Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ginnesin kitabına düşən Berlin əməliyyatı – qəhrəman əsgərlər şəhəri 17 günə götürüblər


Sovet-alman müharibəsinin son mərhələsi olan Berlin əməliyyatı tarixə ən uğurlu əməliyyat kimi düşüb. Bununla yanaşı Berlin əməliyyatı döyüş miqyasına görə dünyada ən böyük hərbi əməliyyat kimi Ginnesin Rekordlar kitabında da yer alıb.
Tarixçilərin və hərbi ekspertlərin uzun illər apardığı araşdırmalar nəticəsində bu əməliyyat haqqında bu gün də yeni faktlar üzə çıxmaqdadır.
Berlin əməliyyatı 17 gün, 1945-ci ilin aprlin16-dan mayın 2-nə qədər davam edib. Əməliyyat zamanı hər iki tərəfdən ümumilikdə 4 milyona yaxın döyüşçü iştirak edib, 8 min tankdan və 11 min təyyarədən istifadə olunub.
Berlin əməliyyatının gedişatında nasist Almaniyasının əsir və girov götürdüyü 100 minlərlə insan azad edilib. Maraqlı faktlardan biri odur ki, Berlində gedən döyüşlər zamanı SSRİ Berlin sakinlərini ərzaqla təmin edib. Bu işlə Berlinin SSRİ-dən olan birinci komendantı Nikolay Berzarin məşğul olub.
unnamed.jpg (103 KB)
Əməliyyatın ilk 3 günündə Vermaxtın 93 diviziyası məhv edilib. Bütövlükdə II dünya müharibəsindəki hərbi əməliyyatlar arasında bu 3 gündə gedən döyüşlər ən uğurlu döyüş sayılıb.
Reyxstağın ələ keçirilməsi uğrunda döyüşlər 5 gün, aprelin 28-dən mayın 2-nə qədər davam edib. Reyxstağın binası 89 hərbi texnikadan atəşə tutulub.
Berlin əməliyyatına 1-ci Belarus cəbhəsinin komandanı marşal Georgi Jukov, 1-ci Ukrayna cəbhəsinin komandanı marşal İvan Konyev, 2-ci Belarus cəbhəsinin komandanı marşal Konstantin Rokossovski, 18-ci hava qüvvələri ordusunun komandanı aviasiya marşalı Aleksandr Qolovanov, Dnepr hərbi donanmasının komandanı kontr-admiral Vissarion Qriqoryev,
Baltik donanmasının komandanı admiral Vladimir Tributs rəhbərlik edib.
71.jpg (121 KB)
Berlin əməliyyatı zamanı sovet qoşunları tərəfindən 352 min 475 nəfər həlak olub.
Əməliyyatdan sonra SSRİ Ali Soveti Rəyasət heyətinin qərarı ilə “Berlinin alınması uğrunda” medal təsis edilib. Əməliyyatda iştirak edən 1 milyondan artıq hərbçi həmin medalla təltif olunub.
Berlin əməliyyatında fərqləndiyinə görə 612 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Berlinin kim tərəfdən alınması müttəfiqlər tərəfindən ciddi müzakirə mövzusuna çevrilib. Amerika Birləşmiş Ştatları, Britaniya və SSRİ bu müzakirələrə başlamazdan əvvəl İosif Stalin Dövlət Müdafiə Komitəsinin müşavirəsini keçirib.
176.jpg (93 KB)
Müşavirədə onun ilk sualı belə alıb:
- Berlini kim alacaq? Biz, yoxsa amerikalılarla ingilislər?
Suala ilk olaraq 1-ci Ukrayna cəbhəsinin komandanı marşal İvan Konyev cavab verib:
- Berlini sovet ordusu alacaq.
Marşal Georgi Jukov da Stalinin sualını cavabsız qoymayıb. O, Berlin şəhərinin iri maketini Dövlət Müdafiə Komitəsinin üzvlərinə nümayiş etdirib və qətiyyətlə bildirib:
- Bu maketdə hər şey aydın görünür. Məqsədimiz bəlli, hədəfimiz aydın, əməliyyat planı isə tam hazırdır. Biz bu əməliyyat zamanı müttəfiqlərimizin qoşunlarına da döyüş şəraiti yaradacağıq.
Stalin öz marşallarına inanıb. Xüsusilə də marşal Jukova. Onun Jukov haqqında “Harada Jukov var, orada qələbə var” ifadəsi də təsadüfi söylənilməyib.
Medal_For_the_Capture_of_Berlin.jpg (26 KB)
Berlin əməliyyatı Almaniyanın kapitulyasiya aktına imza atması ilə yekunlaşıb. Qeyd edək ki, Almaniyanın kapitulyasiyası ilə bağlı akt iki dəfə imzalanıb. Birinci dəfə 1945-ci il mayın 7-də saat 02:41-də Fransanın Reyms şəhərindəki texniki kollecin inzibati binasında dörd bənddən ibarət olan kapitulyasiya aktına Almaniya tərəfdən general Yodl, ingilis-amerikan ordusu adından general Smitt, SSRİ tərəfdən general Susloparov, Fransa tərfdən isə müşahidəçi statusunda general Sevez imza atıblar. Reyms protokolu ilə bağlı maraqlı məqamlardan biri də odur ki, akta imza atan general Susloparov Moskvadan gecikmiş bir göstəriş alıb – aktı imzalamamaq göstərişi. Amma artıq gec olub. İosif Stalin Reyms protokoluna belə münasibət bildirib:
“Reymsdə müttəfiq ölkələr kapitulyasiya aktına imza atıblar. Sözsüz ki, onu ləğv etmək olmaz. Amma Reyms protokolunu qəbul etmək də olmaz...”
kapityliacia.jpg (115 KB)
Reyms protokolu imzalananda general Susloparov akta imza atarkən bir şərt irəli sürüb, istənilən müttəfiq ölkə tərəfindən daha bir kapitulyasiya aktı imzalana bilər. Tərəflər bu şərti qəbul ediblər. Elə bu şərt əsas götürülərək mayın 8-də Berlinin Karlhorst qəsəbəsində yerləşən hərbi məktəbin yeməkxanasında Vermaxtın sözsüz və tam kapitulyasiyası ilə bağlı növbəti akt imzalanıb. SSRİ tərəfdən akta marşal Georgi Jukov imza atıb. Akt Mərkəzi Avropa vaxtı ilə 22.43-də imzalanıb.
Arzu edək ki, yaxın zamanlarda Xankəndi şəhərində ermənilərin təslim olması ilə bağlı kapitulyasiya aktının imzalanmasına şahidlik edək...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10