Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Tarixi abidələr millətin namus məsələsidir”


Dilavər Əzimli: “Onu dağıdanlar cinayət məsuliyyətinə cəlb edilməlidir”

Son vaxtlar ölkəmizdəki tarixi abidələrin baxımsız vəziyyətdə olması, bəzi hallarda isə kənar müdaxilələr nəticəsində məhv olmaq təhlükəsi ilə üzləşdiyi ilə bağlı narahatverici informasiyaalr yayılmaqdadır.


Tarixi abidələrə zərər vuran şəxslərə qarşı inzibati müstəvidə sərt addımlaırn atılması, ciddi cəza mexanizminin tətbiqi tarixi abidələrin qorunmasına fayda verə bilərmi?


AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bu istiqmaətdə ciddi addımalr atmağa ehtiyac olduğunu vurğuladı:


“Tarixi abidələr millətin tarixini, keçmişini əks etdirir.Orada babalarımızın ruhu gəzir. Millətin qan yaddaşıdır bu abidələr. Onları qorumaq və gələcək nəsillərə çatdırmaq hamımızın müqəddəs işimiz olmalıdır. Hər dəfə bir rayona gedəndə uçurulmuş, dağıdılmış tarixi abidələri görəndə qəlbim qan ağlayır. İçərişəhərə gedə bilmirəm. Orada nə qədər tarixi abidlərə dağıdıldı. Yerində otellər, restoranlar tikildi. Bunu edənlər anlamırlar ki, bu abidələr millətin namus məsələsidir.


Təbii ki, bu məsələdə abidələrə cavabdeh qurumların böyük günahı vardır.Digər tərəfdən, biz millətə bu abidələr haqqında lazımi bilikləri verə bilməmişik. Buna görə də bu abidələrə ögey münasibətlər vardır. Təsəvvür edin ki, bir insan babalarından, nənələrindən qalan bir qiymətli əşyanı göz babəyi kimi qoruyur. Amma bu sevgini onun tarixi abidəyə münasibətində görmürük. Bəli, dağıdılır, tari-mar edilir abidlərimiz. İldən-ilə dünya əhəmiyyətli, ölkə əhəmiyyətli, regional əhəmiyyətli tarixi abidələrimiz yoxa çıxır.

Yuxarıda bildirdiyim kimi, məlumatsızlıq, xüsusən də tarixi abidənin nə əhəmiyyət kəsb etməsi barədə məlumatsızlıq onların dağıdılmasına şərait yaradır.İkinci bir tərəfdən, rayonlarda özlərini şah kimi aparan məmurlar da bu abidələrə şəxsi əmlakları kimi baxır və həmin abidələr ərazisi ilə birgə imkanlı şəxslərə satırlar. Onlar da bir az keçən kimi tarixi abidəni dağıdır və yerində özü üçün ticarət mağazası, yaxud kafe, restoran tikir. Belə halla bir rayonda rastlaşdım. İki yüz əlli yaşı olan bir tarixi yaşayış evini söküb yerində böyük bir market tikmişdilər. Tarixi abidələrə ən çox ziyan vuranlar sırasına qızıl, gümüş axtaranlar daxildir. Onlar rayonlarda yerli məmurlarla əlaqəyə girir və bu abidələrdə qızıl axtarmağa başlayırlar. Görünür ki, bu sahədə onların xüsusi istedadları vardır. Eşitdiyimə görə bəzən axtardıqları qızıl və gümüşləri tapırlar. Onlardan yerli məmurlara da verirlər. Məsələn, bir-iki ildir ki, Yardımlı, Lerik, Cəlilabad rayonlarında belə halların olması haqqında dəqiq bilgilərim vardır. Bu yaxınlarda Cəlilabadda adı dünya tarixinə düşən məşhur “Qazan köşkünü” belə dağıtmışdılar. Qəribədir ki, bu dağıdanlar sırasında İran İslam Respublikasından gələnlərə də rast gəlinir. Bunlara kimlər himayədarlıq edir, bilinmir. Məsələn, bir neçə il qabaq İrandan gələn bir neçə nəfərlə bizimkilər Cəlilabad rayonunda bir ərazidə xeyli gümüş pullar aşkara çıxarıb aparmışdılar. O pullardan biri mənim əlimə keçdi. VIII əsrə aid gümüş pul idi. Abbasi xilafəti zamanında kəsilən bu pullar bir təpədə aşkarlanmışdı. Görünür ki, ora gələn bu oğru “arxeoloqlar”ın öncədən pulların yeri haqqında xəbəri olmuşdur. Çünki özlərini “arxeoloq” kimi qələmə verib bu işi görüblər. Yaxud, Yardımlı rayonu ərazilərində də tarixi abidələrdə bu qəbildən olan “arxeoloqlar” qazıntı işləri aparmışlar. Eləcə də digər rayonlarda da belə hallar baş verir. Təbii ki, onlara şərait yaradılmasa bu işləri görə bilməzlər.


Ölkəmizin ərazilərində çoxlu sayda tarixi abidələr var ki, uçmaq üzrədir. Belə abidələrin şəkillərinə sosial şəbəkələrdə tez-tez rast gəlirik. Bəs hara baxır bizim Mədəniyyət Nazirliyinin işçiləri?Yaxud abidlərin qorunmasına cavabdeh olan qurumlar? Bunlar nə işlə məşğuldurlar?


Hesab edirik ki, tarixi abidələri dağıdanlar, məhv edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.Çünki tarixmizə qarşı cinayət edirlər. Tarixə qarşı cinayət, elə millətə qarşı cinayətdir. Bu mənada belə addımlar atılsa, həmin abidlərin məhv olunmasının qarşısı alına bilər. Bir də bütün rayonlarda, o cümlədən iri şəhərlərimizdə tarix müəllimləri daima bu abidələr haqqında şagirdlərə məlumatlar verməli, onları bu abidələrlə əyani tanış etməlidirlər. Qədim insanlar inanırdılar ki, qədimdən qalan tarixi abidələrin özünün ruhu vardır. Ona görə də ona müqəddəs baxırdılar. Onlar da bizə qədər gəlib çatdılar. Biz isə elə böyüdük ki, bu inancdan məhrum olduq. Bu da tarixi abidələrə münasibətdə özünü göstərir.Moderator.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10