Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyanın hərbi-siyasi hoqqabazlığı: Prezident İlham Əliyev onu iflasa uğradıb


Rəsmi Bakı dinc əhaliyə atəş açan Ermənistanın aqressor davranışlarını sübuta yetirə və KTMT-nın hərbi dəstək öhdəliklərinin qüvvədən düşməsinə nail ola bilər... Rusiyanın Ermənistan ucbatından Azərbaycan və Türkiyə ilə münasibətləri korlamağa həvəs göstərəcəyi inandırıcı deyil... Paşinyan hakimiyyətinin indiki quldur və terrorçu dövlətə uyğun davranışları isə yaxın gələcəkdə Ermənistanın özünün əleyhinə də çevrilə bilər...

Cənubi Qafqaz dünyanın diqqət mərkəzindədir. Bu regionda böyük savaş davam edir. Qarşıduran iki tərəf olsa da, hədədlər fərqlidir. Ermənistan 30 ilə yaxın bir müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini öz nəzarətində saxlamaq üçün əlindəki bütün imkanlardan yararlanmağa çalışır. Son hadisələr isə göstərir ki, rəsmi İrəvanın əlində elə bir ciddi imkan da artıq qalmayıb.
Məsələ ondadır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır. Rəsmi Bakı 30 ilə yaxın bir müddətdə davam edən sülh danışıqları prosesindən bezib. Azərbaycan tərəfinin səbri artıq çoxdan tükənib.
unnamed.jpg (40 KB)
Ona görə də, rəsmi Bakı ATƏT-in Minsk Qrupu həmsədrlərinə - ABŞ, Rusiya və Fransanın vasitəçilik missiyasına güvənmədiyini biruzə verməyə başlayıb. Azərbaycan öz ərzi bütövlüyünü bərpa etmək üçün artıq daha bir 30 il də gözləmək niyyətində deyil.
Əksinə, işğal altındakı ərazilərini azad etmək üçün terrorçu və quldur dövlət olan Ermənistanın Dağlıq Qarabağdakı hərbi birləşmələrinə qarşı antiterror əməliyyatlarına başlayıb. Və son məlumatlar Azərbaycan ordusunun savaş meydanında Ermənistanın terrorçu dəstələrinə qarşı üstünlük qazandığını təsdiqləyir.
Ermənistan ordusunun formasını geyinmiş terrorçu dəstələr başıpozuq vəziyyətdə geri çəkilməkdədirlər. Belə davam edərsə, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzanın da vurğuladığı kimi, yaxın bir neçə həftə ərzində Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş olacaq.
Maraqlıdır ki, artıq Ermənistan ordusunda nizam-intizamın yox olduğu barədə dəqiq məlumatlar gəlməyə başlayıb. Ermənistan hərbçiləri vuruşmaq istəmirlər. Bir çox erməni əsgər özbaşına döyüş mövqeyini tərk edərək, fərrari durumuna düşüb. Üstəlik, bəzi yüksəkrütbəli erməni zabitləri öz əsgərlərin boşuna məhv edilməsindən yayınmaq üçün onlara döyüş mövqeyini tərk etməyi məsləhət görürlər.
44886a15a3fab31b4b252f80ac7b5d75.jpg (111 KB)
Ermənistanın işğalı altında olan torpaqlarda rəsmi İrəvanın son 30 ildə qeyri-qanuni məskunlaşdırdığı şəxslər kütləvi şəkildə ərazini tərk edirlər. Onlardan bəzilər Ermənistana üz tuturlar. Bir çoxları isə Ermənistanın gələcək perspektivlərinin qeyri-müəyyən olduğunu anlayaraq, xarici ölkələrə yerləşməyə çalışırlar.
