Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Neva çayında üzən sovet təyyarəsi” – usta pilotların sayəsində Tu-124 sərnişinləri ölümdən qurtulub


Dünyanın hava nəqliyyatı tarixində təyyarələrin su üzərinə məcburi enişi (təlimlər nəzərdə tutulmur, yalnız qəza şəraitində) çox az hallarda baş verib. Təxmini statistikaya görə, cəmi 27 dəfə pilotlar qəza vəziyyətinə düşəndə təyyarəni meşə massivinə, yaşayış məntəqələrinə deyil, yaxınlıqda olan su üzərinə (okean, dəniz, göl, çay) eniş etməyi daha təhlükəsiz və daha məqbul sayıblar. Bu cür enişlərin yalnız 5-də təyyarə heyəti və sərnişinlər tam tərkibdə sağ qalıblar.
Belə hadisələrdən biri də 1963-cü ildə SSRİ-də, yay fəslində, avqustun 21-də gündüz saatlarında, turistlərin daha çox üz tutduğu Leninqrad şəhərinin (hazırkı Sankt-Peterburq) mərkəzində baş verib.
Həmin gün “Aeroflot”a məxsus 45021 qeydiyyat nömrəli Tu-124 sərnişin təyyarəsi Tallin-Moskva reysini icra edib. Qeyd edək ki, sovet istehsalı olan sözügedən təyyarə istismara 1962-ci ildə verilib. Yəni, təyyarə istismar müddətinə görə yeni olub.

Avqust ayı olmasına baxmayaraq, həmin gün Tallində duman olub. 15-20 dəqiqə ləngimədən sonra uçuşa icazə verilib. Təyyarə Yulemiste hava limanından qalxdıqdan sonra, 600 metr yüksəklikdə olanda pilotlar ön şassinin yarımçıq bağlandığını, orta vəziyyətdə ilişib qaldığını müşahidə ediblər. (Pilotlar ön şassini təyyarənin “qabaq ayaqları” da adlandırırlar). Sürət artıqca yarımçıq bağlanan ön şassinin silkələnməsi uçuş üçün problem yaradıb. Pilot təcili olaraq uçuşların idarəetmə məntəqəsinin dispetçeri ilə əlaqəyə girib, qəza enişi etmək üçün icazə istəyib. Ancaq havanın dumanlı olmasından Tallində qəza enişinə icazə verilməyib. Məntəqən pilota bildirilib ki, istiqamət kursunu Leninqrada dəyişsin. Dərhal Leninqrad aeroportuna xəbərdarlıq edilib, qəza enişi üçün lazımi tədbirlərin görülməsi göstəriş verilib.

Ön şassinin tam bağlanmaması probleminin ardınca təyyarə heyəti 15-20 dəqiqədən sonra növbəti problemlərlə üzləşiblər. Pilotun kabinəsindəki cihazda sağ mühərrikin nasaz vəziyyətdə olmasını əks etdirən qırmızı işıq yanıb. Daha 15-20 dəqiqədən sonra cihazda sol mühərrikin nasaz vəziyyətə düşdüyü əksini tapıb. Daha sonra 400 litrdən artıq yanacağın olmasına baxmayara, təyyarədə nə qədər yanacaq olduğunu, nə qədər məsafəyə bəs edəcəyini göstərən rəqəm sıfıra enib. Bir sözlə, 30-40 dəqiqə ərzində cihazdakı bütün yaşıl işıqlar qırmızı işıqla əvəzlənib. Beləliklə, tam qəzalı vəziyyətdə olan təyyarə Leninqrad səmasına yetişib.
Bütün qərarlar saniyələr ərzində verilib. Təyyarə heyətinin komandiri belə qənaətə gəlib ki, eniş zamanı yarımçıq bağlanan ön şassinin dəmir hissələri yer örtüyündə sürüşməsi zamanı qığılcımlar yaradacaq ki, bu da real yanğına səbəb ola bilər. Təyyarə səkkiz dəfə Leninqradın hava limanı üzərində dövrə vurduqdan sonra yenidən hündürlüyə qalxıb. Əsas pilotla ikinci pilot qərara gəliblər ki, təyyarəni şassinin bu vəziyyətində yalnız su səthinə endirmək olar. İkinci pilot Vasili Çeçenov əvvəllər hərbi-dəniz aviasiyasında xidmət etdiyindən məsuliyyəti öz üzərinə götürüb.

