusiyanın ayağını Ermənistandan “kəsmək” istəməsi normal qarşılanmalıdır.
 
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu deyib ki, Paşinyanın hakimiyyətə gəldiyi ilkin mərhələdə arxasında kimlərin dayandığını ehtimal etmək çətin idi: “Ancaq Paşinyan öz komandasını formalaşdırmağa başlayandan sonra bunun kökləri üzə çıxdı və məlum oldu ki, o, Qərb tərəfindən dəstəklənir və Qərbin müəyyən dairələrinin köməyi ilə hakimiyyətə gəlib”.
ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu:
“Aydındır ki, Paşinyanın başlıca vəzifələrindən biri Ermənistanı Rusiyanın təsirindən çıxarmaq idi. Buna nail olur, yoxsa yox - bunu demək hələlik tezdir. Lakin Azərbaycan Ordusunun hazırda davam edən anti-terror əməliyyatlarına qədər də Ermənistanda Rusiyaya münasibət bir o qədər müsbət deyildi. Həmişə müəyyən bir kütlə Rusiyaya mənfi münasibət bəsləyirdi. Ermənilər, sadəcə olaraq anlayırdılar ki, bu mühitdə özlərinə bu qədər düşmən qazanıblarsa, demək, onları müdafiə edə biləcək yeganə ölkə Rusiyadır. Ona görə də hər zaman üzdə də olsa, özlərini Rusiyanın müttəfiqi və dostu kimi göstərməyə çalışıblar”, - ekspert bildirib.
 
Digər tərəfdən, Oruclunun sözlərinə görə, həm iqtisadi, həm də təhlükəsizlik baxımından Rusiyadan asılı olması Ermənistanı Rusiyanın forpostuna çevirib və Rusiya siyasətçiləri forpost terminini özləri də dəfələrlə işlədiblər: “Eyni zamanda, Ermənistan hələ də müstəqil dövlət kimi formalaşa bilməyib. Çünki onların kommunikasiya, iqtisadiyyat və digər sahələri Rusiyanın nəzarətindədir. Bundan başqa, Rusiya Ermənistana silah yardımı edir. Faktiki olaraq daha ucuz qiymətə silah satır, kreditlə silah verir və sair”.
 
Müsahibimiz vurğulayıb ki, Paşinyanın Rusiyaya meylli siyasəti kökündən dəyişmək istəməsi, mütləq şəkildə müəyyən itkilərlə müşayiət olunmalı idi: “Necə ki, Mixail Saakaşvilinin Gürcüstanı Qərbə inteqrasiya etdirmək istəməsi Gürcüstanın iki bölgəsini itirməsi ilə nəticələndi, Ukraynanın Qərbə yönəlməsi Krımın itirilməsi ilə yekunlaşdı, üstəlik Rusiya Şərqi Ukraynada separatçı qruplar yaratdı. Həmçinin, Rusiya Gürcüstanın işğal edilmiş iki bölgəsinin “müstəqilliyini” tanıdı. Düzdür, hüquqi baxımdan Rusiyanın həmin əraziləri tanıması heç nəyi dəyişmir və Gürcüstan həmin bölgələri gələcəkdə yenidən qaytara bilər. Amma bu gün üçün real vəziyyət budur”.
 
“Paşinyan da anlayırdı ki, Rusiyadan qopmağın bir bədəli olacaq və bu bədəl Qarabağ ola bilər: “Yəqin ki, Paşinyan, onun müttəfiqləri və onun Qərbyönümlü siyasətinin tərəfdarları bunu əvvəlcədən hesablayıblar. Ona görə də hələlik Rusiyanın prosesə müdaxilə etmədiyi görünür. Bunun isə iki səbəbi var: Birincisi, Paşinyan hökumətinin xarici siyasətinin Rusiyanı qane etməməsi, ikincisi isə Azərbaycanın arxasında Türkiyənin dayanması və Azərbaycanın qati şəkildə hərbi əməliyyatlara start verməsi. Çox güman, ermənilər Qarabağı itirməklə Rusiyadan qopacaqlarını və bununla da Qərbə inteqrasiya edəcəklərini hədəfləyiblər”, - deyə Oruclu söyləyib.
 
O, əlavə edib ki, bunun əvəzində Rusiya hansı addımlar atacaq - onu söyləmək bir qədər çətindir: “Çünki Rusiya Ermənistanı belə asanlıqla əldən vermək fikrində deyil və bu, açıq-aydın görünür. Rusiya Ermənistanı bu gün Qərbə təhvil vermək və nəzarətindən çıxarmaq üçün yaratmayıb. Düşünürəm, Paşinyanın son günlərdəki davranışları da onu göstərir ki, onun üçün Qarabağdan da daha prioritet məsələ Rusiyadan qopmaq və Qərbə inteqrasiya etməkdir. Bu da özünü açıq-aşkar biruzə verir”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10