Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Küçədə yandırılan cəlilabadlı bomj: “İnsanlardan kömək istəmirəm” - Reportaj


"Həyatın içindən" layihəsindən Oğuz Ayvazın reportajını təqdim edirik.
"28 May" metrosunun yuxarısında balaca bir park var: ora küçədə yaşayan, sərgərdan, səfil adamlarla doludur.
Günlərin bir günü yolum ordan keçirdi. Oturacaqların birində oturub gəlib-keçənlərə baxırdım. Saçları pırtlaşıq, üzü saqqallı, nimdaş geyimli bir kişi mənə tərəf yaxınlaşdı. Düşündüm ki, pul istəyəcək. Cibimi eşələyib manatı ovcumda hazır saxladım.
- Xalaoğlu, mən dilənçi deyiləm, səninlə dərdləşmək istəyirəm.
Gallery
Çaşdım, ovcumda sıxdığım pulu azadlığa buraxdım...
Yanımda oturub başına gələn hadisələrdən danışmağa başladı. Söhbətin nədən getdiyini anlamaq olmurdu. Danışdığı hadisələr bir-birlərilə toqquşur, darmadağın olurdu.
- Qardaş, adın nədi?
- Adım, Fərhaddı.
- Fərhad, gəl belə danışaq. Mən jurnalistəm. Sabah fotoqraf dostumla gəlim, səni çəkək, söhbət edək. Bir az tərəddüt edib, əli ilə alnını ovuşdurandan sonra dalğın-dalğın üzümə baxdı:
- Yaxşı, xalaoğlu, gözləyəcəm.
Gallery
Bəlkə də inanmamışdı mənə. Kim bilir, nə qədər insan ona ümid vermişdi. O isə ümidini üzmədən gözləməyə alışmışdı.
Səhəri parka gəldik. Gözüm onu axtarırdı. Boş oturacaqlarda bomjlar büzüşüb mürgü döyürdülər. Fərhad isə bir ağacın kölgəsində yorğan döşəyinə bürünüb yatırdı. Sakitcə yanına yaxınlaşdım. Qəfil dik atıldı. Hiss elədi ki, yanında kimsə var.
- Alə, nə olub? Nə lazımdı?
- Fərhad, dünənki oğlanam da. Tanımadın?
Gözlərini ovuşdurur, diqqətlə mənə baxır, yaddaşı oyanır:
- Hə, xalaoğlu, sənsən, tanıdım.
Gallery
Döşəyinin yanında yer edir mənə. Fərhaddan pis qoxu gəlmir. Yaxın oturun, onun hekayəsilə tanış olaq.
“Əslim Cəlilabaddandı. Bakıya işləmək üçün gəlmişdim. Bir neçə gündən sonra iş tapdım. “Stayanka”da maşınların keşiyini çəkirdim. Beş-üç manat qazanıb, ac qalmırdım. Bir gün iş çıxışı parka gəldim. Yorğunluqdan gözlərimi aça bilmirdim. Çörəyimi yeyib skamyada yatdım. Gecənin bir aləmi hiss elədim ki, yanıram. Ayıldım ki, bədənim alov içindədi. Küçədə qalan axmağın birisi üstümə spirt töküb od vurmuşdu. Ayaqlanıb özümü söndürmək üçün bədənimə zərbələr vururdum, amma paltarım bədənimə yapışmışdı. Alov getdikcə çoxalırdı, söndürə bilmirdim. Hay-küy saldım ki, kömək eləsinlər. “Nənəmin təndiri” dükanında işləyən adamlar əllərində vedrələrlə üzərimə su tökdülər. Vaxtında gəlməsəydilər, üz-gözüm də yanacaqdı. Başımdan aşağı ayaqlarıma kimi yanıqdı. Sonra təcili yardım maşını ilə məni xəstəxanaya apardılar. Orda bir neçə gün baxıb buraxdılar məni.
Kasıbam deyə düz-əməlli müalicə də eləmədilər məni”.
Gallery
Dərindən köks ötürüb cibini eşələyir. Onu qabaqlayıb öz siqaretimdən bir gilə verirəm. Siqareti alovlandırıb, tüstünü acgözlüklə içəri ötürür. Uzaqlara baxır, susur, düşünür. Çox üstünə getmirəm. Gəlib gedən adamlara baxıram.
Küçələr ədəbiyyatla, onun obrazlarının ürək çırpıntıları, həyatları ilə doludur. Onları çox vaxt küçədə görərkən görməzdən gəlir, tələsdiyimiz yerlərə üz qoyuruq.
Saqqalını arıtlayıb danışmağa başlayır:
“Skamyalarda belə gecələyə bilmədiyim günlərim olub, ordan da qovublar. İnsanlar bir-birlərinə bənzəmirlər. Müxtəlif olurlar. Bəziləri olur, bir də görürsən, yemək, siqaret alıb gətirir. Hətta polislər də mənə nəvazişlə münasibət göstəriblər. Deyib, narahat olma sənin yerindi, Allah köməyin olsun”.
