Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-də ilginc hadisələrlə yadda qalan 22-ci Yay Olimpiya Oyunları- müharibə, məşhur müğənninin izdihamlı dəfni


40 il öncə, 1980-ci ildə SSRİ-də keçirilən 22-ci Yay Olimpiya Oyunları tarixə təkcə kütləvi idman tədbiri kimi yox, həm də siyasi bir hadisə kimi həkk olunub. İlk dəfə Şərqi Avropa və ilk dəfə sosialist ölkəsində keçirilən bu idman tədbiri beynəlxalq müstəvidə fərqli yanaşmalı müzakirələrə, hətta etirazlara səbəb olub... 
1974-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Vyanada keçirilən sessiyası 22-ci Yay Olimpiya Oyunlarının SSRİ-də keçirilməsi haqqında qərar qəbul edib. Olimpiya paytaxtına iddialı olan Moskva və Los-Anceles şəhərləri arasında rəqabətdə səsvermə zamanı SSRİ-nin paytaxtı 39-20 səs fərqi ilə ABŞ-ın ikinci ən böyük şəhərini arxada qoyub.

Sessiyanın bu qərarından sonra qarşıdakı altı il ərzində SSRİ-də olimpiya oyunlarına ciddi hazırlıq işləri başlanılıb. Mərkəzi Komitənin nəzarəti altında gedən işlər uğurla davam etsə də, 1979-cu ilin sonunda baş katib Leonid İliç Brejnev olimpiya oyunlarının Moskvada keçirilməsindən imtina etmək fikrinə düşüb, Siyasi Büroda məsələni müzakirəyə çıxaran baş katib olimpiya oyunlarının ölkəyə baha başa gələcəyini, dövlət büdcəsinə kifayət qədər mənfi təsir göstərəcəyini söyləyib. Brejnev kiçik bir cərimə ödəməklə ev sahibliyindən imtina etmək təklifini irəli sürüb. Siyasi Büro üzvləri onun təklifini qəbul etməyib, olimpiya oyunlarından imtina etməyi SSRİ-nin imicinə ciddi zərbə olacağını qeyd ediblər. Bununla da müzakirələrə son qoyulub.
109579010_659562354632355_3299774046042931175_n.jpg (159 KB)

1979-cu ildə SSRİ-nin Əfqanıstana qoşun yeritməsi 22-ci Yay Olimpiya Oyunlarına da öz təsirini göstərib. 64 ölkə Moskvada keçirilən olimpiya oyunlarını boykot edib. 1980-ci ilin fevral ayında ABŞ prezidenti Cimmi Karter Moskvaya ultimatum göndərib: “Bir ay ərzində SSRİ öz qoşunlarını Əfqanıstandan geri çəkməzsə, ABŞ rəsmi olaraq 22-ci Yay Olimpiya Oyunlarını boykot edəcək...”
Kreml Ağ Evin ultimatumunu rədd edib

22-ci Yay Olimpiya Oyunlarının açılışının məhz iyul ayının 19-a salınması da təsadüfi olmayıb. Sinoptiklər son 100 il ərzində Moskvanın hava temperaturunu təhlil edərək qərara gəliblər ki, iyulun 19-da hava şəraiti daha əlverişli olacaq. Oyunlar avqustun 3-ə qədər davam edib.

Olimpiya oyunlarının açılışı üçün Moskvanın 100 min yerlik Lujniki stadionu seçilib.
Bu mötəbər tədbir üçün Moskvada İzmaylovo mehmanxana-istirahət kompleksi inşa edilib. Sonralar kompleks Avropada ən böyük kompleks kimi Ginnesin rekordlar kitabına düşüb.

Olimpiya oyunları ərəfəsində Moskva qapalı şəhər elan olunub. Hətta Moskva vilayətində yaşayanların belə şəhərə girişinə qadağalar qoyulub. Moskvanın küçələrindən dilənçilər, binaların zirzəmilərində, çardaqlarında yaşayan “bomj”lar çıxarılıb, küçə ticarəti məhdudlaşdırılıb.

