Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İrəvan, yoxsa Yerevan: hansına istinad edək?


“Onlar ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar, biz İrəvanı güzəştə getdik”
 
Qədim Azərbaycan torpağı, lakin hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhərinin adı mətbuatımızda gah “İrəvan”, gah da “Yerevan” formasında yazılır. Tarixçilərin təbiri ilə desək, həmin ərazidə qədim İrəvan xanlığı mövcud olub və şəhər də xanlığın adını daşıyır. Lakin 1918-ci ildə Azərbaycan Cümhuriyyəti digər bütün ərazilərə olan iddialarından əl çəkmələri şərtilə, İrəvan şəhərini ermənilərə güzəştə gedib.
 
F.X.Xoyskinin ovaxtkı Xarici İşlər naziri M.H.Hacınskiyə ünvanladığı məktubda yazılır: “Onlar (ermənilər – qeyd) ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik”.
 
Tarixin yaddaşından da məlum olduğu kimi, ermənilər İrəvan şəhərini özlərinə paytaxt elan etdikdən sonra şəhərin adını dəyişdiriblər. Lakin hazırda da Azərbaycan mətbuatında İrəvan şəhərinin adı gah İrəvan, gah da Yerevan kimi yazılır. Əslində, mediamız hansı deyiliş formasının üzərində dayanmalıdır?
 
İrəvan qalası — Vikipediya
Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşovun sözlərinə görə, dədə-babadan “İrəvan” adını istifadə etdiyimiz üçün, qulağa da bu forma daha yaxşı yatır: “Bu adlar 30-cu illərdə təsdiq olunub. Həmin dövrdə orfoqrafiya komissiyası var idi, onlar xüsusi isimləri, xüsusilə də şəhər, ölkə adlarının necə yazılmasını müəyyənləşdirirdilər. Hazırda rəsmi olaraq şəhərin adı “Yerevan” formasındadır. Ancaq biz ədəbiyyatda “İrəvan” formasından istifadə edirik. Xaricilərlə görüşəndə, başqa dillərdə yazarkən fikrimizi daha dəqiq çatdırmaq üçün “Yerevan” formasında yazsaq, yaxşıdır. Lakin özümüz “İrəvan” formasında işlədirik”.
 
“Ancaq biz istəsək, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası var, həmin komissiyaya müraciət edib dəyişiklik etmək olar. İndiki halda bu, nə qədər vacibdir? Əsas odur, torpaqlarımız işğaldan azad olunsun. Amma mənə elə gəlir, biz elə “İrəvan” işlətsək, daha yaxşı olar. Bu forma qulağa da daha yaxşı yatır, dədə-babadan da “İrəvan” işlətmişik. Sovet dövləti qurulmamışdan əvvəl də biz “İrəvan” işlətmişik. Lakin 30-cu illərdən sonra “Yerəvan” kimi təsdiq olundu və rəsmi sənədlərdə də belə işlədirik. İndi də xarici dildə material yazdıqda “İrəvan (Yerevan)” formasında yaza bilərik”, - Amaşov bildirib.
 
Media hüququ eksperti Ələsgər Əhmədoğlu deyib ki, “Yerevan” rus dilinin quruluşuna uyğunlaşdırılmış versiyadır: “Azərbaycan dilinin qaydalarına görə, istifadə olunan bütün sözlər Azərbaycan dilində ifadə olunur. Biz bir çox alınma adları da dilimizin tələffüz qaydalarına uyğunlaşdıraraq ifadə edirik. Düzdür, tarixi aspektdən baxsaq, qədim İrəvan xanlığı var. O həm də “Rəvan”dır, sonradan “İrəvan” olub. Türklər də o baxımdan tarixi sənədlərində olduğu kimi istifadə edirlər. Biz isə daha çox Sovet dönəmində Yerevan olduğu üçün, indi son vaxtlar “Yerevan”dan istifadə edirik. Bu ad rus dilinin quruluşuna görə “Yerevan” formasında işlədilib. “İrəvan” formasında işlədilməsi də təbiidir, istifadə oluna bilər”.
 
“Altun” kitab nəşriyyatının direktoru Rafiq İsmayılov “İrəvan” formasının işlədilməsinin tərəfdarıdır: “Azərbaycan dilində daha çox “İrəvan” işlədilir. Düzdür, Sovet dövründə ruslardan gəlmə bir toponim kimi “Yerevan” işlədirdik, ancaq Azərbaycan dilində “İrəvan” formasında qəbul olunub. Azərbaycan “Orfoqrafiya lüğəti”ndə şəhərlər yoxdur, ölkə adları var. Ancaq mənə elə gəlir, biz “İrəvan” işlətməliyik”.
 
“Bu haqda toponimlər üzrə orfoqrafiya qaydalarında elə bir şey deyilmir. Lakin son dövrdə belə qəbul olunub ki, Azərbaycan dilində bu şəhərin adı tarixi olaraq “İrəvan” olub. Ona görə də “Yerevan” işlətmək mənə elə gəlir ki, Sovet dönəmində qalıb. Rus dilinin toponimiyasına uyğun olaraq “Yerevan” işlənirdi, biz də onlardan götürmüşdük deyə, “Yerevan” işlədirdik. Ancaq tarixi ad olaraq biz həmişə “İrəvan” demişik, ona görə də mənə elə gəlir, “İrəvan” qalmalıdır”, - İsmayılov vurğulayıb.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli hesab edir ki, əsl yazılış qaydası “İrəvan”dır: “Bu şəhərin qədim adı İrəvandır. Urartu mənbələrində İrəvanın adı “İrəbuni” formasında gedib. “İrəvan” toponimi tariximizdən gələn addır. Buna görə də düzgün variant “İrəvan”dır”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10