Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kim deyir ki, SSRİ-də təhsil ödənişsiz olub? –Faktlar başqa cürdür


SSRİ-nin mövcudluğu dövründə Kreml ideologiyasının əsas təbliğat sahələrindən biri də təhsil sferası ilə bağlı olub, dünya ictimaiyyətinə sovet vətəndaşlarının pulsuz təhsil almaq hüququ qabarıq şəkildə bəyan edilib. Elə bu gün də SSRİ-nin xiffətini çəkənlər sovet təhsil sistemi haqqında ağızdolusu danışırlar, ödənişsiz təhsilin hamı üçün əlçatan olduğunu söyləyirlər. Amma bu fikirdə olanlar yəqin bilmirlər ki, SSRİ-nin ən ağır illərində, əhalinin maddi durumunun aşağı olduğu dövrdə, müharibədən sonrakı onillikdə SSRİ-də həm ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində təhsil ödənişli olub.
Mövzuya aydınlıq gətirmək üçün tarixə kiçik bir ekskurs edək.
Sovet hakimiyyəti qurulduqdan sonra 1920-1930-cu illərdə ölkənin iqtisadi vəziyyətinin nə qədər ağır vəziyyətdə olduğu, əhalinin acınacaqlı sosial durumu, mənzil problemi, yox dərəcəsində olan kommunal şərait, əşya və ərzaq qıtlığı heç kimə sirr deyil. Məhz belə bir dövrdə təhsilin ödənişli sistemə keçməsi təbii ki, əhali üçün böyük problem yaradıb. Həmin dövrdə ölkə pafoslu qırmızı şüarlarla və “NKVD” xofu ilə yaşayıb. Stalin rejimi milyonlarla insanın demək istədiyi sözlərin boğazdan yuxarı çıxmasına imkan verməyib. Rejimə və bütün çətinliklərə baxmayaraq, SSRİ-də təhsilə maraq böyük olub. Valideynlər öz övladlarına orta və ali təhsil vermək üçün bütün imkanlarından istifadə ediblər.

Təhsilə kütləvi şəkildə böyük marağın olması Kreml rəsmiləri üçün bir tərəfdən sərfəli olub, digər tərəfdən isə narahatlıq yaradıb. Stalin bu məsələdə “unikal” çıxış yolu tapıb. Onun təşəbbüsü və göstərişi ilə Xalq Komissarları Sovetinin sədri (baş nazir) Vyaçeslav Molotov 1940-cı ildə ödənişli təhsil sisteminə keçidlə bağlı 638 nömrəli qərar imzalayıb.
Təhsilə marağın böyük olmasının sərfəli tərəfi ondan ibarət olub ki, təhsil almaq istəyənlərin sayı nə qədər çox olubsa, ödəniş də bir o qədər çox olub. Narahatlıq doğuran tərəf isə hamının təhsil almaq istədiyi təqdirdə istehsalatda və kənd təsərrüfatında işçi qüvvəsinə böyük ehtiyac yaranıb.
638 nömrəli qərar bu məsələni tənzimləyib. Ödəniş imkanı olanlar təhsillərini davam etdirərək büdcəni zənginləşdiriblər. Ödəniş imkanı olmayanlar isə 7 illik təhsildən sonra fabrik və zavodlara, kənd təsərrüfatı sahələrinə üz tutublar ki, işçi qüvvəsinin çatışmazlığı problemi həll olunub.

Qərarın girişində ödənişli təhsilə keçid belə əsaslandırılıb ki, zəhmətkeşlərin maddi vəziyyətinin yaxşılaşması, dövlətin orta və ali təhsil müəssisələrinə sərf etdiyi xərclərin artırılması nəzərə alınaraq Xalq Komissarları Soveti qərara alır ki, həmin xərclərin bir hissəsi vətəndaşlar tərəfindən ödənilsin. 1940-cı ildə “zəhmətkeşlərin madii vəziyyətinin yaxşılaşması” ifadəsi nə qədər absurd görünsə də, qərar qüvvəyə minib.
Qərara əsasən 1 sentyabr 1940-cı ildən Moskvada, Leninqradda, müttəfiq respublikaların paytaxtlarında 8-10-cu siniflərdə təhsil alan şagirdlərin illik ödəniş haqqı 200 rubl, digər şəhər, rayon, qəsəbə və kəndlərdə isə 150 rubl müəyyənlədirilib. Həmçinin bu qərar peşə məktəblərinə və texnikumlara da şamil edilib. Moskva, Leninqrad və müttəfiq respublikaların paytaxtlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında illik ödəniş 400 rubl, digər şəhər və rayonlardakı ali təhsil müəssələrində isə 300 rubl olub. Qərarda təhsil haqqının iki dəfəyə, sentyabrın 1-də və fevralın 1-də ödənilməsi qeyd olunub. Ödənişli təhsil yalnız hərbi təhsil ocaqlarına şamil edilməyib.

