Bölgəmiz eramızdan əvvəldən Səfəvilər dövrünə qədər (1-ci yazı)
Arxeoloyi abidələr. Masallı rayonunun ərazisində insanların ilkin məskunlaşması tarixi qədimdir. Rayonun ərazisindən aşkar edilmiş daş, tunc və dəmir dövrlərinə aid müxtəlif maddi-mədəniyyət nümunələri qədim dövr tariximizi araşdırmaq üçün cox qiymətlidir.
Masallı ərazisi 168 qədim abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir.
Bunlardan 51-i tarix - memarlıq,
70-i arxeoloji, qalanları isə XX əsr abidələridir.
Həvəskar fransız arxeoloqlar Talışda
Masallı tarixinin yazıya qədərki dövrünü öyrənmək üçün arxeoloyi tədqiqatlar hələ XIX əsrin sonlarında həvəskar fransız arxeoloqu Jak De Morqan və qardaşı Henri Morqan tərəfindən başlanmışdır.
1889-1891-ci illərdə mühəndis De Morqanın rəhbərliyi ilə fransız arxeoloji missiyası İran və Azərbaycan ərazisinə gəlmişdir. De Morqan bu zaman ərzində İranın şimal-qərb rayonlarında, Xəzərin sahillərində, Talış xanlığında olmuş və arxeoloji qazıntılar aparmışdır.
O, 1889-cu Astaranın, Lerikin, Masallının müxtəlif dağ kəndlərinə qədər olan ərazidə ən qədim abidələri, tarixi eksponatları, bir sözlə, bütün maddi mədəniyyət nümunələrini Fransaya yola salır. Qeyd etmək lazımdır ki, onun Azərbaycandan apardığı həmin nümünələr, son tunc, erkən dəmir dövründən 17-ci əsrə qədər olan dövrü əhatə edir.
K.Şaffer və qardaşı Henri ilə birlikdə
1890-cı ildə isə tədqiqatcı K.Şaffer və qardaşı Henri ilə birlikdə Talış dağlarının ətəyindəkı kəndlərin ərazisində 300-ə yaxın nəhəng qəbirləri (bu qəbirlər çəkisi 5-6 tondan ağır böyük daşlardan hazırlanıb, daşlar şaquli vəziyyətdə yerə basdırılıb və hər iki tərəfi bağlıdır. Onların üstünə böyük sal daşlar qoyulub) yerli əhaliyə qazdıraraq, qiyməti milyonlarla ölçülən tarixi abidələri Parisin Sen-Jermen muzeyinə göndərmişdir. Bunların arasında bəzək əşyaları, silahlar, məişət əşyaları, keramika nümunələri vardır.
F. Mahmudovun tədqiqatları
1970 –ci ildə arxeoloq F.Mahmudov rayonun Hişkədərə kəndindəki “Məhi“ və “Kuəhi”adlandırılan ərazisində tədqiqat işləri zamanı əl çapacağı, qaşov, daş baltalar, həvəng, Mirzəgül məhəlləsindən isə e.ə.III minilliyə aid tunc bıçaq, xəncər və qılınclar aşkar etmişdir. Həmçinin Əhlioba məhəlləsindən tapılmış fil sümüyü, maral buynuzuna əsasən bu heyvanların bölgədə yaşamasını göstərmişdir. Arxeoloq həmçinin Mahmudavar kəndində qazıntılar zamanı e.ə.IX-VIII əsrlərə aid edilən tunc dəstəkli qılınclar, Çaxırlı kəndində tunc dövrünə aid kurqan aşkar etmişdir.
Cənub-Şərqi Azərbaycanın
arxeoloji abidələrinin tədqiqi ekspedisiyası
1985-ci ildə Azərbaycan EA-nin Tarix İnstitutu Cənub bölgəsini arxeoloji cəhətdən öyrənmək üçün Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin tədqiqi ekspedisiyası yaradır.
1989-cu ildə Əmirtürbə kəndində Masallı tarixi üçün qiymətli olan torpaq qəbir aşkar edilmişdir. Alimlərin fikrincə uzunluğu 4 m., eni 1,8 m.olan bu torpaq qəbir e.ə.III-II minilliyə aiddir.
2004-2007-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Paleolit arxeoloyi ekspedisiyası professor Ə.Cəfərovun rəhbərliyi ilə Ərkivan qəsəbəsi və Viləş çayı sahillərində arxeoloyi qazıntı işləri aparmışdır.
Xüsusilə ərazisinin Viləş çayı terraslarından tapılmış əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların üst paleolit dövrünə aid olduğunu söyləmək olar.