Gallery
Küçədə qalan Fərhad yanıq ağrılarından gecələr yuxusuz qalır. Parkın skamyalarında gecələmək istəyir, amma bomjların əlindən rahatlıq tapa bilmir. Deyir, məni yandıran şəxsdən də qansız adamlarla rastlaşıram. Ayaqlarının sızıltısından çox gəzə bilmir. Çəliklə gəzirmiş. Bir gün çəliyini də oğurlayırlar. Daha gəzməyi dayandırır. Gecələr onun üçün daha ağır, daha dözülməz keçir. Nə qohumları, nə qardaşları ona kömək əli uzatmır.
Fərhad dilənçilik etmir. Heç kəsə yaxınlaşıb pul istəmir. Deyir, məndə o üz yoxdu, qüruruma sığışdıra bilmirəm.
“Bəzi günlərdə yaxşı insanlardan biri yaxınlaşıb kömək edir mənə. Dönərimi, suyumu alır. Cibimə 3-5 manat da pul qoyur. Amma gündəlik çörək və suyumu “Nənəmin təndiri”ndən verirlər, sağ olsunlar. Allah köməkləri olsun”.
Gallery
Hekayəsini ordan-burdan danışır. Bilmir ki, söhbətə hardan başlasın. Suallarım onu yorur. Hərdən cavab yerinə susur. Susmağı çarəsizliyini ifadə edir.
Danışdıqca səsi titrəyir, boğazına qəhər dolur. Hərdən söhbətimizə fasilə verir. Mən zarafatlar edib onu güldürmək istəyirəm. Bacarmıram. Elə bil üzünə təbəssüm qonmağı qadağa edib. Üz cizgiləri günəşin işığında dolaşıq görünür. Taleyi bu cizgilərin arasında itib...
“Pulsuzam deyə insanlar məndən qaçır. Küçədə heç bir yoldaşım yoxdur. Heç kimlə yaxın münasibət qurmuram. Utanıram insanlardan. Pis adamlardan uzaq olmağa çalışıram. Yaxşı adamları üzdən tanıyıram. Onlara yaxınlaşıb dərdimi deyə bilirəm...
Gallery
Küçədə yaşayan adamlar məni heyrətə gətirir, araq üçün sinov gedirlər. Bir də görürəm, hansısa qadının ayağından öpür, araq pulu üçün yalvarır. Elə həyasızlarını görürəm, mat-məəttəl qalıram. Adamda kişilik olar e. İnsan özünü bu qədər alçaldar? Bunlar arağa görə vətəni də satarlar. Özüm araq içən deyiləm. Məclisdən məclisə içərəm.
Pulum olanda günü beş manatlıq evlərdə qalırdım. İçəridən kif qoxusu gələr, burnumun dirəyi düşərdi. Küçədə yatmaq bundan min qat yaxşıdı. Orda anasının əmcəyini kəsənlər, avaralar, narkomanlar qalırdı”.
- Fərhad, heç sevmisən?
Susur. Qanrılıb yola baxır. Ayağa qalxmaq üçün ağacın gövdəsindən tutur. Siqaretindən yandırıb, dillənir:
- Sevmişəm, xalaoğlu.
- Qovuşa bilməmisiniz?
- Uzun söhbətdi, danışsam yaram təzələnər. Yaxşısı budu, danışmayım.
- Evlisən?
- 56 yaşım var. Bu günə qədər heç evlənməmişəm.
Gallery
Fərhadın atası, anası dünyalarını dəyişib. Qardaş-bacıları rayonda yaşayırlar. Bakıda qohum-əqrəbası yoxdu, amma kəndçiləri var.
- Niyə qardaşlarından kömək istəmirsən?
- Bu halda utanıram yanlarına getməyə. Zəng eləyib demişəm ki, gəlirəm.
O, bir müddət sürücü kimi də işləyib. Ancaq Bakıda başına gələn yanğın hadisəsi əlini-qolunu bağlayıb.
“İnsanlardan can sağlığı istəyirəm. Kimin imkanı olsa dava-dərmanımı almağa kömək eləsin. Başqa nə istəyəsiyəm? Mal-mülk lazım deyil mənə. Sağalmaq istəyirəm”.
Gallery
- Fərhad, həyatda ən çox nə istəyirsən?
- Canımdan artıq, həyat qədər istədiyim bir şey var. Bacım uşaqlarını, qardaşım uşaqlarını görmək. Onları bağrıma basmaq istəyirəm. Rayonda işlədiyim günlərdə cibimdə pulum olardı. Onlara ən azı dondurma, şokolad ala bilərdim. Bu məni çox xoşbəxt edirdi. İndi o günlərin geri qayıtmasını arzulayıram.
- Özün üçün heç nə istəmirsən?
- Dinc həyat, vəssalam. Evlənmək üçün artıq çox gecdir.
Gallery
Fərhad yerindən qalxa bilmir. Onu qucaqlayıb, sağollaşırıq. Sonda bu sözləri deyir:
- Xalaoğlu, gözləyəcəm səni.
Foto: İlkin Nəbiyev
kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10