Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Böyük Teatrın qarşısındakı ciddi problemlər – qadın alveri, valyuta mübadiləsi, soyğunçuluq, qətl...


Moskvalılar Böyük Teatrla (Dövlət Akademik Böyük Teatr) həmişə fəxr ediblər. Şəhərin mərkəzində yerləşən, zəngin arxitekturaya malik teatr binası Moskvanın vizit kartlarından biri sayılır. Dünyada məşhur olan Böyük Teatr istər imperiya dövründə, istər SSRİ-nin mövcud olduğu illərdə, istərsə də müasir Rusiyada xarici qonaqların diqqətini cəlb edən və ən çox ziyarət olunan yerlərdən biridir.
Böyük Teatrın əsası 1775-ci ildə qoyulub, hazırda teatrın fəaliyyət göstərdiyi bina isə 1856-cı ildə istifadəyə verilib.
Bu illər ərzində teatr binası bir neçə dəfə yanğına məruz qalıb, xüsusilə 1812 və 1853-cü illərdə baş verən yanğınlar binaya daha ciddi ziyan vurub.
Müharibənin ilk aylarında, 1941-ci ilin oktyabrın 28-də tikili bomba zərbəsinə də məruz qalıb, amma binaya ciddi ziyan dəyməyib.
2-12.jpg (112 KB)

Böyük Teatrın kollektivi 1941-1943-cü illərdə Moskvanı tərk edərək fəaliyyətlərini Kuybışevdə davam etdiriblər. Bu ərəfədə onlar əldə etdikləri gəlirlərin hamısını Müdafiə Fonduna köçürüblər. Buna görə İosif Stalinin teatr kollektivinə xüsusi təşəkkür məktubu göndərilib.

Kollektiv Kuybışevə təxliyə olunanda teatr binasından başqa məqsədlər üçün istifadə olunmayıb və tikili Dövlət Müdafiə Komitəsinin qərarı ilə xüsusi mühafizəyə götürülüb.

1943-cü ildə Kuybşevdən qayıdan kollektiv fəaliyyətlərini yenidən Böyük Teatrda davam etdiriblər.
Böyük Teatr İosif Stalinin ən çox sevdiyi məkanlardan biri sayılıb. O, mütəmadi olaraq bu binada tamaşalara baxıb, təşkil olunan konsertlərdə iştirak edib. Zallarda Stalin üçün xüsusi loya hazırlanıb, həmin loyalarda rabitə qurğuları quraşdırılıb. Stalin Böyük Teatrla bağlı bütün problemləri birinci xahişdən həll edib, dövlət büdcəsindən teatrın saxlanılması üçün lazımi qədər vəsait ayrılmasına göstəriş verib.

da40d94ad0024f6495b671982d19c077.jpg (95 KB)

Böyük Teatrın binasında zaman-zaman yenidənqurma, təmir, bərpa, rekonstruksiya işləri aparılıb. Səs, işıqlandırma, rabitə, təhlükəsizlik sistemləri üçün ən son texniki avadanlıqlarla təchiz edilib.
Tamaşaçı baxımından Böyük Teatrın heç vaxt problemi olmayıb. Düzdür, Stalindən sonra hakimiyyətə gələnlər teatrda az görünüblər, amma sıravi vətəndaşların teatra axını həmişə izdiham yaradıb. Elə teatra olan bu maraq başqa bir problemə səbəb olub. 1970-ci illərdən başlayaraq teatr ətrafında işbazların bilet alverinin qarşısını almaq mümkün olmayıb.
Tələbələr, taksi sürücüləri, teatrın kafesində və təsərrüfat işlərində çalışanlar, yaxınlıqdakı mağazalarda işləyən satıcılar bu şəbəkənin əsas üzvləri olublar. Əsasən Mərkəzi Komitə, Nazirlər Soveti, Mədəniyyət Nazirliyi üçün bron olunmuş biletlər dövriyyəyə buraxılıb. Belə ki, onlar teatra nadir hallarda təşrif buyurublar. Yerli əhaliyə üç-beş dəfə baha satılan biletlər xarici ölkələrdən gələnlərə on qat bahasına satılıb. Teatrın kassirləri ilə qara bazarın adamları arasında olan işbirliyi hər iki tərəfin yetərincə zənginləşməsinə səbəb olub.

