Son günlər ölkənin siyasi gündəmini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev ətrafında cərəyan edən proseslər müəyyənləşdirir. “Karantin toyu”ndan dərhal sonra üstünə gələn dalğa onu çətin vəziyyətdə qoyub. Prezident Administrasiyasının (PA) rəhbəri olduğu zamanlarda rəqiblərinə, müxalifətə qarşı istifadə etdiyi qaralama, qurşaqdan aşağı zərbə üsullarından indi onun özünə qarşı gen-bol istifadə edirlər. Bu zərbələr Mehdiyevi hələlik yıxmasa da, incidir və qəzəbləndirir. Akademik keçmiş silahdaşlarını məhkəmə ilə hədələyir: “… Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-də yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram…”
Hadisələr niyə bu nöqtəyə gəldi, Ramiz Mehdiyevlə asanlıqla “sağollaşmaq” niyə mümkün olmadı? Akademikin iddiaları, yoxsa onu əzmək cəhdləri indiki siyasi gərginliyə gətirib çıxardı? Bundan sonra necə olacaq: R.Mehdiyev AMEA prezidenti vəzifəsini və müəyyən imtiyazları əlində saxlaya biləcəkmi? Hazırda aktual olan bu suallar AMEA prezidentinin personasına və addımlarına ictimai marağın hələ bir müddət qalmasını təmin edəcək.
Bir az geriyə dönüb, hadisələrin xronologiyasına nəzər salsaq, Ramiz Mehdiyevlə hakimiyyət arasında yaranmış qarşıdurmanın əsas səbəblərini asanlıqla görə bilərik.
Ötən ilin payızında prezident İlham Əliyev baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun istefasını qəbul edərkən etdiyi çıxışda Ramiz Mehdiyevə açıq mesaj vermişdi: “Hakimiyyətdə təmsil olunan yaşlı nəslin başqa nümayəndələri də Əli Həsənovun, Hacıbala Abutalıbovun atdığı addımlardan nümunə götürməlidirlər…”
Amma R. Mehdiyev həmyaşıdlarından ibrət götürüb, istefa vermədi. Bir müddət sonra prezident sərəncam verərək onu PA rəhbəri vəzifəsindən azad etdi. Bu zaman məlum oldu ki, R.Mehdiyev vəzifədən getməyin müqabilində xeyli imtiyazlar əldə etməyə nail olub. Belə ki, Təhlükəszilik Şurasının (TŞ) Əsasnaməsi dəyişdirildi və keçmiş PA rəhbəri qurumun fərdi üzvü təyin edildi. Ertəsi gün AMEA prezidenti postu boşaldıldı və akademik Ramiz Mehdiyev yekdilliklə bu vəzifəyə seçildi. Bundan əlavə, o, TŞ üzvü olduğunu əsas gətirib, PA-dakı otağını uzun müddət boşaltmaqdan imtina etdi.
AMEA prezidenti kürsüsüsnə əyləşər-əyləşməz mötəbər qonaq – Rusiya Elmlər Akademiyasının prezidenti Bakıya gəlib, ona təbriklərini çatdırdı. Həmin məqamda bu təbrik Mehdiyev üçün hava-su qədər önəmli idi…
Qısa müddətdə Akademiyada dəyişikliklərə start verildi, keçmiş məmurların bir qrupu vəziflərə təyin edildi, idarəçilik qaydaları yeniləndi. Ən maraqlı hadisələr də bundan sonra başladı. Nazirlər tez-tez AMEA-da R.Mehdiyevin keçirdiyi tədbirlərdə görünməyə başladılar. Müxtəlif mövzulara həsr olunan toplantılarda o, kürsünün başında, nazirlər isə sağında və solunda əyləşdirilirdilər. Belə tədbirlərin birində çıxış edən akademik nazirlərdən Akdademiyanın fəaliyyətinə hərtərəfli dəstək tələb etmişdi.
Təbii ki, Ramiz Mehdiyevin hökumət üzvlərinə paralel rəhbərlik iddası ölkə rəhbərliyində qıcıq doğurmaya bilməzdi. Gözlənildiyi kimi, bir müddət sonra AMEA prezidentinin “hökmranlığına” son qoyuldu, nazirlər, komitə sədrləri onun toplantılarına qatılmadılar. Amma bu boykot Mehdiyevi ruhdan salmadı, o, özünü dövlət idarəçiliyinin mərkəzi fiquru statusunda təqdim etməyə davam etdi.
Məsələn, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 illik yubileyində Ramiz Mehdiyev prezidentin masasında əyləşmişdi. Protokola görə masada ancaq prezident, birinci vitse-prezident, baş nazir, parlamentin spikeri və yubliyarın özü əyləşə bilər. Çəkilən fotolardan aydın görünürdü ki, R.Mehdiyevin əyləşdiyi stul ora sonradan əlavə edilib. “AzərTAC” Dövlət Agentliyi bunu nəzərə alıb, akademiki fotoda görünməz etməyə çalışmışdı.
Mehdiyevin bu sayaq cəhdlərinin daha bir neçəsini sıralamaq olar. Təbii ki, onun siyasi hakimiyyətdən kənarlaşdırılması ilə cəmiyyətə dəyişikliklər, islahatlar mesajını verən iqtidar rəhbərliyi onun sabotaj kimi görünən kaprizlərinə dözmədi. Parlament üzvləri, keçmiş məmurlar Ramiz Mehdiyevlə bağlı tənqidi çıxışlara başladılar. Bu çıxışlarda nələr deyilmirdi: “Rusiyadan idarə olunan “5-ci kolon”un rəhbəri, mühacirətdən yayımlanan internet kanallarının hamisi, radikal müxalifətlə gizli işbirliyində olan xəyanətkar…” Bu ittihamların hansının həqiqət, hansının yalan olduğunu aydınlaşdırmaq müşkül məsələdir. Amma onları R.Mehdiyevin siyasi iddiaları ilə tutuşdurduqda, xeyli maraqlı mənzərə alınır.