Təbii ki, Paşinyan hakimiyyəti savaş meydanında yaranmış vəziyyətin Ermənistan üçün hansı qorxunc nəticələr vəd etdiyi anlayır. Savaşdan sonrakı dönəmdə məğlub Ermənistanı ciddi maliyyə-iqtisadi, sosial-humanitar  və siyasi böhranın gözlədiyini başa düşür.
Ona görə də hazırda Paşinyan hakimiyyəti panik və isterik durumdadır. Savaşı davam etdirmək üçün heç bir maliyyə-iqtisadi və hərbi resurslarının qalmadığını qətiləşdirən rəsmi İrəvan hazırda ümidini beynəlxalq səviyyədə siyasi hoqqabazlıq etməyə başlayıb.
Məsələ ondadır ki, savaş meydanında məğlubiyyətin qaçılmazlığına əmin olan rəsmi İrəvan hazırda son cəhdlərini ümumiyyətlə, Cənubi Qafqazı savaş poliqonuna çevirməyə sərf etməkdədir. Yəni Paşinyan hakimiyyəti olduqca hiyləgər və təhlükəli hoqqabazlıqla məşğuldur.
Rəsmi İrəvan bütün vasitələrlə silahlı toqquşmaları Azərbaycan-Ermənistan savaşı çərçivəsindən çıxardaraq, kənar dövlətləri də bu hərbi münaqişəyə bulaşdırmağa can atır. Və bu, artıq heç kəsdə qətiyyən ciddi şübhə doğurmur.
ilham-herb.jpg (52 KB)
Ermənistan o qədər təhlükəli bir oyunun içərisinə girib ki, hətta Azərbaycan Prezidenti İlham Əliyev də rəsmi İrəvanın hoqqabazlığına münasibət bildirməklə, Paşinyan hakimiyyətinin əsl niyyətinə diqqətləri çəkib: “Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni, Avropa ölkələrini cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır”.
Ancaq Prezident İlham Əliyevin son açıqlamaları Paşinyan hakimiyyətinin bu hiyləgər oyunlarının reallaşmayacağına əminlik yaradır: “Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır”.
Göründüyü kimi, rəsmi Bakı Paşinyan hakimiyyətini hərbi-syasi hoqqabazlığının əsl hədəflərinin tamamilə fərqindədir. Və Azərbaycanın siyasi liderinin mövqeyi rəsmi İrəvanı öz çirkin niyyətlərinə çatmaq şansından məhrum buraxa bilər: “Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, Azərbaycan Ermənistan ərazisinə heç bir zərbə endirmir”.
052700027231.jpg (32 KB)
Məsələnin ən önəmli məqamı da elə bundan ibarətdir. Belə ki, savaş meydanında “boğulmaqda olan” Ermənistandakı Paşinyan hakimiyyəti hazırda “saman çöpü”ndən yapışmağa çalışır. Azərbaycanın cəbhə bölgəsindən yüz kilometrlərlə uzaqlıqdakı yaşayış məntəqələrini ağır artilleriya və raket zərbələrinə məruz qoyur. Rəsmi İrəvan bununla bir tərəfdən, Azərbaycan əhalisi arasında panik durum yaratmağa çalışır, digər tərəfdənsə, Rusiyanı da savaş meydanına çəkməyi hədəfləyir.
Məsələ ondadır ki, Azərbaycanın dinc əhalisinin hədəfə alındığı ağır artilleriya və raket atəşi məhz Ermənistan ərazisindən reallaşdırılır. Yəqin ki, rəsmi İrəvan bu barbar davranışla Azərbaycanın Ermənistana cavab zərbəsi endirəcəyinə ümid bəsləyir. Və bunun baş verməsini böyük səbrsizliklə gözləyir.
Çünki Ermənistan KTMT-nin rəsmi üzvüdür. “Rus NATO-si” da adlandırılan bu qurumun təməl yaradılma prinsiplərinə görə, üzv dövlətlərdən hər hansı biri xarici müdaxiləyə məruz qalacağı təqdirdə, KTMT həmin ölkəyə yardım etməlidir.