Şəhərə istiqamət alan təyyarə Leninqradın üzərində 400-500 metr hündürlükdə bir neçə dəfə dövrə vurub. Çeçenov təyyarəni Neva çayının Leninqradın mərkəzindən keçən ən enli hissəsində suyun üzərinə endirib.
Həmin ərəfədə Neva çayı üzərində bu gün çox məşhur olan Aleksandr Nevski körpüsünün tikintisi gedib. Körpünün tikintisində işləyənlər qarşılaşdıqları səhnədən heyrətə gələrək özlərini çaya atıblar. Təyyarənin hərəkəti körpüyə 50-60 metr qalmış dayanıb. Özünü itirməyən pilotlar kabinənin pəncərələrini sındıraraq 15-20 metr məsafədə dayanan ağırtonlu yük gəmisinə tərəf üz tutublar. Vaxt itirmədən gəmidən təyyarəyə troslar bağlanılıb, təyyarə batmamış sahilə tərəf çəkilib. Təyyarə heyətinin köməyi ilə sərnişinlər sahilə təxliyyə olunublar. Bir neçə dəqiqədən sonra isə onlar təyyarənin Neva çayında necə batmasına şahidlik ediblər.
46 nəfər sərnişindən və 7 nəfər təyyarə heyətindən bir nəfər də olsun qəza enişi zamanı xəsarət almayıb.

Hadisədən dərhal sonra əraziyə milislər və DTK əməkdaşları gəliblər. Hadisə yerinə toplaşanlardan kimdə fotoaparat olubsa, çəkilişlər elə yerindəcə ləğv edilib. Yalnız polşalı turist Yuri Tayski orqan əməkdaşlarının diqqətindən yayına bilib. Səhərisi gün dünyanın aparıcı kütləvi informasiya vasitələrində onun çəkdiyi şəkillər “Neva çayında üzən sovet təyyarəsi” başlığı altında tirajlanıb.
Hadisə ilə bağlı xüsusi komissiya yaradılıb. Komissiyanın ilk rəyində hadisənin baş verməsində təyyarə heyəti günahlandırılıb. Komissiya üzvləri tərəfindən təyyarənin istismar müddətinin bir ildən də az olduğu nəzərə alınaraq, qəzanın baş verməsində pilotların və bort mühəndisinin səriştəsizliyi və məsuliyyətsizliyi xüsusi olaraq qeyd edilib. Rəylə razılmayan “Aeroflot” Mərkəzi Komitəyə məktub ünvanlayaraq hadisənin yenidən araşdırılmasını tələb ediblər. Mərkəzi Komitə ikinci bir komissiyanın yaradılmasına razılıq verib.

Təyyarə Neva çayından çıxarıldıqdan, ekspertizaya göndərildikdən sonra məlum olub ki, yenicə istismara verilməsinə baxmayaraq, təyyarədə uçuş zamanı texniki nasazlıqlar yaranıb. Belə ki, yanacaq çənindən mühərriklərə gedən borularda hava tutulmaları baş verib ki, mühərriklər lazımi qədər yanacaqla təmin olmadığından tam işlək vəziyyədə olmayıb. Ön şassinin tam bağlanmaması isə ona görə baş verib ki, təyyarənin bütün şassiləri xüsusi mühərriklər hesabına açılıb-bağlanıb. Elə həmin mühərriklərin də lazımi miqdarda yanacaqla təmin olunmaması bu problemi yaradıb.
İkinci komissiya təyyarə heyətinin qəzalı eniş zamanı göstərdiyi peşəkarlığı əsl fədakarlıq kimi qiymətləndirib.
“Aeroflot” SSRİ Nazirlər Sovetinə tabe olduğundan, Nazirlər Soveti SSRİ Ali Soveti Rəyasət Heyətinə təyyarə heyəti üzvlərinin dövlət mükafatları ilə təltif olunmaları haqqında təqdimat göndərib. Amma hansısa səbəblərdən həmin təqdimatlar kimlərinsə yazı masalarının siyirmələrində baxılmayaraq qalıb.
“Vnukovo” hava limanının rəhbərliyi isə öz hava qəhrəmanlarını unutmayıb. İkinci pilota və bort mühəndisinə növbədənkənar mənzil verilib, digərlərinə isə pul mükafatı verilib.

Həmin hadisədən sonra təyyarə heyətinin həmin 7 üzvü bir daha birlikdə uçuşa çıxmayıblar. Amma onlar uzun illər avqustun
21-də bir yerə toplaşaraq ikinci doğum günlərini təntənə ilə qeyd ediblər...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10