Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanın ən yaşlı prezidenti – 87 yaşlı Pol Biyanın 38 illik fəaliyyəti və davam edən hakimiyyət...


O, dünyanın ən yaşlı dövlət başçısıdır. 87 yaşlı Pol Biya 1982-ci ildən Kamerunun prezidentidir. Prezidentliyikdən əvvəl isə Pol Biya 7 il ölkənin baş naziri kürsüsündə əyləşib. 7 dəfə 7 illik prezident seçilən Pol Biya yaşına baxmayaraq kürsüsündən ayrılmaq niyyətində deyil, hər seçkidə 70-90 faiz səs toplayan prezident əvəzolunmaz lider kimi fəaliyyətini davam etdirməkdədir.
Pol Biya 1933-cü ildə ölkənin cənubunda, Mvomekada anadan olub. İlk təhsilini Kamerunun paytaxtı Yaunde şəhərindəki liseydə alıb. Daha sonra o, dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri sayılan Paris Universitetində, Sorbonnada oxuyub, ali hüquq təhsilinə yiyələnib.
Fransadan qayıtdıqdan sonra Pol Biya Kamerun prezidenti Əhməd Axidconun kargüzarlığında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsində işləməyə başlayıb. Vəzifə pillələrini sürətlə qalxan Pol Biya Təhsil, Gənclər, Mədəniyyət nazirliyində, Prezident kargüzarlığında, Dövlət nazirliyində yüksək postlar tutduqdan sonra, 30 iyun 1975-ci ildə Kamerunun baş naziri vəzifəsinə təyin olunub.
118657594_934297940413513_4287867103902948176_n.jpg (48 KB)
Pol Biya həm də 1980-ci ildən ölkədə fəaliyyət göstərən yeganə partiyanın, Kamerun Milli İttifaq partiyasının sədr müavini vəzifəsini də daşıyıb, partiyanın əsas aparıcı qüvvələrindən biri olub.
1982-ci ildə ölkə prezidenti Əhməd Axidco istefa verdikdən sonra konstitusiyaya uyğun olaraq Pol Biya baş nazir kimi növbəti seçkilərə qədər prezident səlahiyyətlərini icra edib. Bu ərəfədə o, sabiq prezident Əhməd Axidconu dövlət çevrilişində ittiham edərək həbs etdirib. Pol Biyanın göstərişi ilə Əhməd Axidco ölüm hökmünə məhkum edilsə də, sonradan Biya bu cəzanı ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib.
Əhməd Axidconun həbsindən sonra partiya sədri seçilən Pol Biya 1984-cü ildə keçirilən növbəti prezident seçkilərinə qatılıb və 99.98 faiz səslə ölkə prezidenti seçilib.
Hakimiyyətdə olduğu ilk onillikdə Pol Biya iqtisadi sahədə bəzi müsbət nəticələr əldə etsə də, Çin və digər ölkələrlə iqtisadı əlaqələr yaratsa da, savadsızlığın aradan qaldırılmasınada bir sıra zəruri tədbirlər həyat keçirsə də, o, ölkədə işsizliyi aradan qaldırmağa nail ola bilməyib. Elə bunun nəticəsi olaraq Kamerun əhalisinin 50 faizdən çoxu yoxsulluq həddinə yaşayır.
118677529_3402913296436941_4505794430300956476_n.jpg (48 KB)
Uzun illərdir ki, Kamerun prezidentinin administrasiyasının fəaliyyəti korrupsiyada ittiham olunur. Pol Biyanın adı isə populyar Amerika jurnalı olan “Parade”də “dünyanın ən pis diktatorları” sırasında yer alıb.
Bir çox siyasi araşdırmaçıların qənaətinə görə Pol Biyanın ölkəni idarəetmə sistemində tutduğu ana xətt ölkə əhalisini ölüm cəzaları və həbslərlə xof içərisində saxlamaqdan ibarətdir. Məhz Pol Biya davam edən hakimiyyəti illərində bir neçə dəfə dövlət çevrilişi cəhdləri ilə üzləşib və bu cəhdlər dövlətin silahlı müqaviməti ilə yatırdılıb.
Pol Biyanın prezidentlik fəaliyyəti ilə bağlı yadda qalan məqamlardan biri də Nigeriya ilə mübahisəli olan ərazi ilə bağlıdır. Neft və balıq resursları ilə zəngin olan Bakkasi yarımadası uğrunda mübarizə Kamerunla Nigeriya arasında dəfələrlə silahlı münaqişə, hərbi konflikt vəziyyətinə çatıb. 1994-cü ildə Pol Biya məsələyə baxılması üçün BMT-nin beynəlxalq məhkəməsinə müraciət edib. Uzun proseslərdən və müzakirələrdən sonra məhkəmə məsələni Kamerunun xeyrinə həll edib.
118285698_633136500961494_1951863612381920221_n.jpg (117 KB)
Pol Biyanın hakimiyyətdə olduğu dövrdə ölkə əhalisinin sayı 9.2 milyondan 23.4 milyona çatıb. Əhalinin orta yaş həddi isə 52-dən 58-ə qalxıb.
Beynəlxalq müstəvidə Pol Biyanın adı Kamerundakı ingilis dilli ərazilərdəki münaqişlərlə daha çox hallanır. Belə ki, ölkənin əsas hissəsi fransız dilində danışır. Ölkənin iki bölgəsində isə ünsiyyət vasitəsi kimi ingilis dilindən istifadə olunur. 2016-cı ildə Pol Biyanın göstərişi ilə həmin bölgələrdəki dövlət qurumlarına fransız dilli mütəxəssislər təyin ediləndə, bölgələrdə nümayişlər başlanılıb. Nümayişlər zamanı hökumət silah tətbiq edərək etirazçıları susdurub. Silahlı qarşıdurma zamanı 21 nəfər həlak olub. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənib. Bu münasibətin nəticəsi olaraq on minlərlə insan Kamerundan mühacirət ediblər.
Kamerunun birinci xanımı Şantal Biya Pol Biyanın ikinci həyat yoldaşıdır. Prezidentin birinci həyat yoldaşı vəfat etdikdən sonra o, özündən 40 yaş kiçik olan Şantalla ikinci dəfə ailə həyatı qurub. Afrikada birinci dəfə QİÇS xəstəliyinə qarşı mübarizə mərkəzinin yaradılması məhz Kamerunun birinci xanımı Şantal Biyanın adı ilə bağlıdır. Bununla yanaşı Şantal Biya Kamerunda bir neçə xeyriyyə fondlarının yaradılmasına da nail olub. Kamerunda birinci ledini fərqləndirən çəhətlərdən biri də onun saç düzümüdür. Xanım Biya qeyri-adi saç düzümü ilə rəsmi görüşlərdə və qəbullarda qonaqları təəcübləndirməyi bacarır. Yarıfransız olan Şantal Biya həm də şopinq həvəskarıdır. O, alış-veriş etmək üçün tez-tez Fransaya səfər edir.
118255491_343012723543511_384013112295512247_n.jpg (65 KB)
Pol Biya hələ ki, öz kürsüsündən getmək haqqında düşünmür. Baş nazirlik dövrün saymasaq, 38 il hakimiyyətdə olan 87 yaşlı prezident yəqin belə zənn edir ki, seçkilərdə “topladığı” 70-90 faiz səs ona prezident kreslosunda əyləşməyə tam haqq verir.
Beləliklə, rekord yaş və rekord prezidentlik dövrünü əldən vermək istəməyən Pol Biya hələ ki, cavan həmkarlarından geri qalmayaraq siyasi fəaliyyətini coşqu ilə davam etdirir...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10