Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nazim Hikməti heyrətləndirən azərbaycanlı - Xatirə


Bu gün böyük Azərbaycan bəstəkarı, Xalq artisti Arif Məlikovun doğum gündür. Bu münasibətlə Ramilə Qurbanlının onun yaradıcılığı haqqında yazdığı "Məhəbbət əfsanəsi"nin pərdə arxası” yazısını təqdim edirik.

Bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti, professor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Milli Elmlər Akademiyasının müxbir üzvü, «Şərəf Nişanı» ordenli... Siyahını uzatmaq da olar... Amma biz Arif Məlikovun adının yanında olan çoxlu titullardan yox “Məhəbbət əfsanəsi” haqda danışacağıq.

Nazim Hikmətin bəyəndiyi balet

Türk şairi və dramaturqu Nazim Hikmətlə Arif Məlikov dost olublar. İllər bu dostluğu ata-oğul münasibətlərinə qədər gətirib çıxardıb. Bakıya yolu düşəndə hamı onu öz evinə dəvət edirdi. Nazim Hikmət isə "öncə oğluma dəyməliyəm" deyərmiş. Arif Məlikov da bu məhəbbətə öz oğulluq sevgisini məhz Nazim Hikmətin "Məhəbbət əfsanəsi" pyesi əsasında eyni adlı baletini yazmaqla cavablandırdı.

Baletə böyük həyəcanla baxan Nazim Hikmət tamaşadan sonra belə söyləmişdi: "Arif Məlikov mənə deyəndə ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm, həmin gün mən çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, mən nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə "şirin" Şərq, "Əlibaba və qırx quldur" nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti çox teatr tamaşalarından fərqləndirib".

“Əfsanə” nin başlanğıcı

Arif Məlikovun “Məhəbbət əfsanəsi”nin dünya səhnələrini fəth etməsi yarım əsr əvvəl məhz Sankt-Peterburqun Akademik Mariya Teatrındakı ilk tamaşadan başlanıb. Düz 50 ildir ki, bu balet dünya teatrlarının böyük səhnələrində səslənməkdədir.

Böyük Teatr (Moskva) 50 ildir müntəzəm surətdə öz repertuarında "Məhəbbət əfsanəsi"nə xüsusi yer ayırır. Arif Məlikov yeganə azərbaycanlı bəstəkardır ki, onun əsərləri bu teatrda hər il tamaşaya qoyulur. Dünyanın yüzdən artıq teatrının məmnuniyyətlə təqdim etdiyi "Məhəbbət əfsanəsi"nin müəllifdə 60-dan artıq variantı köçürülmüş videolenti var. Bu baletin səhnəyə çıxarıldığı ölkələrin bəzilərinə diqqət edək: Rusiya, Özbəkistan, Çexiya, Bolqarıstan, Türkiyə, Polşa, Almaniya, Macarıstan, Finlandiya, Sloveniya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Misir, eləcə də keçmiş sovet respublikalarının əksəriyyəti.




Şostakoviçin qiyməti

"Məhəbbət əfsanəsi" baletini yüksək qiymətləndirən Dmitri Şostakoviçin fikri maraqlıdır: "Arif Məlikov istedadlı bəstəkardır. Musiqisi əsl professionaldır. Onun əsərində dərin musiqi dramaturgiyası, daxil inkişaf, dəqiqlik, qəhrəmanların xarakterini yüksək səviyyədə ifadə etmək məziyyətləri var. Orkestrin idarə edilməsində Arif Məlikovun nadir istedadı musiqiyə rəngarənglik və tamaşaçılara məftunluq gətirib".

Heydər Əliyev onu Məkkəyə niyə aparıb?

Heydər Əliyev Arif Məlikovun yaradıcılığını çox sevirmiş. Moskvada çalışdığı illərdə Arif Məlikovun Rusiyada tamaşaya qoyulmuş əsərlərinin tamaşaçıları arasında onu görən bəstəkar Heydər Əliyevin iştirakından ilham aldığını, qürurlandığını söyləyir. 1994-cü ildə Heydər Əliyev Arif Məlikovu özü ilə birlikdə Məkkə ziyarətinə aparıb. Arif Məlikov danışır ki, ziyarət zamanı Heydər Əliyev mənə dedi: "Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan. İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, böyük simfonik əsər hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə düşməyən, tamamilə əks məsələlərdir. Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz orada qidalanıb dəyərli simfonik əsər yazmaq mümkündür. Mən 8-ci simfoniyanı Heydər Əliyevlə müqəddəs ziyarətə həsr etdim".

