Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

25 il Stalinin şəxsi katibi olan adamı 25 dəqiqədə “xərcləyiblər” - Kreml oyunlarına qurbanı gedən Poskrebışev


Fenomenal yaddaşa, güclü hafizəyə malik olan Aleksandr Poskrebışevi Kremldə “yeriyən ensiklopediya” adlandırıblar. O, Mərkəzi Komitəyə daxil olan sənədlərin hansı tarixdə və kim tərəfindən göndərildiyini, bütün dövlət məmurlarının iş və ev telefonlarını, onların tərcümeyi-hallarını, kimin hansı gündə və hansı saatda İosif Stalinin qəbulunda olduğunu əzbərdən bilib. Poskrebışev ona ünvanlanan bütün suallara düşünmədən cavab verib. 
25 ilə yaxın müddətdə Stalinin köməkçisi, şəxsi katibi olan Aleksandr Poskrebışevi həm də “Stalinin kölgəsi” adlandırıblar. O, bu illər ərzində həmişə Stalinin bir addımlığında dayanıb.
Sutkanın 18-20 saatını işdə keçirməsinə baxmayaraq, Poskrebışev həmişə gümrah görünüb, üzündə yorğunluq hiss olunmayıb. Qızı Natalya Poskrebışeva da öz xatirələrində atasının iş rejiminin gərgin olduğunu xüsusilə vurğulayıb:

“Atam demək olar ki, sutkanın bütün saatlarını işləyirdi. O, səhərə yaxın, saat 5-6-da evə gəlirdi, saat 10-11-də isə yenidən işə qayıdırdı. Nə qədər gərgin iş rejimində işləsə də, o, evdə mehriban, sakit və gülərüz olurdu. İşdə isə, atam cox ciddi bir şəxs olub...”
Vyaçeslav Molotov da öz xatirələrində Poskrebışevin iş rejimi və iş prinsipi haqqında təəssüratlarını bölüşüb:
“Poskrebışevin iş məhsuldarlığı adamı təəccübləndirəcək qədər yüksək idi. O, gecədən xeyli keçmiş işdən çıxıb Stalinlə onun bağına gedirdi. İçi dolu məktub və sənədlərlə böyük qovluğu da özü ilə götürürdü. Stalin bağda təxminən bir-iki saat ərzində həmin sənədlərə nəzər yetirib ona göstərişlərini verirdi. Poskrebışev yalnız səhər açılana yaxın evə gedə bilirdi. Bu gərginliyə baxmayaraq, Poskrebışev heç vaxt şikayətlənmirdi. Ən əsası isə, o, heç vaxt yorulduğunu hiss etdirmirdi. Poskrebışev Stalin üçün göydəndüşmə bir kadr idi...”

Aleksandr Poskrebışev 1891-ci ildə Vyatka quberniyasında (sonralar Nijeqorod vilayəti), Uspenski kəndində anadan olub. Natamam orta təhsil aldıqdan sonra feldşerlik məktəbində oxuyub. İlk əmək fəaliyyətinə feldşer kimi Uralda başlayıb. 1917-ci ildə inqilabi hərəkata qoşulub. 1919-1921-ci illərdə Zlaotuste şəhərində (Çelyabinsk vilayəti) hərbi-inqilabi komitəyə rəhbərlik edib. Sonra fəaliyyətini iki il ərzində Ufada psrtiya və sovet orqanlarında davam etdirib.
Poskrebışev 1923-cü ildə Moskvaya dəvət olunub, Mərkəzi Komitədə İşlər idarəsinin müdiri təyin edilib. Eyni vaxtda o, Moskva Dövlət Universitetində ali təhsil alıb.
Ayrı-ayrı illərdə Mərkəzi Komitədə tutduğu vəzifələrin adı (kargüzarlıq rəisi, məxfi şöbənin rəisi, xüsusi şöbənin rəisi və s.) dəyişsə də, Poskrebışev 1927-ci ildən 1953-cü ilə qədər paralel şəkildə rəsmi olaraq Stalinin şəxsi katibi vəzifəsini də daşıyıb.

Dörd dəfə “Lenin” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunan Aleksandr Poskrebışevin işi və fəaliyyəti bütövlükdə Stalini tam qane edib. Məxfiliyi qorumağı bacaran, məsuliyyətini tam dərk edən, bütün tapşırıq və göstərişləri ən yüksək səviyyədə icra etməyi bacaran Poskrebışev Stalin üçün təkcə şəxsi katib yox, həm də məsləhətşi, həkim, mühafizəçi, onun ailə problemlərini həll edən yaxın adam, etibarlı və sədaqətli şəxs olub.
Stalin mötəbər rəsmi tədbirlərdən tutmuş, qeyri-rəsmi ziyafətlərə qədər Poskrebışevin onun yanında olmasını tələb edib. Poskrebışev yeganə şəxs olub ki, ona hətta Stalin tribunada çıxış edən zaman ona yaxınlaşmaq, hansısa məlumatı çatdırmaq, nə isə demək səlahiyyəti verilib.
Amma bütün bunlara baxmayaraq Stalin öz amansızlığını bir addımlığında olan Poskrebışevdən də əsirgəməyib.
Belə ki, Aleksandr Poskrebışev birinci həyat yoldaşından ayrıldıqdan sonra, ikinci dəfə Bronislava Metallikova ilə ailə həyatı qurub. İxtisasca həkim olub Bronislava Metallikova Trotski ilə qohum olub, amma qohumlar arasında münasibətlər mövcud olmayıb. 1939-cu ildə Bronislava Metallikova xidməti işi ilə bağlı Almaniya və Fransada ezamiyyətdə olarkən Trotskinin oğlu ilə görüşüb. Əsas versiyalara görə, bu görüşdə heç bir siyasi motiv güdülməyib və bu görüş sırf təsadüf nəticəsində alınıb. Görüş haqqında “NKVD”-yə məlumat verilib. Bronislava Metallikova Moskvaya qayıdan kimi Beriya onu yanına dəvət edib, birinci görüş sırf araşdırma xarakteri daşıyıb və o, sərbəst buraxılıb. Bir neçə gündən sonra isə Stalin Bronislava Metallikovanın həbsi haqqında sanksiyasını Poskrebışevin özünə yazdırıb. Metallikova ikinci dəfə Beriyanın çağırışına getdikdən sonra “Lubyanka”dan geri dönməyib, üç ildən sonra isə o, güllələnib.

Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində həmin hadisələrə də yer ayırıb:
“Biz Kremldəki mənzilimizdə idik. Atam Poskrebışevə zəng edib hansısa sənədlərin gətirməsini göstəriş verdi. Çox keçməmiş Poskrebışev sənədlərlə gəldi. Həmişə nikbin və gümrah görünən Poskrebışevin üzündə kədər hiss olunurdu. Bu həmin ərəfə idi ki, onun həyat yoldaşını həbs etmişdilər. Atam onun kədərli olmasının səbəbini bilsə də, ondan soruşdu:
- Aleksandr Nikolayeviç, fikri dağınıq olan adamlar kimi görünürsünüz.
- Yoldaş Stalin, mənim həyat yoldaşımı səbəbsiz yerə həbs ediblər. Bu haqda sizin də məlumatınız var, xahiş edirəm...
Atam onun sözünü yarımçıq kəsdi:
- Yoxsa qadınsız qalmaqdan qorxursunuz? Narahatlıq budursa, biz bu işdə sizə kömək edərik.
O, heç nə demədən getdi...”

Stalinin sözünün üstündə durub. Bronislva Metallikovanı güllələdikdən bir ay sonra, günlərin birində səhər saatlarında Poskrebışevin mənzilinin qapısı döyülüb. İşə tələsən Poskrebışev çağrılmamış qonağın kimliyi ilə maraqlananda yaraşıqlı və gənc qadın qısa və konkret cavab verib:
- Məni sizin ailəyə təhkim ediblər. Ev işlərinizlə, uşaqların tərbiyəsi ilə mən məşğul olacağam.
Çaşqın vəziyyətdə qalan Poskrebışev qadını evə dəvət edib. Bir neçə aydan sonra isə onlar ailə həyatı qurublar.
Mövcud dövrdəki ziddiyyətli və mürəkkəb şəraitdə Poskrebışev birincinin yanındakı mövqeyini 25 il qorumağı bacarıb. Amma 1952-ci illərin sonunda o, Lavrenti Beriyanın qarmağından xilas ola bilməyib. Beriya üçün Poskrebışev çox da arzuolunan şəxs sayılmayıb. Əsas səbəb isə o olub ki, Beriya heç vaxt ondan söz ala bilməyib, Stalinin görüşləri, aldığı məxfi sənədlər haqqında Beriyanın nəsə öyrənmək cəhdlərinə baxmayaraq, Poskrebışev həmişə məxfiliyi qoruyub.

1952-ci ilin sonlarında Mərkəzi Komitəyə “məxfi” qrif altında daxil olan bir neçə sənəd Mərkəzi Komitənin məxfi şöbəsindən Beriyanın adamlarının əli ilə yoxa çıxıb. Bu haqda Beriya Stalinə məruzə edib və xüsusilə vurğulayıb ki, ona catacaq məxfi sənədləri götürmək səlahiyyəti yalnız Poskrebışevdədir. Həmişə olduğu kimi, Beriya bu dəfə də inandırmağı, daha dəqiq ifadə etsək, aldatmağı bacarıb. Stalin 25 il ona sədaqətlə xidmət edən şəxc haqqında bir gün ərzində qərar verib.
Poskrebışev tutduğu bütün vəzifələrdən azad olunub, haqqında araşdırmalar başlanıb. Onu ən ağır cəza, güllələnmə gözləyib. Hadisələrin bir-birini sürətlə əvəz etməsi Poskrebışevi xilas edib. Stalinin vəfatından sonra Xruşov Poskrebışevi sərbəst buraxıb və onun haqqında bu fikirləri bildirib:
“Mən bunu dəqiq bilirəm, Poskrebışev Stalinin ətrafında olanların arasında ən sədaqətli adam olub, onu hansısa bir hadisədə ittiham etmək böyük ədalətsizlik olar...”
1953-cü ildən, ağır sınaqlı günlərdən qurtulduqdan sonra Poskrebışev bir daha Kremlə qayıtmayıb, təqaüdə çıxıb.

Aleksandr Poskrebışev 1965-ci ildə, 73 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbirstanlığında, birinci həyat yoldaşının yanında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10