1980-ci illərin sonlarında, qarışıq 1990-cı illərin əvvəllərində isə Böyük Teatrın qarşısında fərqli bir mənzərə yaranıb. Bu məkan xarici ölkələrdən Moskvaya gəlib biznes quranları soymaq üçün ən münasib yerə çevrilib. “Teatr həvəskarı” adı ilə Böyük Teatrın qarşısında dolaşan qızlar müştərilərini məhz burada “ovlayıblar”. Nəzərə alsaq ki, imkanlı xaricilər Böyük Teatrın yaxınlığında yerləşən “Natsional” və “Metropol” mehmanxanalarında yaşayıblar, “ovcu”ların düzgün məkan seçməsini yüksək “qiymətləndirmək” olar.
cover-shelk-inside.mikqelvoulrw.jpg (128 KB)

Teatra maraq göstərən zəngin xaricilər teatrın qarşısında tələyə salınıb. Əvvəlcə onlardan teatra girmək üçün bilet xahiş olunub, sonra teatr maraqlarının üst-üstə düşməsi onların həmsöhbət olmağına şərait yaradıb, daha sonra isə qızlar “maraqlı” təkliflərlə həmsöhbətlərini ələ ala biliblər. İntim təkliflər xaricilərə baha başa gəlib. Bu məsələdə onlar xanımları mehmanxanaya gətirəndə, mehmanxana işçilərini də razı salmağa məcbur qalıblar.

Bəzən intim təklifi ilə çıxış edən qızlar tam fərqli məqsədlərə görə bu addımı atıblar. Bu məqsədlərdən birincisi valyuta alveri olub. Digər bir məqsəd isə kriminal qruplarla bağlanıb. Hədəf konkret olaraq seçilib. Yəni hədəfin kim olması əvvəlcədən bilinib. Onlar qızlar vasitəsi ilə ələ keçirildikdən sonra qarət olunublar. Bu cür hadisələr zamanı qətllər də baş verib.

Uzun illər Böyük Teatrın ərazisində xidmət edən, istefada olan milis mayoru Vadim Konstantinovun olaylarla bağlı açıqlamasında da maraqlı məqamlara rast gəlinir:
“1980-ci illərin sonlarında Böyük Teatrın ərazisi Moskva milisi üçün ən arzuolunmaz yerlərdən biri idi. Bu məkanda kriminal elementlər günü-gündən daha qabarıq şəkildə özünü büruzə verirdi. Xüsusilə, xarici ölkə vətəndaşları ilə bağlı daha çox problemlər yaranırdı. Soyğunçuluq, qanunsuz valyuta mübadiləsi, qadın alveri və bu kimi cinayətlərin qarşısını almaq faktiki olaraq mümkünsüzləşirdi. Sütunyorların tez-tez dəyişməsi, yeni “teatr həvəskar”larının peyda olunması, teatr binasının tualetində valyuta alveri, teatrdan sonra yeni tanış olanların yaxınlıqdakı mehmanxanalardakı əməlləri, soyğunçuluq, qətl hadisələri heç də sıradan gələn adi cinayət hadisələri deyildi. Bütün bunlar kənardan, kriminal qruplar tərəfindən idarə olunurdu. Onu da etiraf edim ki, bəzən milis əməkdaşları tərəfindən də onlara şərait yaradılırdı. Təxminən iki-üç il ərzində biz çox güclü mübarizə apardıq. Uğursuz əməliyyatlarımız da oldu. Amma sonda Böyük Teatrın qarşısındakı böyük problemləri aradan qaldıra bildik...”
Bəli, dövr başqa idi və təbii ki, çürük sovet cəmiyyətinin son illərində belə mənzərələrin yaranması da təbii idi...

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10