Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Jurnalistikamızın qaranlığında parlayan nur mənbəyi


10 il öncə “Mətbuatımız normal region qəzetləri olmadan tək ayaqlı varlığa 

bənzəyir”- deyən Arif Əliyevin həmin fikri bu günümüzdə necə səslənir?


İlk tanışlığımız 2001-ci ildə, Nabran keçirilən bir Beynəlxalq tədbirdə oldu. İlk dəfə idi ki, belə yüksək səviyyəli tədbirə qatılırdım. Düzünə qalsa, ölkənin mətbuat generallarının toplandığı  bu tədbirdə regiondan gəlmiş jurnalist kimi bir az sıxılır, az qala özümü yad məkanda hiss edirdim. 

İlk iclasdan, daha dəqiq desək, şam yeməyindən sonra Arif müəllim bir neçə tanınmış jurnalistlə çay içirdi. Məclisə hələ tam uyuşmadığım üçün bağda tək dolandığım  məqamda o, məni də stollarına dəvət etdi.   Özünəməxsus tərzdə məni stoldakılara təqdim edəndən sonra  isə yarızarafat, yarıciddi bu sözləri dedi:

  • Zahir, sən böyük jurnalist ailəsinin qapısından içəri keçdin. Burada qala bilib, təzyiqlərə tablaşıb, peşəkar  jurnalistikanın sirlərinə yiyələnib,  onlarla bir  sırada yer tuta bilib-bilməyəcəyin isə özündən asılı olacaq. Bax, a... Bura girmək bir az çətin, burada layiqli yer tuta bilib tablaşmaq isə daha çətindir.


Şükürlər olsun ki, son 20 ildə həmin şərəfli  sırada yer tuta bildim.

Arif müəllim yaşda məndən kiçik olsa da, jurnalistikada çoxlarına böyük qardaş olub. Ən çətin anlarda, az qala doğma rayonumuzda mənimlə salamlaşmaq bəzilərinə qadağan edildiyi vaxtda, Arif müəllim yanımda olub, dəstək verib, rəhbərlik etdiyim qəzeti  çox yüksək tribunalardan  dəyərləndirib.

İki dəfə “Cənub xəbərləri” qəzetinə geniş müsahibə verib.

Həmin müsahibələrdən birinin başlığı belə idi “Mətbuatımız normal region qəzetləri olmadan tək ayaqlı varlığa bənzəyir”

Heyf ki, Arif müəllimin bu ürək ağrıdan çağırışına vaxtında diqqət yetirən olmadı və indi  o “tək ayaq   da”, çürümə verir.


Rayonda nə tədbirim olubsa – “Kitab evi”nin açılışından tutmuş, övladlarımın toyuna qədər... Arif bəy dəstəsi ilə- Qulu Məhərrəmli, Elçin Şıxlı, Rafiq İsmayılov və digərləri ilə o tədbirin ən əziz qonağı olub.

Daim uzaqgörən, dəyərli təklifləri ilə ən çətin anlarda məsləhət ilə 20 il əvvəlcə  tövsiyə etdiyi BÖYÜK Jurnalist  ailəsinin SAF, Halal, həm də Peşəkar qanadında möhkəmlənməyimin dəstəkcəsinə çevrilib . 


Hansı zaman, günün nə vaxtı zəng vursam, səsimi eşidən kimi elə doğmalıqla, elə səmimiyyətlə cavab verib ki, sanki illərlə bu zəngi gözləyirmiş.

Bu gün 60 yaşı tamam olsa da, yaddaşımda  40-41 yaşlı Arif kimi qalıb – həmin kübarlığı, həmin alicənablığı ilə.

Bu gün onun haqqında yazılan təbriklər də sübut edir ki, Arif bəy bir-birinə əks qütblərdə dayanan onlarla insan üçün çox doğmadır. 

Arif müəllim həqiqi mənada ARİF ADAMDIR. Arif bəy ona atılan DAŞLARI da özünə məxsus TƏMKİNLƏ atılan ünvana yönəldə bilib.

Bu gün də, o,  rəhbərlik etdiyi pressklub.az saytı və eyni adlı internet televiziyası ilə bizə jurnalistika dərsi keçir. Necə deyərlər, az yazır, amma saz yazır.


Bu gün jurnalistikamızın QARANLIQLARINDA öz çəkisini, dəyərini gur bir İŞIQ kimi qoruyur.


