Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Region mətbuatını qorumaq hamıya faydalıdır.


Həmyerlimiz, media eksperti Xalid Ağaliyev:-Region mətbuatını qorumaq hamıya faydalıdır.

  • Sizə qarşı açıq və dolayı təzyiqlərdən də xəbərdarıq. Bu yaxınlarda saytınızdan feyzbuk səhifənizə paylaşmalara qadağa qoyulması və bunun hansı təşkilatın trol qrupu tərəfindən təşkil olunması da bizə bəllidir. Ad çəkməsək də, belə addımları ciddi qınayırıq. Sadəcə ayıbdır

  • Xalid Ağalıyev Cəlilabad rayonunun Şabanlı kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində Hüquq fakültəsini bitirib. Tələbəlik illərində jurnalistika sahəsində çalışıb. 1996-cı ildə bir qrup jurnalistlə “Şərq” qəzetini qurmuşlar. O zamanlar ən çox oxunan qəzetlərdən biri idi. Ümumilikdə təxminən 5 il həmin kollektivlə birgə çalışıb. Müxbir də olub, redaktor da. X. Ağalıyev araşdırma yazılarına görə bir sıra beynəlxalq yazı müsabiqələrinin qalibi olub. Dünyanın aparıcı ölkələrində peşəkar təlimlər keçib.  2005-ci ildən Media Hüququ İnstitutunun koordinatoru vəzifəsində çalışır. Jurnalistlərə hüquqi təhsil, onların müdafiəsi, hüquqi məsləhətlərin verilməsi, habelə vətəndaşların ifadə azadlığı hüququ sahəsində biliklərinin artırılması sahəsində çalışır. Qeyd etdiyimiz məzmunda onlarla layihə icra edib, 200-dən artıq təlimin təşkilatçısı olub.. 2005-ci ildən sonrakı 10 ildə demək olr ki, hüquqi müdafiəyə ehtiyacı olan bütün jurnalistlərə yardım göstərmib. Avropa Məhkəməsinə göndərdiyi 200-ədək şikayətin bəziləri üzrə qərarlar elan edilib, bəziləri isə baxılmasını gözləyir. 2014-cü ildən Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının, QHT-lərin normal fəaliyyəti üçün əlverişli mühit çətinləşdiyindən hazırda   fərdi qaydada çalışır. Ötən il müdia hüququ sahəsində həmkarım, tanınmış hüquqçu Ələsgər Məmmədli ilə birgə Media Hüququ Qrupu İctimai Birliyini təsis edib. Ancaq hələ ki,  rəsmi qeydiyyata alınmayıb. 

  •   Cenub.az-ın əməkdaşının Media Hüququ İnstitutunun koordinatoru 
  •   Xalid Ağaliyevdən aldığı müsahibəni sizə təqdim edirik :

  • Ümumiyyətlə, Azərbaycanda medianın, xüsusilə region mediasının bu günki durumunu necə qiymətləndirirsiniz?

  • Azərbaycanda medianın ümumi durumunun ürəkaçan olduğunu deyə bilmirik. Çap və yayım mediası, teleradio tam olaraq hökumətin nəzarəti altındadır. Həmin media öz təməl funksiyalarını yerinə yetirə bilmir, hökumətin mövqeyindən çıxış etmək məcburiyyətindədir. Bunun nəticəsidir ki, çap mediası oxucu auditoriyasını tam itirdi və sıradan çıxdı. Yayım mediasının durumu da aydındır, istər bölgə olsun, istər mərkəz olsun, insanlar daha çox türk, rus və qismən də xarici medianı izləyir. Milli teleradioların izləyici kütləsi azdır. Bütün bunların fonunda region mediasının durumu daha acınacaqlıdır. Müstəqil region mediası demək olar ki, yoxdur, çap və teleradio mediası baxımından deyirəm. Regional mediaların yaradılması, inkişaf etdirilmsəi təşəbbüsləri müxtəlif vaxtlarda olub, ancaq bütün bu təşəbbüslərin əksəriyyəti hökumətin nəzarəti altında olduğundan gərəkli “meyvəni” verməyib, oturuşa, özünü təsdiq edə bilməyib. 5-10 il əvvəl bir neçə müstəqil region qəzetləri vardı, ancaq həmin medialar da reklam gəlirlərindən məhrum idilər, siyasətin əlində olan biznes belə müstəqil medialara reklam vermirdi və tədricən həmin qəzetlər də sıradan çıxdı. Azərbaycanda yeganə müstəqil platforma kimi interneti hesab etmək alar. 

  • Bəs bu platformada vəziyyət necədir?

  • Azərbaycan insanının azad sözə, düşüncəyə çıxışı demək olar ki, yalnız bu platforma vasitəsilə mümkündür. Ancaq son illərdə internet mediası da basqı altındadır. İnternetdə yayılan məzmuna görə sərt cəzalandırma, şərləmə, həbslər var. Belə olaylar insanların gözünü qorxudur, özlərini daha azad etməkdən çəkindirir. Yekun olaraq, fikrimcə, regionlu, mərkəzli Azərbaycanda azad, bütün görüşlərə açıq normal media ortamının yaradılması üçün gərəkli potensial var. Bunu gerçəyə çevrimək üçün basqı mühiti aradan qaldırlmalı, medianı tənzimləyən qanunvericilik mexanizmləri yaxşılaşdırlmalı, medianın reklam cəlb etməsi üçün ortadakı əngəllər aradan qaldırlmalıdır. 


  • Dediyiniz kimi insanlar daha çox xarici kanallara baxır, yerli mənbələrin yerinə onların məlumatlarını, xəbərlərini, seriallarını izləyirlər. Bu durumu dəyişmək olarmı, ümumiyyətlə lazımdırmı dəyişmək?


