Talış bölgəsində ən çox məscid Masallıdadır - 140
Ərəb dilində “müsəlmanların ibadətgahı” hərfi mənasını verən məscid(lər) el arasında “Allahın evi” kimi tanınır. Azərbaycan İslam ölkəsi olduğundan müxtəlif vaxtlarda ayrı-ayrı yaşayış məntəqələrində möminlərin ibadət etməsi üçün məscidlər tikilmişdir.
Azərbaycanda ilk məscid nə vaxt tikilib və onu kimlər yandırıb?
Rəsmi statistikaya görə Azərbaycan Respublikasında ən qədim məscid Şamaxıdakı “Cümə” məscidi hesab olunur. Məscid 743-cü ildə tikilmişdir.
Zaman-zaman dağıntıya məruz qalan “Cümə” məscidi sonradan təmir-bərpa olunmuşdur. Məscid sonuncu dəfə 1918-ci il mart soyqırımı zamanı ermənilər tərəfindən yandırılaraq dağıdılmışdır.
Prezident İlham Əliyevin sərəncamına əsasən Cənubi Qafqazın ən qədim məscidi olan Şamaxı “Cümə” məscidi sonuncu dəfə 2010-2013-cü illərdə restavrasiya (bərpa) olunmuşdur. 17 may 2013-cü il tarixində Prezident İlham Əliyevin və Qafqazın bütün din xadimlərinin iştirakı ilə Şamaxı “Cümə” məscidinin açılış mərasimi keçirilmişdir.
Ölkədə qeydə alınmış 6308 tarix və mədəniyyət abidəsindən
510-u məsciddir.
Respublikamızın memarlıq abidələri sırasında məscidlər mühüm yer tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən ölkədə qeydə alınmış 6308 tarix və mədəniyyət abidəsindən 510-u məsciddir.
Bu məscidlərin 47-i ölkə, 463-ü isə yerli əhəmiyyətli memarlıq abidəsidir.
Ən çox məscid
Bakı (80),
Masallı (50),
Quba (43),
Zaqatala (38),
Ordubad (33) və
Lənkəranda (32) qeydə alınmışdır.
Əhalisinin sayı ilə nisbətdə məscidlərin sayına görə birinci yerdə Ordubad şəhəri durur.
Belə ki, 12 min nəfər əhalisi olan Ordubad şəhərində 21 məscid qeydə alınmışdır. Halbuki həmin vaxt əhalisi 300 mindən (2017-ci ilin statistikasına görə 332.600 nəfər) çox olan
Gəncə şəhərində 14 məscid,
əhalisi 40 min nəfər olan Lənkəran şəhərində (indi əhalisinin sayı 52 min nəfərdir) isə 2 məscid qeydə alınmışdır.
Ölkə və yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidlərin şəhər və rayonlar üzrə təsnifatı aşağıdakı kimidir:
Ölkə əhəmiyyətli məscidlər
Ağdam – 1, Bakı – 30, Bərdə - 1, Balakən – 1, Culfa – 1, Gəncə - 2, Hacıqabul -1, Qax – 2, Quba – 2, Masallı – 1, Ordubad – 1, Şamaxı – 1 (“Cümə”), Şuşa – 1.
Yerli əhəmiyyətli məscidlər
Abşeron – 11, Ağdam – 4,Ağdaş – 4, Ağsu -2, Ağcabədi – 1,Ağstafa – 6,Astara - 12, Bakı – 50, Balakən – 5, Bərdə - 2, Babək – 7, Cəbrayıl – 5, Cəlilabad – 1 (Hasıllı kənd məscidi), Culfa – 1, Füzuli – 16, Gəncə - 12, Goranboy – 2, Göyçay – 3, Xaçmaz – 4, İsmayıllı – 12, Qazax – 2, Qax – 16, Qəbələ - 4, Qobustan – 1, Quba 41, Qusar – 14, Qubadlı – 7, Laçın – 2, Lerik – 1 (Lüləkəran/Lüəkon kənd məscidi), Lənkəran – 32, Masallı – 49, Naxçıvan – 1, Neftçala – 1 (Xıllı qəsəbə məscidi), Oğuz – 5, Ordubad – 32, Sabirabad – 3, Salyan – 1, Sədərək – 1, Şamaxı – 2, Şəki – 13, Şəmkir – 3, Şuşa – 12, Tərtər – 4, Tovuz – 6, Zaqatala -38, Zəngilan – 4.
Talış bölgəsində ölkə əhəmiyyətli memarlıq abidəsi olan yeganə məscid Masallı rayonundakı Qızılağac kənd məscididir (XIX əsr, inv: 313). Qızılağac kənd sakinlərinin qənaətinə görə kənddə məscid XVI əsrdə tikilmişdir.
Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərmişdir.
Sovet dövründə ölkədə Ateizm, yəni Allahsızlıq ideologiyası hökm sürdüyündən məscidlər bağlanmış, Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərmişdir.
Ölkəmiz müstəqillik qazandıqdan sonra milli-mnənəvi dəyərlərin inkişafı və qorunmasında mühüm rol oynayan məscidlər yenidən həyata vəsiqə qazanmış, köhnə məscidlər sökülmüş, yerində yeni məscidlər tikilmiş, qəzalı vəziyyətdə olan məscidlər bərpa olunmuş və yeni-yeni məscidlər inşa edilmişdir.
Bunun nəticəsi olaraq hazırda respublikamızda 2500-dən çox məscid fəaliyyət göstərir ki, bunun da
530-u cənub-şərq bölgəsində,
konkret olaraq
32-si Astarada,
108-i Cəlilabadda,
83-ü Lənkəranda,
99-u Lerikdə,
140-ı Masallıda,
68-i isə Yardımlıda yerləşir.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
P.S. Azərbaycanın şəhər və rayonlarının məscidləri üzrə ilk kitab 2019-cu ildə işıq üzü görmüşdür. “Lənkəran məscidləri” adlanan kitabın müəllifi İldırım Şükürzadədir.