Pəncərərdən atılan OBEXESES, ölkənin hər yerindən Boradigaha axışan avtobuslar, ən “defsit” malların ünvanı
Cenub.az bildirir ki,Boradigah tarixən özünün ticarəti, məşhur zəngin bazarı, səriştəli, səxavətli, halal tacirləri ilə məşhur olub.
Bu yer coğrafi cəhətdən alış veriş üçün əlverişli məkan sayıldığından burada məskunlaşanların əsas məşğuliyyyət və dolanışıq sahəsinə çevrilib. Karvan yolları və dəniz nəqliyyatı bu əlaqələr üçün geniş imkanlar açırdı.
XIX əsrin sonlarında, XX əsrin əvvəllərində xüsusilə İranla ticarət əlaqələri daha da genişlənmişdi.
İrandan şivyot və digər parçalar, tütün, çay, şirniyyat gətirilir, əvəzində mal-qara verilirdi.
Kərbəlayi Həbib, Hacı Əhəd, Məşədi Yunus, Hacı Mirağa, Kərbəlayi Hüseyn, Məşədi Zeyni, Kərbəlayi Ağa, Mirağa Talıb Boradigahın ən varlı tacirləri sayılırmış.
Məşədi Yunus ən çox salyanlılarla ticarət edərmiş, onlardan kömür, duz, tərəzi şanası, ağac kürək, ağac şana, taxta-şalban, eləcə də zəkəriyyə körpüsünə yan alan, neft daşıyan gəmilərdən neft alıb satarmış.
Pul “istilik” veririmiş
Haşiyə: Deyirlər ki, Məşədi Yunus qışın oğlan çağında əyni nazik , yaxası açıq halda at belində gəlirmiş. Ondan soruşurlar ki, ay məşədi , bəs üşümürsən ? O, döş cibindəki Nikolay yüzlüyünü çıxarıb deyir: " Bax. bu , adamı isti saxlayır".
Deyilənlərə görə, Məşədi Yunus ötən əsrin 30-cu illərində Armavirə sürgün olunmuş və orada vəfat etmişdir.
Pula, var-dövlətə, sərvətə hərislik tacirlər üçün xarakterik hal olsa da, onlar səxavət və xeyirxahlıqları ilə fərqlənirmişlər.
Tarixçi Nəsib Əlizadə yazırdı: " Lənkəran qəzasında daxili ticarət də getdikcə genişlənirdi. Daxili bazarda, başlıca olaraq, qəzanın kənd təsarrüfatından götürülən məhsullar və yerli sənətkarların hazırladıqları müxtəlif mallar alınıb satılırdı.
Lənkəran şəhəri, Asullu, Xal-Təklə, Qala-Bazarı ( Masallı ), Qızılağac, Pirişib, Boradigah, Astara və Lerik kəndləri qəzanın əsas bazarları hesab olunurdu.
( " Lənkəran qəzası zəhmətkeşlərinin sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübarizəsi tarixindən" ( Bakı- 1963 , səh 9).
XIX əsrin sonunda Boradigahda ilk dəyirmanı tacir Məşədi Zeyni tikdirmişdi ( köhnə uşaq xəstəxanasının yaxınlığında). O, dəyirman üçün İngiltərədən aqreqatlar gətirtmişdi. Dəyirmanı Mirağa İbrahimov işlədirdi.
Onu da qeyd edək ki, Məşədi Zeyninin tikdirdiyi mülklərdən ( uşaq xəstəxanası, ambulatoriya və digər binalar ) xalq uzun illər istifadə etmiş və sonralar o mülklər sökülərək yerində fərdi evlər tikilmişdir.
Tacirlərdən Hacı Mirağa və Məşədi Yunus da dəyirman tikdirmişdilər. Xeyir-bərəkət rəmzi olan dəyirmanların çarxı fırlandıqca kənd camaatının ruzusu artır, süfrəsinə , təknəsinə bərəkət nuru axırdı. Əhalinin güzəranının, kəndin iqtisadi vəziyyətinin yaxşılaşmasında dəyirmanların əvəzsiz rolu olmuşdur.
Boradigah çörəkli yerdir
Haşiyə: Boradigahlıların səxavəti barədə bu yerə yaxşı bələd olanların qənaəti belədir: "Boradigar çörəkli yerdir" , " Boradigahlılar çörək itirən deyil, çörək verəndir"...
Sovet rejimi dövründə belə, boradigahlılar həmişə bazar iqtisadiyyatına meyl etmiş, alverlə, alış-verişlə məşğul olmuşlar.