Ərkivandakı tapıntılar
Ərkivan ərazisindən ust paleolit mədəniyyətinə aid olan daş məmulatlar aşkar olunmuşdur. Aşkar edilmiş maddi mədəniyyət nümunələri Masallı ərazisində qədim insanların 15-20 min il bundan əvvəl yaşamağa başladıqlarını söyləməyə imkan verir.
Yerüstü əlaməti olmayan abidələr Masallı ərazisində çox geniş yayılıb. Onların əksəriyyəti təsərrüfat işləri zamanı ortaya çıxır.
2015-ci ildə rayonun Seybətin kəndi ərazisində kanalizasiya və qaz xətti çəkilərkən küp qəbirlər nekropolu aşkar edilmişdi. Aşkar edilən abidə Masallı rayonunun arxeoloyi xəritəsinə salınmışdı.
Qızılağacın Həzi təpəsi
Qızılağacın Həzi təpəsi adlandırılan ərazisində aşkar edilmış kurqanları neolit və eneolit dövrlərinə aid edirlər.
Masallı ərazisində Eneolit və Tunc dövrlərinə aid “Qala təpə”, “Balaca təpə”, “Nadir təpə”, “Qaratikan təpə”, “Yekə təpə”,”Güllü təpə” kurqanlarında, o cümlədən, orta əsrlərə aid qəbiristanlıqlarda arxeoloji qazıntı işləri aparılmışdır.
Neolit dövrünə aid əl çapacağı, oraq dişləri, bıçaqlar,və qaşovlar rayonun Tatyan kəndinin “Bobyrum”adlanan hissəsindən tapılmışdır. Kəndin “İskəndər təpəsi” və “Köhnə qışlaq” məntəqəsindən son tunc vəerkən dəmir dövrünə aid xəncərlər, ikiağızlı, şişuclu qılınclar, baltalar və bəzək əşyaları da tapılmışdır.
”Qoşabuta”,”Osyo təpə” kurqanları və ”Sığə çolə”qalası Kolatan kəndində, Qız qalası Qəriblər kəndində yerləşir.
Masallını Muğan mədəniyyəti
Masallının qədim tarixinin müəyyən hissəsi Muğan mədəniyyəti ilə bağlıdır. Muğan mədəniyyəti - son tunc - erkən dəmir dövrü (e.ə. II minilliyin ikinci yarısı - e.ə. I minilliyin əvvəlləri) arxeoloji mədəniyyətdir. Bu mədəniyyət nümunələri Azərbaycanda Muğan çölündə və Talış dağlarında aşkar edilmişdir.
Muğan mədəniyyəti üçün sümükləri qıvrılmış və ya dartılmış halda daş qutularda və ya torpaq qəbirlərdə dəfnetmə səciyyəvidir. Həm tək, həm də qrup qəbirləri əmək alətləri, silah və bəzəklərlə müşayiət olunur.
Muğan mədəniyyətini yaradan tayfalar maldarlıq, əkinçilik və ola bilsin ki, həm də balıqçılıqla məşğul olurdular. Əmək alətləri və silahlar tuncdan və dəmirdən hazırlanırdı, xüsusilə səciyyəvi olanlar isə dəstəyi haşiyəli tunc və dəmir qılınc ilə tunc xəncərlər idi. Gil qablar da müxtəlifliyinə görə seçilir. Zəngin və ya kasıb qəbir əşyaları nəsli icmanın dağılması prosesini və bu tayfalarda əmlak bərabərsizliyinin meydana gəlməsini göstərir.Muğan mədəniyyətinin Cənubi Qafqazın digər rayonlarının və qədim Şərq ölkələrinin mədəniyyəti ilə əlaqələri aşkar edilmişdir.
Miyankü, Ərkivan, Qızılavar, Qodman kəndlərindən daşdan yonulmuş qəbirüstü Qoç fiqurları, üzərində müxtəlif işarələr işlənmiş (çərxi-fələk, nəbati, həndəsi və s.) baş daşları, qırmızı və bişmiş kərpiclərlə ucaldılmiş qala və bürclər öz əzəmətini saxlamaqdadır.Masallının Siğdaş kəndində yerləşən Mirsəlim türbəsi və burakadakı başdaşı orta əsrlərə aiddir.
Masallı antik dövrdə
Masallı ərazisi qədim Manna dövlətlərinin ən mühüm ərazilərində biri olmuşdur.Manna dövləti e.ə.III-II minillikdə yaşamış
lullubilərin,
kutilərin,
hurrilərin və digər tayfaların varisi olmuşdu.
E.ə IX əsrdə tarix səhnəsinə çıxmış Manna dövlətinin yerləşdiyi coğrafi mövqe burada əhalinin əkinçilik və maldarlıqla məşğul olması üçün əlverişli idi.
Bölgədə e.ə I minilliyin ortalarında atçılığın inkişafı Mannada olduğu kimi arxeoloyi qazıntılarla müəyyən edilib.
