Sovet dövründə Kreml bir çox hadisələri gizli saxlamağı daha məqbul sayıb. Baş verən qəzalar, yanğınlar, partlayışlar və s. haqqında mətbuat da susub. Yalnız uzun illərdən sonra “məxfi” qrifli qovluqlar açıldıqca, kütləvi insan ölümləri ilə nəticələnən hadisələrlə bağlı faktlar mətbuatda yer almağa başlayıb.
5 noyabr 1961-ci ildə Çuvaş Muxtar Respublikasının Marino-Posadski rayonunun Elbarusovo kəndindəki məktəbdə baş verən yanğın da uzun illər ictimaiyyətdən gizli saxlanılıb. 30 ildən sonra, 1991-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin arxivində saxlanılan materiallardan “məxfi”lik götürüldükdən sonra hadisənin baş verməsinin səbəbləri və nəticələri məlum olub.
Qeyd edək ki, Elbarusovo məktəbinin binası 19-cu əsrin sonlarında inşa edilib. Sovet hakimiyyəti qurulduqdan sonra binada yenidənqurma və təmir işləri aparılıb, 300 yerlik məktəb kimi fəaliyyətə başlayıb.
Həmin gün, 1961-ci ilin noyabrın 5-də məktəbdə Oktyabr inqilabının 44-cü ildönümü ilə bağlı tədbir keçirilib. Məktəbdə akt zalı olmadığından iki qonşu sinif arasındakı arakəsmə götürülərək zal kimi istifadə olunub. Tədbir zamanı 100-110 nəfərin yerləşməsi mümkün olan siniflərə 260 nəfər yığılıb.
Tədbir keçirilən zaman qonşu fizika kabinetində məktəbin fizika müəllimi İritkov direktorun göstərişi ilə benzinlə işləyən mühərriki təmir edib. Təmir zamanı mühərrikdən çıxan qığılcım kabinetdə olan 10 litrlik benzin qabının içərisinə düşüb. İritkov yanğının qarşısını almaq istəyəndə, çaşqınlıqdan ayağı benzin dolu qaba ilişib və onu aşırıb. Yanan benzin tədbir keçirilən siniflərə doğru axıb. Əsasən taxta konstruksiyalardan ibarət olan məktəb binasında dəhşətli yanğın baş verib.
Yanğınsöndürənlər hadisə yerinə çatanda onların köməyinə ehtiyac qalmayıb, məktəb binası tam yanaraq külə çevrilib. Yanğın nəticəsində 106-sı 15 yaşına qədər olan məktəbli olmaqla 110 nəfər həyatını itirib.
Hadisə ilə bağlı muxtar respublikanın rəhbərliyinə, oradan isə Moskvaya, Mərkəzi Komitəyə məlumat verilib. Nikita Xruşova baş vermiş yanğın haqqında məruzə ediləndə, onun ilk göstərişi belə olub: “Yanğın baş verən əraziyə kənar şəxslər buraxılmasın, panika və səs-küyün yaradılmasına imkan verilməsin. Yanğın nəticəsində ölənlər bu gün dəfn edilsin, dəfn mərasiminə ölənlərin doğmalarından başqa heç kim buraxılmasın, Oktyabr inqilabı ilə bağlı nəzərdə tutulmuş tədbirlər plan üzrə həyata keçirilsin...”
Hadisə ilə bağlı mətbuatda bir cümlə də xəbər verilməyib. Ölənləri kənd qəbiristanlığında, eyni qəbirdə, iki sırada dəfn ediblər. Dəfn mərasiminə ölənlərin ailə üzvlərindən başqa, heç kim buraxılmayıb. Bir sutka ərzində dəfnlə bağlı bütün məsələlər yekunlaşaraq bayram tədbirləri davam etdirilib.
Həmin ərəfədə məktəbin 6-cı sinfində oxuyan Arkadi Qavrilov sonralar hadisəni belə xatırlayıb:
“Alov bir göz qırpımında tədbir keçirilən sinfi bürüdü. Məktəbdə hər hansı bir tədbir keçiriləndə iki sinif arasındakı arakəsmə götürülürdü, səhnə hazırlanırdı, anbardakı skamyalar sinfə gətirilirdi. Sinifdə olan partalar isə pəncərələrin qarşısında, üst-üstə yığılırdı. Buna görə də, pəncərələrin yarıya qədər hissəsi örtülürdü. Qara tüstü otağı bürüyəndə bizdən yuxarı sinifdə oxuyan Yevgeni çətinliklə əlindəki bayanla pəncərəni sındırıb, çölə tullandı. Daha sonra mən pəncərədən tullanmağa macal tapdım. Məndən sonra qardaşım da çölə atıla bildi. Bacım Raisa isə sinif yoldaşları ilə birlikdə yanan taxta tirlərin altında qaldılar. Bacımın dəfninə məni və qardaşımı buraxmadılar. Yalnız valideynlərimə icazə verdilər. Anam bacımın evdəki bütün gəlinciklərini qəbirstanlığa aparıb torpağa düzmüşdü...”
Tatyana Starostina isə yanğından iki gün sonrakı hadisələr haqqında fikirlərini bölüşüb:
“Həmin vaxt mənim 16 yaşım var idi, sonuncu sinifdə oxuyurdum. Yanğın baş verəndə məktəbin dəhlizində idim. İlk dəqiqələrdə nələrin baş verdiyini anlaya bilmirdim. Kiçik qardaşım tədbir keçirilən zalda idi. Amma mən ora yaxınlaşa bilmədim. Sonradan qardaşımın yanmış cəsədini sinifdən çıxaranda gördüm. Dəfn mərasimi çox qapalı keçirildi. Sahə müvəkkili hadisə haqqında danışmağı hamıya qadağan etmişdi. Yanğından iki gün sonra, noyabrın 7-də kəndimizin “partkom”u (partiya təşkilatının sədri) bizi məcburi şəkildə kəndin mədəniyyət evinə apardı. Oktyabr inqilabının 44-cü ilidönümü ilə bağlı şənlik təşkil olunmuşdu. Biz bu şənlikdə məcburi şəkildə gözümüz yaşlı iştirak etdik. Mən hələ onda anladım ki, biz hansı cəmiyyətdə yaşayırıq...”
Hadisə ilə bağlı Moskvadan gəlmiş xüsusi qrup istintaqa başlayıb. Materiallar məhkəməyə təqdim olunduqdan sonra məhkəmə prosesi qapalı keçirilib. Məktəbin direktoru Yarukin 8 il, fizika müəllimi İritkov isə 10 azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
1991-ci ilə qədər Elbarusovo kəndində yanğın hadisəsi ilə bağlı anım tədbiri keçirilməyə icazə verilməyib. Yalnız 1991-ci ildə, noyabrın 5-də ilk dəfə dövlət rəsmiləri ilə birgə geniş tədbir keçirilib. Bu tədbirdən sonra məktəbdə yanğın zamanı həlak olanların xatirəsinə kompleks ucaldılıb, yerli məktəbdə hadisələri əks etdirən şəkillərdən və sənədlərdən ibarət guşə yaradılıb.
Hələ bu gün də bəzilərinin ideal saydığı sovet cəmiyyətində belə hadisələr az olmayıb, onlar mərkəz tərəfindən peşəkarlıqla gizlədilib və 70 il bu “ənənə” davam edib...
İlham Cəmiloğlu, Musavat.com