Artıq növbəti ildə bu qərarın fəsadları özünü göstərib. Əvvəlki illərə nisbətən 10-cu sinif məzunlarının sayı 50 faiz aşağı düşüb. Zavod və fabriklərdə, kənd təsərrüfatı sahəsində isə işçi qüvvəsi kəskin sayda artıb. Ödəniş imkanı olmayanlar 7 illik təhsildən sonra işləmək məcburiyyətində qalıblar.
Ödənişli təhsildən əldə olunan vəsaitin təhsil sahəsinə xərclənməyi nəzərdə tutulsa da, yığılan pullardan 1 rublu belə təyinatına görə xərclənməyib. Müharibənin başlanması ilə həmin vəsaitlər müdafiə sənayesinə sərf olunub.

Çoxları elə düşünüb ki, müharibədən sonra ödənişli təhsil sistemi ləğv olunacaq. Amma Stalin qərarı dəyişməyib.
Yalnız 1956-cı ildə uzun müzakirələrdən sonra Nikita Xruşovun göstərişi ilə 638 nömrəli qərar ləğv edilib, şagird və tələbələr təhsil ödənişindən azad olunublar. Ancaq Xruşov başqa bir yolla təhsil alanlardan vəsait əldə etməyə nail olub. Orta məktəbin 8-10-cu siniflərində təhsil alan şagirdlər həftədə iki gün təcrübə adı ilə istehsalatda və kənd təsərrüfatı sahələrində əməyə cəlb olunublar. Tələbələr isə yay tətilində məhsul yığımına göndərilib. Onların əməyinə yazılan pullar büdcəyə keçirilərək təhsil sahəsinə sərf edilib. Bununla yanaşı Nikita Xruşov istehsalatda işçi qüvvəsinin balansını tənzimləmək üçün əlavə bir qərara imza atıb. Ali təhsil ocaqlarına qəbul olmaq istəyən abituriyentlər üçün iki il iş stajı vacib sayılıb.

Leonid İliç Brejnev hakimiyyətə gəldikdən sonra orta məktəb çagirdlərini təcrübə adı altında olan məcburi əməkdən azad edib. Bir neçə ali təhsil müəssisəsi istisna olmaqla ali məktəblərə qəbul zamanı iki il iş təcrübəsinin vacibliyi ləğv olunub. Təbii ki, kənardan bunlar çox humanist addım və təhsildə islahatlar kimi dəyərləndirilib. Amma Brejnev də təhsil haqqı əvəzinə tələbələrdən işçi qüvvəsi kimi istifadə edilməsi üçün yeni forma tapıb. Məhz Brejnevin dövründə ali məktəblərdə tələbə-inşaat dəstələrinin fəaliyyəti geniş vüsət alıb. Ölkədə fəaliyyət göstərən, demək olar ki, bütün universitet və institutların tələbələri yay tətili zamanı tikinti meydanlarında işləyiblər. Orta məktəb şagirdləri isə məhsul yığımına cəlb olunublar.

Göründüyü kimi, 1940-cı ildən başlayaraq SSRİ-nin dağılmasıma qədər olan dövrdə sovet təhsili müxtəlif formalarda ödənişli olub, ödənişli təhsillə bağlı 638 nömrəli qərarın forması dəyişsə də, məzmunu dəyişməyib. Odur ki, SSRİ-nin xiffətini çəkənlərin ölkənin labüd süqutuna təəssüflənmələri mənasız görünür…
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10