Daha bir balet yazır

Professor İhsan Doğramacı Arif Məlikovun Yeddinci simfoniyasının şərəfinə xüsusi konsert salonu tikdirib.
“Məhəbbət əfsanəsi, "İki nəfər", "İki ürək dastanı" , "Fövqelgözəl Yusif" Səkkiz simfoniya , "Qağıl", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" simfonik poemaları; Kamera instrumental əsərlər (prelüdlər, süitalar); Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Xalq Çalğı alətləri Orkestri üçün əsərlər. 7 saylı Simfoniya, «Azərbaycan» balladası 8 saylı Simfoniyanın müəllifidir.

Durmadan musiqi yazmaq

Beşinci simfoniya hələ tamamlanmamış o, iki maraqlı kamera əsəri: fortepiano üçün "Anilik" və Skripka üçün sonatanı başa çatdırıb.

Bəstəkarın 1969-cu ildə Leninqrad Dövlət Opera və Balet Teatrında "İkilikdə" ("Bu torpaqda iki nəfər") adlı baleti tamaşaya qoyuldu. 1981-ci ildə isə "İki ürək" baleti tamamlandı. Böyük və möhtəşəm əsərlərlə yanaşı, Arif Məlikov "Torpağın səsi" kantatasını, "Dalğalar" operettasını, fleyta və orkestr üçün konsertini, bir sıra kamera instrumental əsərlərini, bədii filmlərə ("Sehrli xalat", "26 Bakı komissarı", "Axırıncı aşırım" və s.), eləcə də Dram Teatrında səhnəyə qoyulmuş tamaşalara ("Torpağa sancılan qılınc", "Atabəylər", "Natəvan" və b.) musiqilər yazıb. Ömrü boyu ancaq musiqi əsərləri yazır.

58-ci ildən bu günə qədər konservatoriyanın bəstəkarlıq kafedrasında çalışır və bu kafedranın müdiridir. Qara Qarayevin yetirməsinin yetirmələri ölkəmizdə, Avropanın müxtəlif şəhərlərində və Türkiyədə çalışır. İndi 9-cu simfoniyanı tamamlayır. Böyük bir baleti bitirmək üzrədir.




“Əsərlərim Bakıda on illərdir səhnəyə qoyulmur.”

Bəs, niyə dünya səhnələrini bəzəyən o əsərləri Azərbaycan tamaşaçısı görə bilmir? Ona qarşı bu laqeyidliyin əsasında nə durur? Niyə əsərləri Azərbaycan Opera teatrının səhnəsində qoyulmur? - bu suallarla əvvəlcə bəstəkarın özünə müraciət etdik:


“Belə bir məsəl var, deyirlər, öz vətənində peyğəmbər olmaq çətindir. Bütün dünyada məşhur olan üç baletimdən yalnız “Məhəbbət əfsanəsi” 60-cı illərdə Bakıda səhnəyə qoyulub. Bundan sonra bu əsər dünyanın onlarca ölkəsində səhnə ömrünü yaşayıb, özü də davamlı olaraq. Sank-Peterburqun “İmperator” teatrında bu əsər 50 ildir ki, səhnədən düşmür. Eyni sözləri Moskvanın Böyük Teatrı haqqında da demək olar. 48 ildir ki, Böyük Teatrın səhnəsində “Məhəbbət əfsanəsi” oynanılır. Avropanın ən məşhur teatrları bu əsərə daim müraciət edirlər. Almaniyanın 12 teatrında, o cümlədən Leypsiq, Drezden, Berlin teatrlarında “Məhəbbət əfsanəsi” səhnəyə qoyulub. Rusiyanın bütün teatrlarında, Saratov, Novosibirsk, Yekaterinburq, Çelyabinsk şəhərlərində, Orta Asiya Respublikarında əsərlərimi səhnələşdirirlər. Daşkənddə iki əsərim səhnəyə birdən qoyulur. Ukraynanın bütün teatrlarında adıçəkliən baletim səhnələşdirilib. Türkiyənin Ankara teatrında iki baletim, Sofiya, İstanbul teatrlarında isə “Məhəbbət əfsanəsi” səhnə ömrü yaşayır. Helsinkidə, Yuqoslaviyada, Moldovada bu baletə dönə-dönə qayıdırlar. Bu teatrların qastrol səfərlərində “Məhəbbət əfsanəsi” bütün dünyanı gəzib.