AMEA prezidenti sonuncu bəyanatında bir neçə açıq mesaj verir və göstərir ki, iddialarından geri çəkilməyəcək, əksinə, mübarizə aparacaq. Verdiyi bəyanatın bu hissəsində özünü hakimiyyətin qurucularından biri, imtiyazlı şəxs kimi bütün iqtidar komandasından üstün göstərir:
“… Mən açıq mətnlə onlardan soruşuram: xanımlar və cənablar, siz kimə xidmət edirsiniz? Bəlkə mənim prezidentimlə sizin prezidentiniz ayrı-ayrı şəxslərdir? Siz 49 il müddətində Heydər Əliyevin və İlham Əliyevin sadiq silahdaşı olmuş, bu dövlətə fədakarlıqla xidmət etmiş şəxsə iftira atmaq cəsarətini kimdən alırsınız? Əgər cürətiniz çatırsa, mənim suallarıma aydın bir cavab verin. Sizin verəcəyiniz cavab iqtidar daxilindəki həqiqi “beşinci kolon”u ifşa etmək baxımından çox faydalı olacaq. Bulanıq suda balıq tutmaq xülyasında olanların nəzərinə çatdırmaq istəyirəm ki, hal-hazırda maddi nemətlərindən geninə-boluna yararlandığınız dövlətin qurulması və güclənməsi sizin yox, ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin və onların sadiq silahdaşlarının xidmətidir”.
Ramiz Mehdiyev prezident İlham Əliyevin onun haqqında işlətdiyi fikirlərə istinad edərək davam edir: “Bu gün hazıra nazir olanlar anlamalıdırlar ki, ümummilli liderin və cənab prezidentin sadiq silahdaşlarına böhtan atmaqla onlar ilk növbədə 30 illik müstəqillik tariximizin əhəmiyyətli bir dövrünə kölgə salmış olurlar. Belə çıxır ki, bu müddət ərzində “beşinci kolon”a ölkənin ən mötəbər vəzifələrindən biri etibar edilmiş, onun liderinə isə dövlətin taleyüklü problemləri ilə məşğul olmaq həvalə olunmuşdur. Razılaşın ki, bu fikirlər çox absurd səslənir və onlar ancaq xəstə, iddiaları ilə bacarığı və imkanları tərs mütənasib olan bir təxəyyülün məhsulu ola bilər…”
Bu cümlələrdən aydın görünür ki, R.Mehdiyev özündən qat-qat aşağı saydığı iqtidar komandası mənsubları ilə hesablaşmaq niyyətində deyil. O, ömrünün sonuna qədər mərkəzi fiqur statusunu saxlamaq üçün çalışacaq. Əlbəttə, hazırkı reallıqlar onun niyyətlərini gerçəkləşdirməsini şübhə altına alır. Uzaq olmayan təcrübələr göstərir ki, hakimiyyətin daxilində müqavimət göstərən heç bir qruplaşma ayaqda qala bilməyib. R.Mehdiyevdən daha böyük iqtisadi imkanlara malik oliqarxiya tamamilə sıradan çıxarılaraq, onlardan gələ biləcək təhlükələr aradan qaldırılıb. Mehdiyev də hakimiyyətin gələcək planlarına mane ola bilməz. Doğrudur, o, bəzi üstünlüklərini təhdid formasında yada salmaqla heç də asan yem olmadığını göstərməyə çalışır:
“…Belə çirkin oyunların alətinə çevrilənlər nəzərə alsınlar ki, onlar öz çıxışlarında tez-tez Rusiyanın adını hallandırmaqla ilk növbədə müstəqil dövlətimiz üçün ciddi problemlər yaradırlar. Onlar faktiki olaraq, Rusiyanı ölkəmizin idarəetmə strukturlarında böyük casus şəbəkəsi formalaşdırmaqda ittiham edir, bununla da Moskvadakı bəzi maraqlı dairələrə Azərbaycanı təxribata çəkməyə bəhanə verirlər. Belə məsuliyyətsiz və təhlükəli oyunlardan çəkinmək lazımdır”.
Müşahidəçilərə görə, R.Mehdiyev bu cümlələri qurmaqla arxasında Rusiya faktorunun dayandığına işarə edir. Mesaj verir ki, “məni sıradan çıxarmaq cəhdləri Rusiyanın müdaxiləsi ilə nəticələnə bilər”. Əlbəttə, cəmiyyətdə onun “Rusiyanın adamı” imici möhkəmdir, amma praktik siyasətdə 83 yaşlı, nəhayətsiz iddialarla yaşayan qocanın öz arxasınca hansısa xarici qüvvəni aparması qəti inandırıcı deyil. Bunu Mehdiyev də bilməmiş deyil, amma o, tərəfdarlarını ruhlandırmaq, əleyhdarlarını qorxutmaq üçün fənd işlədir. Çalışır ki, bu mübarizədə siyasi imtiyazlarını itirsə belə, özünün, yaxınlarının topladığı varidatı, biznesi salamat saxlasın. Buna nail ola biləcəkmi? Çətin…
pressklub