Həmin dövrdə Boradigahda iki sahə həmişə təqib və hücumlara məruz qalmışdır: dini mərasimlər və alver.
Boradigah cavanların pəncərədən atdıqları "OBXSS"
1988 ilin dekabrında evlərin birinə soxulub küllü miqdarda rüşvət tələb edən "OBXSS" əməkdaşlarını cavanlarımız pəncərədən küçəyə atarkən bir daha dərk olundu ki, dini etiqad kimi tacirlik də boradigahlıların qanındadır və bunu onlara qadağan etmək asan deyil
Ancaq ağıllı ticarəti başıpozuq alverdən seçib ayırmaq bütün dövrlərdə gərəklidi
Zəhnoba. Böradigahdakı bu küçə az qala Beynəlxalq ticarət yarmarkasına çevrilmişdi
... Bazar günləri Boradigahın İçərişəhəri sayılan dar dalanlı, dar küçəsi " Zəhnoba" ( " Zamanoba") məhəlləsində iynə atsaydın, yerə düşməzdi. Burada şıdırığı alver gedir, Azərbaycanın, eləcə də Rusiyanın bir sıra yerlərindən bura alış-verişə gələrdilər.
Yaşlı adamların bildirdiyinə görə həmin vaxtlar Bakıdan Masallının mərkəzinə 3, Boradigaha isə daha çox avtobus işləyirmiş.
Sovet dövründə təkcə Bakıdan yox, Sumqayıtdan, Gəncədən, Qubadan Boradigaha
birbaşa avtobus marşrutlarının açılması bir daha sübut edir ki, bu məkana insanların marağı həmişə güclü olub, alış-veriş üçün buranı əlverişli hesab edirlər.
Belə söhbətlər də dolaşır ki, Boradigaha sahə müvəkkili getmək, Masallı rayonuna polis rəisi getməkdən daha çörəkli imiş.
Tapılmayan (" difisit") malları , pal-paltarı Boradigahda tapmaq daha asan imiş.
Boradigah Cənub bölgəsinin “Kubinkası" sayılırdı
Alverçilərin satdığı malları götürüb qaçması bir himə,
"Gəldilər!" kəlməsinə bağlı idi Onda hərə öz başının və satdığı malın hayında olurdu.
Bakıdan prokurorun Boradigah bazarına gəlişi
... Günlərin bir günündə sovet dövründə Bakı şəhərində hansı prokurorsa həyat yodaşı ilə Boradigah bazarına gəlir. Bazar günü olur. Kimsə bu adamın prokuror olduğunu bilir və alverçilərə bildirir ki, gələn prokurordur. Hamı malını götürüb qaçmaya başlayır. Vəziyyəti belə görən prokuror deyir ki, mən sizi tutmağa gəlməmişəm, inanın, həyat yoldaşım üçün " Layka" pılaş almağa gəlmişəm. Əvvəlcə qorxan alverçilər ona inanıb yaxınlaşır və necə deyərlər, malın xalisini ona verirlər.
Alverə qarşı mübarizə aparan ən çirkli, yüksək vəzifəli məmurlar belə yaxşı qiymətli, keyfiyyətli, pal-paltar almaq üçün Boradigah bazarına üz tutardılar.
Sovetin sındıra bilmədiyi bazarı müasir dövrün bazar iqtisadiyyatı zərərszləşdirdi
Zəngin Boradigah bazarını Sovet höküməti 70 il mübarizə aparsa da, ləğv edə bilmədi, ancaq zaman bunu aradan qaldıra bildi. Bazar iqtisadiyyatı ilə ayaqlaşa bilən səriştəli, təcrübəli alverçilər və tacirlər özlərinə iş qura bildilər, yeni-yeni ticarət obyektləri, marketlər açdılar. Ayaqlaşa bilməyənlər isə iflasa uğradılar. Fərq ondadır ki, qorxa-qorxa tində-bucaqda alver edən boradigahlılar indi azad sahibkar, iş adamı kimi fəaliyyət göstərir, yaraşıqlı, işıqlı ticarət obyektlərində xalqa xidmət edirlər.
Artıq qorxu, xof dövrü arxada qaldı. Hökumətin sahibkarlara , iş adamlarına dəstək verməsi , onlar üçün şərait yaratması Boradigahın keçmiş alverçilərinin də
"gəldilər!" xofunda, alver maddəsi ilə tutulmaq qorxusundan fobiyasından xilas etdi.
Nurməmməd Ağa
Vidadi Nəzərov
Yaz; cenub.az saytının xahişi ilə hazırlanmışdır