Polad Bülbüloğlu kimi nazirlər-zadlar əllərindən nə gəldisə, elədilər ki, Azərbaycanda Arif Məlikovun əsərləri oynanılmasın. Əsərlərim on illərdir səhnəyə qoyulmur. Bakıda sonuncu dəfə 1982-ci ildə “İki ürək dastanı» adlı baletim oynanılıb. Əslində bu gün bizim teatrların ciddi tamaşaları səhnəyə qoymağa səviyyəsi də çatmır.

Dilim, düz danışmağım narazılığın yaranmasına səbəb oldu. Sizin kimi bir jurnalist məndən soruşur ki, Azərbaycanda musiqi sənətinin inkişafı hansı səviyyədədir? Cavab verirəm ki, çox bərbad haldadır. Çünki normal teatrda ildə bir neçə premyera qoyulmalıdır. Bu açıqlamadan isə nə nazirin, nə də teatr rəhbərliyinin xoşu gəlmir. Biz elə zamanda yaşayırıq ki, gərək ağa qara, qaraya ağ deyək. Belə olanda kiminsə xoşuna gəlirsən.

Dünyada ikinci belə bəstəkar yoxdur ki, sağ ikən onun əsəri bütün dünyada bu qədər səhnəyə qoyulsun. Hətta mənim “Məhəbbət əfsanəsi” baletimi dünyada ən çox səhnəyə qoyulan əsər kimi Ginnesin rekordlar kitabına salmaq istəyirlər. Bu baletin kasetləri Yaponiyada dəfələrlə buraxılıb. Bu gün xaricdə yaşayan hər hansı azərbaycanlı bu baletin Rusiyada, Yaponiyada və ya hansısa xarici ölkədə buraxılmış kasetlərinə baxa bilər. Azərbaycanda isə bunu etmirlər.”

Ona “baleti bizim imkanlarımıza görə sadələşdir”-deyiblər

1962-ci ildə "Məhəbbət əfsanəsi" baleti bizim teatrda da tamaşaya qoyulub böyük rəğbətlə qarşılanmışdı. Ona baxmaq üçün doğrudanmı Moskvaya, Sankt-Peterburqa, Ankaraya, yaxud da hansısa xarici ölkəyə getmək lazımdır? Dünyanın məşhur teatrlarının repertuarından düşməyən

"Məhəbbət əfsanəsi"nə bizim doğmaca Opera və Balet Teatrında illərdir üz çevrilmir. Arif Məlikov söyləyir ki, bəzən ona deyirlər ki, sən bu baleti bizim imkanlarımıza görə sadələşdir. Qəribədir, ötən əsrin 60-cı illərində bu teatrda möhtəşəm əsərləri tamaşaya qoymaq üçün olan imkanlar indi yoxdur? Arif Məlikov da bu fikirdədir ki, hazırda Opera və Balet Teatrında fəaliyyət göstərən truppa ilə "Məhəbbət əfsanəsi"ni tamaşaya qoymaq olmaz. Məgər bunun həlli çox çətindir? Demək faktla razılaşıb, həlli yollarını axtarmaq, böyük teatrı böyük əsərlər üçün cilalamaq lazımdır. Sənət məbədinin uğur qazanması həm də belə sadə yoldan keçirmiş.

Mədəniyyət və Turizm nazirliyi bu barədə göndərdiyimiz sorğunu Opera və Balet Teatrına yönəltməyimizi xahiş etdilər. Teatrdan isə belə bir cavab gəldi: “Opera və Balet Teatrı uzun müddətli təmir və bərpa üçün bağlanır.”

Arif Məlikov isə bunun qarşılığında daha maraqlı bir sual verdi: “Opera teatrı 50 ildir təmirə bağlanmışdı ki?”

Bəs, telekanallar..?

Bu baletin müəllifdə 130 videokaseti var. Şit və bayağı musiqiləri telekanallarda səsləndirmək daha məqsədəuyğundur? Məgər Arif Məlikovun əsərlərini ekranda təqdim etməmək də maliyyə çətinliyi ilə bağlıdır?

Kaş Opera və Balet Teatrı təmir və bərpadan sonar məhz Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti ilə qapılarını tamaşaçıların üzünə açsın… Bax, bu əsil əsaslı bərpa olar.

2011


kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10