Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qafarovanın təcrübəsizliyi


Seçki ilə formalaşmayan siyasi sistemlərdə kadr məsələsi dövlətin ən “yaralı” yeri olur. Adətən mühüm dövlət postları, deputat mandatları fərqli meyarlarla paylanır. Bu zaman kadrların şəxsi keyfiyyətləri, peşəkarlığı, ictimai nüfuzu ikinci plana keçir. Dövlət siyasətinin formalaşması və icra olunması zamanı ciddi səhvlər buraxılır, nəticədə milli maraqlara zərbə dəyir. Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya rəsmi səfəri zamanı baş verən hadisə bunun əyanı nəticəsidir.
Xanım Qafarova iki çağırış Milli Məclisin deputatı olub, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə daxil edilib. O, siyasətdə və diplomatik fəaliyyətdə gözəçarpan fəaliyyəti ilə seçilməyib. S.Qafarovanın parlamentin sədri seçilməsi hər kəs üçün gözlənilməz oldu. Onun hansı meyarlarla bu yüksək dövlət postuna gətirilməsi barədə müxtəlif mülahizələr olsa da, konkret səbəb göstərilmədi.
Lavrovla görüşdəki olaylara qayıtsaq, əlbəttə, orada diplomatik qaydalar Rusiya tərəfindən kobud şəkildə pozulmuşdu. Lavrov görüşə gec gəlmişdi, onun Azərbaycan heyəti ilə salamlaşma forması da rəsmi protokol qaydalarına zidd idi. Beynəlxaq diplomatik qaydalara görə, Azərbaycan Milli Məclisinin sədrinin statusu Rusiya Dövlət Dumasının spikeri ilə bərabərdir. Xarici işlər naziri daha aşağı ranqlı vəzifədir. Amma nə baş verdi? Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Lavrovun qəbul otağında onun köməkçiləri ilə bərabər gözləyir. Nazir otağa girir, hamı ayağa qalxıb, onunla salamlaşır.
Bunu Rusiyanın hazırda baş verən olaylardan dolayı Azərbaycana qarşı hörmətsizliyi kimi qəbul edək. Məlumdur ki, son aylarda iki ölkə arasında münasibətlər sərinləşib, Bakı açıq şəkildə Moskvanın işğalçı Ermənistanı dəstəkləməsinə etirazını bildirməyə, alternativ addımlar atmağa başlayıb. Bəs, Azərbaycan heyətinin Lavrova təqdimatı və bu zaman onların ayağa qalxaraq təzim etməsi, kostyumunu düyümləyib, şax dayanması kimin xətasıdır? Bu cür rəftar ancaq tabeçilik münasibətlərində olan şəxslərə aiddir, bildiyimiz qədər, Sahibə Qafarovanın heyətində Lavrovun işçiləri yox idi…
Əlbəttə, onların bəziləri təcrübəsiz idi və bu adamları qəsdən ölkənin aşağılanmasına şərait yaratmaqda qınamaq olmaz. Baş verənlər sədrin və nümayəndə heyətinin hazırlıqsızlığının, yerində olmamasının nümayişi idi. Yuxarıda qeyd etdiyimiz kimi, bunun da zərərini dövlət çəkir.
Əslində xanım Qafarova hazırlıqlı olsaydı, dərhal müxtəlif ifadələr və maneralarla Lavrovun hörmətsizliyinin cavabını verə bilərdi. Belə məqamlarda həssas, operativ reaksiyalar çox mühümdür və təmsil etdiyi dövlətə hörmət, eyni zamanda diplomatik hücumdan özünümüdafiə xarakteri daşıyır.
Görüşun qapalı hissəsindən yayılan rəsmi məlumatın sonradan Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təkzib olunması da bu qalmaqalın növbəti hissəsidir. Məlumdur ki, Milli Məclisin mətbuat xidmətinin yaydığı xəbər ciddi rezonans doğurub. “Sergey Lavrov Qarabağ münaqişəsinin həlli ilə bağlı işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılmasını, tərəflər arasında kommunikasiyanın bərpa olunmasını və sülhməramlıların yerləşdirilməsini təklif edib. Nazir qeyd edib ki, bu, Rusiyanın rəsmi mövqeyidir, amma Ermənistanda Nikol Paşinyan hökuməti buna mane olur” – deyə sözügedən məlumatda qeyd olunur.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın açıqlamasında növbəti dəfə Azərbaycan Milli Məclisini aşağılamağa cəhd edilib. Zaxarova başqa mənbələrə inanmamağa çağırır, dəqiq məlumatların yalnız təmsil etdiyi quruma məxsus olduğunu vurğulayır. Təəssüf ki, bu açıqlamadan dərhal sonra Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatın mətni Zaxarovanın istədiyi kimi dəyişdirilir. Bəzi rəsmi informasiya agentlikləri də xəbərə korrektələr edirlər. Maraqlıdır, Milli Məclis rəhbərliyinin niyə başqa seçimi olmayıb? Böyük ehtimalla görüşdən yayılan xəbər həqiqəti əks etdirir. Rəsmi informasiyanın hansı mətnlə yayılması isə tərəflərin öz işidir. Hazırkı situasiyada Azərbaycan tərəfi təkzib mövqeyində dayanmaqla özünü arzuolunmaz vəziyyətə gətirib.
Baş verən hadisələri “Press Klub”a şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, bu, ilk növbədə Rusiyanın dipolmatik qaydaları pozmasıdır. Bununla belə o, Azərbaycan heyətinin təcrübəsiziliyinin də hadisədə müəyyən rol oynadığını düşür. Şərhçi hesab edir ki, Sergey Lavrovla Sahibə Qafarova arasında qapalı görüşdən informasiyanın yayılması yaxşı nümunədir:
“Nəhayət, biz bildik ki, Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi nədən ibarətdir. Rusiya Xarici İşlər Nazirliyinin onu sonradan təkzib etməsi heç nəyi dəyişmir. Moskvanın münaqişənin həllinə bu yanaşması bizim üçün çox təhlükəlidir, ona getmək olmaz”. 


pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10