Arzu edirəm ki, bu işıq daha da gur olsun, daha çox ürəkləri işıqlandırsın və nurlandırsın 


Bu günlər, 60 illik yubiley günündə onun haqqında yazanlar çoxdur. Onlardan biri də dəyərli jurnalistimiz Rəşad  Məciddir. Həmin yazını çox bəyəndiyim və... necə deyərlər, özümə daha çox əziyyət vermək istəmədiyim üçün, onun Arif bəy haqqında yazdığı həmin məqaləni sizə təqdim edirəm.


Zahir Əmənov (Cenub.az)

Ömür həm də 

şəkillərlə xatırlanır


Arif Əliyevin 60 yaşı tamam olur. Onun haqqında “525-ci qəzet”də verəcəyimiz yubiley yazılarına şəkillər axtarırdım. Köhnə albomları vərəqlədikcə məni qəribə bir nisgil, hüzn bürüdü. Müxtəlif illərdə çəkilmiş bu şəkillər Arif Əliyevlə birlikdə olduğumuz çoxsaylı tədbirləri xatırlatdı, xarici səfərlərimiz, fərqli auditoriyalar, müxtəlif iclaslar, seminarlar, müzakirələr bir-bir gözlərim önündə canlandı. Ömür bir epopeyaya bənzədi, yaşanan illər, hadisələr nağıl kimi göründü. Artıq dünyasını dəyişmış neçə-neçə insanın şəkillərdən boylanan baxışları üzüntülü, kədərli ovqat yaratdı. 

İndi uzaq görünən 1990-cı ilin axırı, ya 1991-ci ilin əvvəli idi. İkimiz də Aydın Məmmədovun rəhbərlik etdiyi Tərcümə Mərkəzində işləyirdik. Arif rus dilində nəşr olunan “Xazar” jurnalının baş redaktoru idi. Partiya yaratmaq, “Respublika” adlı gizli qəzet nəşr etmək istəyirdi. Dağlıq Qarabağ hadisələri, Milli Azadlıq hərəkatı, 20 yanvar qırğını, xalqın alışıb yanan azadlıq yanğısı, müstəqllik arzuları ölkənin сiddi, taleyüklü proseslər astanasında olduğundan xəbər verirdi. Respublika fövqəladə vəziyyət rejimində yaşayırdı. Arifin təklifiylə Aydın müəllimlə birlikdə səfərə çıxdıq. Millət vəkili, parlamentin komissiya sədri olan Aydın Məmmədov çox məşhur idi, xalq arasında, cəmiyyətdə böyük nüfuzu vardı. Onun nüfuzu sayəsində fövqəladə vəziyyət rejimində rayonlarda gizli qəzet çap etməyə razılıq verəcək mətbəə axtarışındaydıq. O səfərlər zamanı Daşkəsənə, Zaqatalaya getməyimiz indi də yadımdadır...

Çox keçmədi, SSRİ dağıldı və Azərbaycan müstəqillik qazandı. Arif Əliyev bu illərdə media sahəsində bir çox ilklərə imza atdı. “Yeni nəsil” Jurnalistlər Birliyinin, Bakı Press klubunun fəaliyyətə başlaması, nüfuzlu “Media açarı” mükafatının təsis olunması, Mətbuat Şurası, İctimai teleyayım kimi ideyaların ölkəmizdə müzakirəyə çıxarılması bilavasitə onun təşəbbüsü ilə reallaşdı, Azərbaycan Mətbuat Şurasının yaranmasında əvəzsiz rol oynadı.

Bayaq Ariflə birlikdə bir çox səfərlərdə olduğumuzu qeyd elədim. İndi o səfərlərdən biri yadıma düşdü. 2001-ci ilin sentyabr ayında Ki-Uest sazişi ərəfəsində BMT-nin balaca, göyərçinə oxşayan təyyarəsilə biz - bir qrup Azərbaycan jurnalistinin Bakıdan Yerevana getməyimizi, orada görüşlər keçirməyimizi, Göyçə gölündə olmağımızı, jurnalist Mahal İsmayıloğlunun ata yurduna baş çəkib sonra Gürcüstandan Azərbaycana keçməyimizi, məşum 11 sentyabr hadisələri günü Qazaxa, Qırmızı Körpüyə çatmağımızı hələ də bütün təfsilatıyla xatırlayıram.

Son illər kölgəyə çəkilsə də, Arif həmişə müdrik, ağır, təmkinli duruşunu qoruyub saxlamağı bacarıb. Mətbuatdan, media idarəetməsindən geniş mənada uzaq düşsə də, səhv eləmirəmsə, 2005-ci ildə “Gün-səhər” qəzetinin yaradılmasına nail oldu, müstəqil mətbuat orqanı nümunəsi ortaya qoymağa çalışdı. Amma təəssüf ki, mailyyə problemləri ucbatından bu nəşrin ömrü uzun sürmədi. 