Elə Ermənistanın nail olmağa çalışdığı da məhz budur. Yəni Azərbaycan cavab olaraq, Ermənistan ərazisindəki atəş höqtələrinə zərbə endirsin, rəsmi İrəvan da KTMT-ya yardım üçün müraciət etmək bəhanəsi qazana bilsin. Və xüsusilə də Rusiyanın Ermənistanı müdafiə edərək, hərbi münaqişəyə iştirakçı tərəf kimi qatılması qaçılmaz olsun...
caaauuuu.jpg (78 KB)
Paşinyan hakimiyyəti bu halda baş verəcəkləri də hesablamamış deyil. Belə ki, rəsmi İrəvan Rusiyanın Ermənistanı dəstəkləyəcəyi təqdirdə, Azərbaycana qardaş Türkiyənin də münaqişəyə müdaxilə edəcəyinə şübhə etmir.
Ancaq rəsmi İrəvan bilir ki, bu hiyləgər planı reallaşarsa, savaş poliqonundakı iştirakçıların sırası Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanla məhdudlaşmayacaq. Yəni, Paşinyan hakimiyyəti daha bir neçə dövlətin, o cümlədən, Türkiyənin üzv olduğu NATO-nun da bu münaqişəyə cəlb olunma ehtimalını nəzərə alır.
Çünki bu halda, münaqişə Azərbaycan Prezidentinin də dediyi kimi, beynəlmiləlləşdirilə bilər və regionun “alov yumağı”na çevriləməsi qaçılmaz olar. Və rəsmi İrəvan məhz bu təhlükəli variantın reallaşmasına çalışaraq, bunu Ermənistanın indiki situasiyadan yeganə xilas yolu kimi qəbul edir.
Təbii ki, rəsmi Bakı Paşinyan hakimiyyətinin bu hərbi-siyasi hoqqabazlığının əsl hədəflərini çox gözəl anlayır. Münaqişə bölgəsində cərəyan edən prosesləri tam nəzarət altında saxlayan Prezident İ.Əliyev Paşinyan hakimiyyətinə Cənubi Qafqazı böyük savaş poliqonuna çevirmək şansı tanımaq niyyətində deyil: “Türkiyənin prosesə cəlb edilməsi yalnız siyasi nizamlanma kontekstində mümkündür”.
1536746208_fr.jpg (295 KB)
Maraqlıdır ki, rəsmi İrəvanın bu hərbi-siyasi hoqqabazlığının əsl hədəflərini yalnız Bakıda və Ankarada deyil, eyni zamanda Kremldə də çox gözəl anlayırlar. Belə ki, Paşinyan hakimiyyətinin Rusiyanın dəstəyini almaq cəhdləri Kreml sahibi Vladimir Putin tərəfindən də qətiyyətlə dəf olundu: “Hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır”.
Əslində, prezident V.Putinin bu açıqlaması dolayısı yolla Rusiyanın heç bir halda, bu savaşa müdaxilə etməyə həvəsli olmadığını göstərir. Hətta gələcəkdə rəsmi Bakı KTMT-yə müraciət etməklə, Ermənistanın aqressor davranışlarını sübuta da yetirə bilər. Bu halda, dinc əhaliyə atəş açan Ermənistana münasibətdə KTMT-nın hərbi dəstək öhdəliklərinin qüvvədən düşmə ehtimalı qətiyyən istisna deyil.
Bütün bunlar onu göstərir ki, dünyanın heç bir ölkəsi Ermənistana görə bir-biriylə üz-üzə gəlməyə həvəsli deyil. O cümlədən, Rusiya da Ermənistan ucbatından Azərbaycan və Türkiyə ilə münasibətlərini korlamaq istəməz. Paşinyan hakimiyyətinin indiki quldur və terrorçu dövlətə uyğun davranışları isə yaxın gələcəkdə Ermənistanın özünün əleyhinə də çevrilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10