Muğanda və Ərkivanda tapilmış əhliləşmiş at sümükləri bunu bir daha təsdiqləyir
.E.ə. 328-ci ildə Makedoniylı İsgəndər Atropatı Midiyanın satrapı təyin edir. Makedoniylı İsgəndərin ölümündən sonra Atropat Midiyanın müstəqil hakiminə çevrilir.Atropatenanın ərazisi müasir Azərbaycan Respublikasının cənub vilayətlərini də əhatə etdiyindən, Masallı ərazisinin də bu dövlətin tərkibində olması heç şübhəsizdir.
Orta əsrlər dövrü
227-ci ildə Atropatena dövləti Sasanilər tərəfindən işğal edildi.
Kaspiana adlandırılan Kürün Arazla birləşdikdən sonra Xəzərə qədərki hissəsini cənubda-indiki Salyan və Muğan düzlərində yerləşirdiəhatə edən bu əyalət Arazdan şimalda yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur.
İndi Şimali Azərbaycana aid bu bölgə qədimdə Midiyaya, sonra isə Atropatenaya məxsus olmuşdur.
Bu əyalət uzun müddət xristian dinini yaymaq istəyən Roma ilə atəşpərəstlik dinini yaymaq istəyən Sasani dövləti arasında mübarizə meydanı olmuşdur.
Masallı Ərəb işğalı dövründə
VII əsrin 30-40-cı illərindən Azərbaycan ərəb işğalına məruz qalır.
642-ci ildə Muğana hücum etmiş ərəb qoşunu ilə muğanlılar arasında müqavilə bağlandı və yerli əhali islam dinini qəbul etdi.
Yadelli əsarətinə və yerli feodalların ağalığına qarşı Xürrəmilər hərəkatı (778-838) baş verən zaman Ərkivan qalası da onların əsas dayaq məntəqələrindən və mübarizə mərkəzlərindən birinə çevrilir.
IX əsrin II yarısında Xılafətdə siyasi hakimiyyətin zəifləməsindən istifadə edən Sacilər Azərbaycanda ilk vahid müstəqil dövlət yaradırlar. Masallı Ərəb işğalı dövründə
Vll əsrdən ərəb isğallarının başlanması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, +o cümlədən Muğana xeyli ərəb tayfası köçürülmüşdür. Bu gün Xırmandalı inzibati ərazi vahidində yerləşən Ərəb kəndi də ərəb etnonimini əks etdirməkdədir.
Rəvvadilərin Masallının Muğan
ərazisini ələ keçirməsi
Sacilərdən sonra Salarilər və Rəvvadilər dövlət yaratdılar. Rəvvadi hakimi Məmlan Vəhsudan Muğan düzünü ələ keçirmək üçün Muğan əmiri ilə Masallının şimal-şərqində döyüşə girir və onu məğlub edib Muğanı ələ keçirir.
Dövrünün tanınmış şairi Qətran Təbrizi “Əbünəsr Məmlan ibn Vəhüstanın mədhi”əsərində bu qanlı döyüş haqqında məlumat verir.
XI əsrdə Səlcuqlar Cənubu Qafqazı işğal edirlər. Masallı ərazisində səlcuqlar dönəmi bağlı çoxlu pul nişanları aşkar edilmişdir.
1974-cü ildə rayonun Xırmandalı kəndində XII əsrə aid Mosul Atabəylərinin (İraq Səlcuq sultanları) adına zərb edilmış mis sikkələr tapılmışdır. Ümumi şəkisi 18 qram olan bu mis sikkələrin üzərində Mosul Atabəylər dövlətinin sultanının rəsmi zərb olunmuşdur.
Monqol hücumları
XIII əsrdən başlayaraq Azərbaycan monqol hücumlarına məruz qalır.
Hülaki (Elxani) hökmüdarları Muğanda və işğal etdikləri ərazilərdə hakimiyyətlərini möhkəmləndirmək üçün dayaq mənəqələri yaradırdılar.
Teymurilərin hökmranlığı
Teymuri Əbu Səid və Ağqoyunlu Uzun Həsən
arasında Muğanda döyüşü
XIV-XV əsrlərdə bölgədə Teymurilər hökmüranlıq etmişlər.
1468-ci ildə Teymuri Əbu Səid və Ağqoyunlu Uzun Həsən arasında Muğanda döyüş baş verir. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov qeyd edir kı, Mahmudabad, Qızılağac və Muğan arasında baş vermiş döyüşdə Əbu Səid məğlub edilir və Teymurilərin hökmüranlığına son qoyulur.
Bölgəyə nəzarət Ağqoyunlu dövlətinin ixtiyarına keçir.
1-ci hissənin sonu.
Mürüvvət Abbasov, tarix üzrə fəlsəfə doktoru