Moskva mağazalarının piştaxtaları isə yerli sakinləri sözün əsl mənasında şoka salıb. Boş piştaxtalar xarici ölkələrin ən tanınmış məhsulları ilə doldurulub. Saqqızlar, banka pivələr, qazlı sular, kağız qutularda meyvə şirələri, siqaretlər, çoxçeşidli kolbasa məhsulları və s. Həmin dövrlərdə bu kimi mallar sovet insanı üçün əlçatmaz sayılıb. Oyunlarda SSRİ-ni təmsil edən idmançılar yalnız “Adidas” şirkətinə məxsus geyimlərdən istifadə edib. Bununla da SSRİ rəsmiləri xarici qonaqlara fərqli bir SSRİ-ni təqdim etmək istəyiblər.
109680728_336820807340421_7786243350149009625_n.jpg (91 KB)

2 rubldan 20 rubl arasında olan olimpiya oyunlarının biletlərini əldə etmək kifayət qədər problem olub. Xarici vətəndaşlara satılan biletlər isə müxtəlif işarələrlə fərqləndirilib. Onlar biletləri 1 rublun 1.5 dollara nisbətdə olan kursu ilə alıblar.

Olimpiya oyunlarının bir-neçə loqotipi hazırlanıb. Seçim etmək problemi yarananda həmin loqotipləri “Sovetskiy sport” qəzeti vasitəsi ilə ictimaiyyətə təqdim ediblər. Əksər insanlar “Ayı balası”na səs veriblər və bu məsələ də beləliklə öz həllini tapıb. Olimpiya oyunlarının bağlanış mərasimində göyə uçurulan “Ayı balası” isə qısa bir müddətdən sonra Moskva şəhərinin ətrafında tapılıb.

Olimpiya oyunlarında ən maraqlı məqamlardan biri açılış zamanı kosmonavtlar Leonid Popov və Valeriy Ryuminin kosmosdan iştirakçıları salamlamaları olub. Kreml rəsmiləri bununla da ona “xor” baxan ölkələri öz texniki tərəqqisi ilə təəcübləndirməyə çalışıb.

22-ci Yay Olimpiya Oyunları zamanı yadda qalan hadisələrdən biri də Vladirmir Vısotskinin vəfatı ilə bağlı olub. Populyar müğənninin vəfatı məhz olimpiya oyunları günlərinə, iyulun 25-nə təsadüf edib. Milyonların sevimlisi olan Vısotskinin dəfni SSRİ rəhbərləri üçün böyük problem yaradıb. İnsanlar stadionlardan, idman saraylarından Vısotski ilə son görüşə tələsiblər.
109602083_641553770052971_3088561647780307945_n.jpg (123 KB)
Nə DTK, nə də milis Vısotskinin dəfninə gələn on minlərlə insanın qarşısını ala bilməyib. Dəfn böyük bir mitinqi xatırladıb. Hüquq mühafizə orqanlarının səyi nəticəsində saatbasaat böyüyən izdihamda heç bir insident baş verməyib.
Olimpiya oyunları ərəfəsində Brejnevin səhhəti normal olmayıb. Ömrünün son illərini yaşayan baş katib üçün qonaqlarla görüşmək, açılışda iştirak etmək problemə çevrilib. Bununla bağlı həmin dövrdə

Moskva şəhər Partiya Komitəsinin birinci katibi işləyən Viktor Qrişin sonralar yazdığı xatirələrdə qeyd edib:“22-ci Yay Olimpiya Oyunları Brejnevin hakimiyyəti illərində ən əlamətdar hadisələrdən biri sayılırdı. İlk dəfə idi ki, sosialist ölkəsində belə bir mötəbər idman tədbiri keçirilirdi. Bütün dünyanın gözü Moskvada idi. Bunu nəzərə alan Kreml bütün gücünü olimpiya oyunlarının problemsiz keçməsinə sərf edirdi. Səhhətində növbəti problemlər yaranmasına baxmayaraq, Brejnev bütün işlərə şəxsən özü nəzarət edirdi. 64 ölkənin olimpiya oyunlarını boykot etməsi onu həvəsdən və gücdən salmamışdı və qeyd edim ki, məhz Brejnevin iradəsi sayəsində SSRİ son dərəcə yüksək təşkil edilmiş olimpiya oyunları ilə özünü bir daha dünyaya təqdim edə bildi...”

Yeri gəlmişkən, Brejnevin həmin ərəfədə sağlıq durumu ilə bağlı çoxsaylı lətifələr də meydana gəlib:
Oyunların açılışı zamanı Brejnev üçün xüsusi mətn hazırlanıb. Birinci səhifənin yuxarı hissəsində olimpiya loqosu, 5 həlqə əks olunub.

Brejnev çıxışına 5 dəfə “O” hərfini tələffüz etməklə başlayıb. Bu zaman Suslov ona yaxınlaşaraq qulağına pıçıldayıb:
"Leonid İliç, mətn birinci sətirdən başlayır, siz yuxarıdakı “həlqələrə” fikir verməyin..."

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10