13 iyun 2020-ci il tarixdə tarixçi dostum Elçin Hüseynovla qədim paleolit dövrünü (orta) əks etdirən Lerikin qədim Buzeyir abidələrinə səyahət etmək üçün yola düşdük. Məqsədimiz təkcə səyahət etmək yox, həm də orada yerləşən qədim mağaraları tarixi nöqteyi-nəzərdən araşdırmaq idi. Düzdür, keçən əsrin 80-90-cı illərində həmin ərazilərdə AMEA-nın əməkdaşları kəşfiyyat xarakterli tədqiqatlar aparsalar da, hətta mağaraların 2-də geniş qazıntı işləri apararaq öyrənsələr də, 10-larla mağara və digər abidələrin öyrənilməsinə hələ də ehtiyac var... Lerik şəhərinin girəcəyində xəlifə Zəkəriyyə (Hənəfiyyə) türbəsini ziyarət edib XV-XVI əsrə aid qəbirləri və onların üzərinə qoyulmuş müxtəlif işarəli baş daşlarını gözdən keçirdik. İşarələri oxumağa, araşdırmağa can atdıq. Həmin dövrə aid bir-iki qəbrin üzərində işarəli baş daşı var idi. Qalanlarinın üzərində baş daşı olmasa da, hər qəbrin üzəri sadə daşlarla örtülmüşdü. Belə qərara gəldik ki, qəbir abidələri sufi mürşid və müridlərinə aidiyyatı olan abidələr sırasına daxildir. Lerik şəhərinə daxil olub, bizi gözləyən bələdçilər Samir Sadıqov və Natiq İsaqovla görüşdük.
“Niva” markalı maşınla Buzeyir istiqamətində hərəkət etdik. Cənubun başqa rayonlarına nisbətən təbiətcə qışı çox sərt, yayı isə mülayim və sərin keçən Lerik rayonunun yayı gözəldir. Dağların döşündə gül-çiçək hələ də solmamışdı. Kəndlər yamyaşıl görünürdü... Vaxtilə fransız Morqanın tədqiqat işləri apardığı Monidigah (moni Digah) kəndini keçərək, “dağlar qapısı” sayılan Zuvand dağlarına doğru hərəkət etdik. Zuvand çökəkliyində xeyirxah insanların yüksək dizaynla inşa etdikləri “Baba bulağı”nda su içib Həzovi kəndinə çatmamış günbatana – Bizzəy (Buzeyir) kənd istiqamətinə döndük. Bizzəy kəndi Lerik rayonunun cənub-şərqində, Peştəsər sıra dağlarının (Buzeyir dağları) qoynunda yerləşir. Lerik şəhərindən Bəzzəy (Buzeyir) kəndinə 14 kilometrdir. Peştəsər silsiləsində ən yüksək zirvələr Kömürgöy və Qızyurdudur (2433 m). Buzeyir ərazisindəki ən hündür dağ isə Kırçıməhal zirvəsidir ki, onun da dəniz səviyyəsindən hündürlüyü 2000 m-dir. Kəndin adının toponimikası yerli xalqın dili ilə (ləhcə) “Bizzəy” səslənir. Bizzəy “keçi”, yaxud “keçili” dağ mənasındadır. Bu da ərazidəki dağlarda dağ keçilərinin çox olması anlamına gəlir. Buzeyir dağlarnda qərar tutan mağaralar (bəziləri kaha) bir-birindən çox da uzaqda olmayan müxtılif ölçülü, müxtəlif formalı və quruluşlu təbiətin şah əsəridir. “Əsasən III geoloji dövrdə formalaşmış Peştəsər sıra dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Lakin Kiçik Qafqaz dağlarından fərqli olaraq Peştəsər dağlarında vulkanik proseslər daha kəskin olmuş və bu ərazidəki mağaralar məhz vulkanik yolla əmələ gəlmişlər” (Əyyubov, 1972). ...Ərazidə mağaraların çoxluğu gedəcəyimiz nöqtəni tapmağa, nəinki bizi, hətta bələdçiləri də çaş-baş salmışdı. Burada ilk arxeoloqlardan biri İ. Cəfərzadə kəşfiyyət işləri apararkən qeyd etmişdi ki, mağaralar Zuvand çayı ətrafında yerləşir. Doğrudan da, yuxarıdan aşağıya baxanda Zuvand çayı Buzeyir dağlarının başına dolanaraq, öz mənsəbinə doğru gedirdi. Amma bizə bu mağaralardan əsasən biri - ərazisində qazıntı və elmi tədqiqat işləri aparılmış, yerli xalqın dilində “Təvülənons” adlı Buzeyir mağarasın görmək vacib idi. Təvülənons, tövlə (pəyə) kimi istifadə olunan mağaraya deyilir. Biz mağaranı tapıb ora baxış keçirərkən, bunun şahidi olduq. Mağaranın içərisi heyvanlar yatağı vəziyyətində idi... Biz, nəhayət ki, Zuvand çayından dağlara 1.5 saata çox çətinliklə qalxdıq. Xeyli axtardıqdan sonra üstü arko şəklində olan və yerli camaatın dilində Hiliqəvikoç (“Dəlikli daş”) adlanan daş dəliyə rast gəldik. Dəliklidağı cənubi-qərbdən şimali-şərqə keçib, 5-6 m aşağı düşdükdən sonra sağa burularaq əsas mağaranı tapdıq. Mağaranın girişindən içəri qurtaracağına qədər uzunluğu 1 addım, (12-13 m), eni girəcəkdə 5.5 m, hündürlüyü girişdə 3.5 m., sonda 2-2,5 m-dir. Burada görkəmli arxeoloq Əsədulla Cəfərov arxeoloji tədqiqatlar aparmış- (1985-87) və mağaranı Paleolit dövrünün orta (mustye) mərhələsinə aid etmişdir. Görkəmli arxeoloq mağaranı kəndin adı ilə “Buzeyir mağarası” adlandırmışdır -(1990). Mağaranın giriş hissəsində kül qatına rast gəldik.