  • Əlbəttə, bu sahədə ciddi addımlar atılmalıdır. Öz ölkəmizdə bizim rəylərimizi, düşüncə, baxışlarımızı başqa ölkərlərin medialarından aldığımız bilgilərə əsaslanıb formalaşdırmamalıyıq. Əlbəttə, Azərbaycan Avropa məkanının bir parçasıdır. Digər ölkələrin mediasına çıxışımız təmin olunmalıdır. Amma özümüz də ictimaiyyətin güvəndiyi, izlədiyi, dinlədiyi mediaya sahib olmalıyıq. Region prizmasından baxsaq, indiki şərtlərdə müstəqil insanların, sahibkarların radio, televiziya tezliyinə sahib olması çox çətin, az qala mümkünsüz məsələdir. Ancaq əldə internet imkanı var. İnternet mediasını inkişaf etdirmək üçün imkanlar yox deyil. Bu media vasitəsilə onu ayaqda saxlamaq üçün reklam, gəlir əldə etmənin asan olmamasını da qeyd etməklə, əldə olan yeganə vasitənin bu olduğunu vurğulamalıyıq. Bəzi Regional  saytlar xeyli vaxtdır var, ancaq onları daha inkişaf etdirmək lazımdır. İnternet televiziyaları bu baxımdan önəmlidir. Regionda əsasən yaşlı insanların internet mediasına çatımda problemləri olduğu üçün internet televiziyaları vacibdir. Latın əlifbası biliklərindən tutmuş xeyli başqa problemlər var. Bu baxımdan internet televiziyalara diqqət yönəldilməsi insanların diqqətini çəkmək üçün yaxşı vasitədir.


  • Ancaq internet mediasının özünün də müxtəlif problemləri var. Bəzən bir nəfər, qrup bir internet televiziyası yaradır, youtube kanalı açır, minlərlə izləyici toplayır, birdən görürsən ki, kanal silindi, bloklandı. Yaxud, xəbər saytıdır, onun xəbərləini daha geniş kütləyə çatdırmaq üçün facebook-dan istifadə olunur. Olur ki, facebook kimi şəbəkələr saytın xəbərlərini paylaşmağa blok tətbiq edir. Bu çətinlikləri necə aşmaq lazımdır?


  • Dediyiniz məsələlər sözsüz ki, ciddi çətinliklər yaradır. Ancaq açıla bilməyən çətinlik deyil. İstər facebook olsun, istər digər sosial şəbəkələr olsun, onların hər birinin öz aydın qaydaları var. Həmin qaydalara əməl etməklə sadaladığınız çətinliklərdən yan keçmək olar. Bütün bloklamaların, səhifələrin, proqramların silinməsinin səbəbi şikayətlərdir, bəzən də yalançı, süni şəkildə yaradılmış, bəzi təşkilatlar tərəfindən bilərəkdən, trol qrupları vasitəsi ilə təşkil edilmiş şikayətlərdir. Aşkar şəkildə qaydalara zidd olmayan məlumatlar paylaşılmadıqca, bloklama baş vermir. Təəssüflər olsun ki, Azərbaycanda qurumları, vəzifəli şəxsləri tənqiddən qorumaq funksiyası daşıyan troll qoşunu var. Bir xəbərlə bağlı 100-lərlə şikayət edirlər və bunun nəticəsində mediaya ciddi əngəllər yaradılır, bloklama və digər yasaqlar təbiq edilir. Ancaq dediyim kimi bütün bu məsələlərin çıxış yolu var. Sadəcə, çox işləmək lazımdır. Siyasi məzmunlu belə basqılara qarşı qoruma təklif edən, yardım göstərən vətəndaş cəmiyyəti qurumları, ekspertlər mövcuddur. Onların yardımından yararlanmaq lazımdır. Əgər sizin xəbər saytının linklərini facebook və ya başqa şəbəkələrdə yaymağa qadağa tətbiq edilirsə, buna məsələn, mən də yardım edə, onun aradan qaldırlmasına nail ola bilərik. Bütün şikayətlərə cavab vermək, həmin şikayətlərin əslində medianı sıradan çıxarmağa xidmət etdiyini isbat etmək lazımdır. Bu, o qədər də çətin deyil. Ancaq həm də güvənilən beynəlxalq vətəndaş cəmiyyəti qurumlarının dəstəyindən də istifadə etmək lazımdır. Hansı ki, həmin təşkilatlar bu sahədə tanınırlar və iri şəbəkələr onların rəylərinə etimad edir. 
  • Yeri gəlmişkən deyim ki, müstəqil region mətbuatı kimi fəaliyyətinizi daim izləyir və yüksək qiymətləndiririk. Yazılı mətbuatdan internetə keçidiniz, cenub.az saytına keçidiniz, indi cənub xəbər tv kanalı yaratmağınız çox yaxşı haldır. Sizə qarşı açıq və dolayı təzyiqlərdən də xəbərdarıq. Bu yaxınlarda saytınızdan feyzbuk səhifənizə paylaşmalara qadağa qoyulması və bunun hansı təşkilatın trol qrupu tərəfindən təşkil olunması da bizə bəllidir. Ad çəkməsək də, belə addımları ciddi qınayırıq. Sadəcə ayıbdır.
  • İnanırıq ki, bu çətinliklər tezliklə arxada qalar, region mətbuatı da öz sözünü müstəqil deyə bilər. Region mətbuatının uğuru isə hamımızın uğurudur.

Cenub.az / Əbdül Əsgərli













Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10