Bu illər ərzində aktiv jurnalistika fəaliyyətindən kənarlaşsa da, Arif boş dayanmadı - kitab yazdı, film çəkdi, millət üçün, xalq üçün, Azərbaycan üçün gərəkli işlər görməyə çalışdı. 1920-ci ilin aprelində Azərbaycanın XI Ordu tərəfindən işğalına və Xalq Cümhuriyyəti hökumətinin devrilməsinə qarşı çıxan, Yalamada rus ordunun sərhədlərimizi keçməsinə müqavimət göstərən Azərbaycan sərhəd qoşunlarının 350 əsgərdən ibarət kiçik dəstəsinin taleyindən bəhs edən çox qiymətli “Yalama” povestini yazdı. Bu povesti oxuyanda bir məqam diqqətimi xüsusi çəkmişdi. Əsərdə Azərbaycan ordusunun 1920-ci ilin mart-aprel aylarında erməni daşnaklarına qarşı apardığı hərbi əməliyyatlardan da bəhs olunur və böyük əhəmiyyətə malik məşhur Əsgəran döyüşünə də toxunulurdu. Tarixdən məlumdur ki, o dövrdə Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün Əsgəranın böyük strateji əhəmiyyət vardı və ermənilər Əsgəran keçidini bağlayaraq Xankəndidəki, Şuşadakı hərbi qüvvələrimizi çətin vəziyyətə salmışdılar. Milli ordumuz o günlərdə hərbi əməliyyat hazırlayaraq Əsgəranı erməni silahlılarından təmizləmişdi. Əsərdə qonşu ölkələrin arxivlərindəki sənədlərdən istifadə etməklə qələmə alınan bu məsələlər ürəkdən, içdən yazılmışdı. Oxuduqca düşünürdün ki, baş verənləri o hadisələrin canlı şahidi olmuş, Qarabağın təbiətini, iqlimini, coğrafiyasıni dərindən bilən, sanki o yerlərdə doğulub boya-başa çatmış bir insanın dilindən eşidirsən. Bunları Arifin özünə də demişdim. Sonra Arif dostları və həmfikirləriylə birlikdə bu mövzuda “Əsgərlər unudulanda ölürlər” filmini də ərsəyə gətirdi,”Nizami” Kino Mərkəzində filmin uğurlu təqdimatı da keçirildi.

Bir il öncə isə Arif yenidən Bakı Press klubunu bərpa etdi, “Pressclub.az” adlı xəbər saytı, “Pressklub TV” internet televiziyası yaratdı, yenə də fərqli, təmkinli, kübar yanaşmasıyla səviyyəli media nümunələrinin fəaliyyətə başlamasına nail oldu.

Hələ 2003-cü ildə - Jurnalistlərin qurultayı ərəfəsində, Azərbaycan Mətbuat Şurasının formalaşdırıldığı dövrdə “525-ci qəzet”də onunla bağlı “Öz haqqından imtina edən adam” adlı bir yazı yazmışdım, qurultay nümayəndəsi olan həmkarlarımı Arifi Mətbuat Şurasının sədrliyinə razı salmağa çağırmışdım... 

Bu günlərdə 60 yaşı ərəfəsində Arifin “Yolun haradı, ey yolçu” başlıqlı bir yazısını oxudum. Kövrək, məyus notlarla dolu, bəlkə də, həmkar yaşıdlarının çoxunun keçirdiyi hissləri qələmə almışdı bu yazıda. Çox kədərləndim. 

Arif bu yazısında Məmməd Arazın məşhur “Ulduzlara barmaq silkib, daş atdım” misrasını sitat gətirmişdi. Mən isə indi sevimli şairimizin bir zamanlar özünə xitabən yazdığı başqa misrasını xatırladım: “Çox tozanaq atlını təmkin atınla keçdin...” Həmişə, bütün dövrlərdə belə olub: tozanaq atlılar keçib gediblər, Arif Əliyev kimi insanlar isə təmkinli və ağır yerişi, sanballı davranışları ilə öz yollarına davam ediblər...

Bir də 60 yaş nədir ki?! Ömür davam edir! Arifin yubileyini təbrik edir, gerçəkləşdirə bilmədiyi ideyalarının reallaşmasını arzulayıram.


Cenub.az
 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10