Vəhşi qəbilə üzvləri (ulu icma) artıq oda yiyələnmiş, ovladıqları heyvan və quşları çox güman ki, bu ərazidə də bişirərək yemişlər. Külün rəngi və qalınlığı onu göstərir ki, ulu icmanın üzvləri odu sönməyə qoymamışlar. Hətta girəcəyin sol tərəfində, 1 m yuxarıda xüsusi hazırlanmış oyuq yerdə, mühafizəçilər daldalanaraq güman olunur ki, növbə ilə odu və “ailəni” qorumuşlar. Ə. Cəfərov ilk tədqiqatında ( I ) düşərgədə paleolit dövrünə aid daş məmulatı, ovlanmış heyvan sümükləri və digər məmulatlar kəşf etdiyini qeyd edir (Ə. Cəfərov, 1990). Qazıntı zamanı düşərgədə 1985-ci ilə qədər 5 təbəqə qeydə alınıb. II arxeoloji ekspedisiyası dövründə (1990) yeni bir təbəqə - 6-cı təbəqə özünü göstərir. Arxeoloqun apardığı tədqiqatlar göstərir ki, düşərgə-mağara çoxtəbəqəli quruluşa malik olub. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılarda orta əsrlər, tunc və eneolit dövrlərinə aid daş məmulatları, heyvan sümükləri, gil qab və digər əşyalar qeydə alınmışdır. III təbəqədə ovlanmış heyvan sümükləri və 4 ədəd daş məmulatı tapılmışdır (Ə. Cəfərov, 1998). IV – VI təbəqələrdə isə qazıntılar zamanı çoxlu ovlanmış heyvan sümükləri və 50-yə yaxın daş məmulatı aşkar edilmişdir (Ə. Cəfərov, 2004). Biz ətrafı seyr edərkən Buzeyir mağarasından bir neçə kilometr qarşıdakı dağlarda digər kaha və mağaraların da olduğunu gördük. Araşdırmalar nəticəsində müəyyən etdik ki, bunların əksəriyyəti hələ öyrənilməmiş kaha və mağaralardır. Bir neçəsinin adını da öyrənə bildik: Cini koç (Cin mağarası), Dovili koç ( Dovil mağarası), İskanə honi koçon (Stəkana oxşar bulaq kahaları), Dvaya koç (İkili mağara) və s. Bunların hər biri qədim bir tarixdir. Yəqin ki, bu mağaralarda da digər ulu icmanın, qanı bir - kökü bir qəbilənin üzvləri yaşamışlar. Beləliklə, çoxdan arzusunda olduğumuz tariximizin qədim daş dövrünü yaşamış Azıx, Damcılı, Tağlar, Daşsalahlı mağaraları ilə yan-yana duran Buzeyir mağarasına ekskursiya və araşdırmamız bir gün müddətində çox effekli oldu. Düzdür, buranı öyrənmək, tədqiqat və araşdırma aparmaq bir günün, beş günün işi deyil. Bu qədim düşərgələrə illərlə vaxt lazımdır. Ümid edirik ki, alimlərimiz, arxeoloqlarımız davamlı olaraq bu işin öhdəsindən gələ biləcəklər. Biz isə ora ayırdığımız bir gün müddətində hər halda, çox şey gördük və çox şey öyrəndik. Günün qüruba enməsi üzündən, geri dönmək məcburiyyəti ilə oradan ayrılmaq zorunda qaldıq.
Ələsgər Mirzəzadə
Tarixçi, araşdırmaçı Arxeologiya üzrə doktorant
10.07.2020