Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Millət Vəkili Məşhur Məmmədov: – Nə vəd vermişəmsə, arxasındayam


1-ci hissə


Bu günki müsahibimiz Millət vəkili Məşhur Məmmədov hansı maraqlı məqamlara toxundu? Masallıları qarşıda 

 hansı ürəkaçan işlər gözləyir?


Müsahibəyə başlamazdan öncə Millət vəkili Məşhur müəllim   şəhidlərimizi xatırladı.  Bildirdi ki,  Allah onları rəhmət eləsin, ruhları daim şad olsun. Xüsusi vurğuladı:- Masallıda zabit şəhidimizin dəfn mərasimində on minlərlə insanın coşqusu,  Bakıda keçirilən çoxminlik yürüşdə  insanların dövlətimizə, prezidentimizə dəstəyi bir daha hamıda inam oyatdı ki, xalq dövlətin yanındadır, kifayət qədər mərd, döyüşkən ruhlu, sədaqətli insanlarımız var və dövlət daim onlara güvənə bilər. Düzdür bundan istifadə edən cüzi şər qüvvələr də oldu. Lakin xalq onların cavabını verdi.


     1. Məşhur müəllim, Sizinlə parlament seçkisi öncəsi müsahibəmizdən 6 aydan artıq vaxt keçir. Təsəvvürünüzdəki millət vəkilliyi ilə real millət vəkilliyi arasında fərqlər çox oldumu?


-Əslində elə ciddi fərq görmədim. Bilirdim ki, düşündüyümdən daha ağır və məsuliyyətli bir işin altına girirəm.  Bilirdim ki, daha çətin, daha şərəfli, daha gərgin çalışmalıyıq ki, hədəflərə nail olaq.   Milli Məclisdəki deputatlarla münasibət qurduqca aydın oldu ki, daha ciddi, daha böyük işlər uğrunda çalışmalıyıq. Cənab prezident İlham Əliyev  1-ci iclasda dedi ki, bu günki deputatlar daha böyük məsuliyyətlə çalışmalıdır və inanıram ki, onlar ölkəmizin rifahı üçün əllərindən gələni edəcəklər.  Mən də, bir deputat kimi bu məsuliyyəti bütün ciddiliyi ilə başa düşürəm. İnanıram ki,   birgə səylərimizlə daha böyük uğurlara imza atacağıq. 


    2. Başa düşürük ki, pandemiya  dövrü görəcəyiniz çox işləri təxirə saldı. 

Hər halda 6 ayda gördüyünüz hansı iş millət vəkili kimi sizə  daha çox fərəh verir?


Öncə bir məqamı xatırladım. Mən seçicilərimə söz vermişdim  ki, may ayına kimi onlarla təkrar görüşəcəyəm, lakin pandemiya qadağaları imkan vermədi. Buna baxmayaraq, məktublar,  virtual görüşlər, zənglər vasitəsi ilə həmin boşluğu doldurmağa çalışmışam.

Təxirə salınan işim, vədim yoxdur. Nə vəd vermişəmsə, hamısının arxasındayam. Tədricən, reallıqları nəzərə alaraq, təmkinlə, inamla onları icra edirəm və edəcəyəm. Zaman keçdikcə görəcəksiniz ki, seçicilərim qarşısında daim başı uca, üzü ağam. 


    3. Pandemiyanın ilk aylarında  sizin təşəbbüsünüzlə rayonda  kütləvi pulsuz çörək aksiyaları keçirildi. İndi vəziyyət daha kritikdir. Bəs niyə həmin xeyriyyəçilik aksiyaları indi keçirilmir?


O vaxt, vəziyyət çətin idi. Xalq belə vəziyyətə tam hazır deyildi. Həmçinin pandemiya hamını qəfil yaxaladığı üçün hakimiyyət   hələ hərtərəfli yardım paketi hazırlamamışdı. Bir də fəaliyyətimə yaxşı bələd olan biri kimi yaxşı bilirsiniz ki, etdiyim xeyirxahlıqlar barədə reklamı xoşlamıram. Deputatalığa qədər də çox geniş miqyaslı xeyiryyə işləri görmüşük, indi də görürük, Allah ömür və fürsət versə, gələcəkdə də edəcəyik.  Əslinə qalsa, insan etdiyi yardımların reklamından qaçmalıdır


    4. Əsasən sizin təşəbbüsünüzlə rayondakı iş adamları bir araya gəlir. İlk addım olaraq, 2 ay öncə yazdığımız kimi (Masallıda  “”Uşaq bağçası” intibahı” gözlənilir), 10-dan artıq uşaq bağçasının tikilməsi və təmiri nəzərdə tutulurdu. Vəziyyət nə yerdədir? Ümumiyyətlə bu sahibkarların birliyi bizə daha nələr vəd edir?


Öncə bu təşəbbüsə qoşulan bütün sahibkarlara ürəkdən təşəkkür edirəm. Əslində bu təşəbbüs Masallı rayonunun icra başçısı Şahin Məmmədovdan gəldi və ona ilk qoşulanlardan biri mən oldum. Artıq ilk addımı da atmış və şəhərin mərkəzində 100 yerlik uşaq bağçasının inşasına başlamışıq. Yaxın vaxtlarda  Ərkivan və Boradigah qəsəbələrində,  Mahmudavar, Yeddioymaq, Köçəkli və digər kəndlərdə yeni uşaq bağçalarının inşasına, yaxud bəzisinin əsaslı təmirinə başlanılacaq. Bu, necə deyərlər, minimum  hədəflərdir. Ola bilsin ki, belə bağçaların sayı 10-dan artıq olsun. Bütün imkanlar, reallıqlar ölçülüb biçilir. Çalışırıq ki, haylü-küylü vədlər olmasın. Nə isə dəqiq edə biləcəyik, o iş imkanlarımız daxilindədir, o barədə də öhdəlikıər götürək. Saytınıza müsahibə şansıdan istifadə edib, rayonumuzdakı bütün imkanlı şəxsləri belə xeyirxahlıqlara çağırıram.


     5. Hazırda rayonda yerləşən, sahibləri kənarda yaşayan 1000-dən artıq boş ev var.  Bu binalardan uşaq bağçası, həkim məntəqəsi və sair sosial obyekt kimi faydalanmaq planları varmı?


Bu həqəqtən ciddi və olduqca  həssas problemdir.  İnsan on min manatlarla xərc çəkir, min arzu ilə ev tikir. Bu onun mülkiyyətidir. Toxunulmazdır.  Lakin bir rayonda yüzlərlə evin illərlə istifadəsiz qalması, hətta yararsız halı düşməsi də arzu olunan deyil. Digər bir məqama da diqqət çəkək. Tutaq ki, 10 adam evini könüllü şəkildə uşaq bağçası, yaxud tibb məntəqəsi kimi istifadə üçün bağışladı, ya da icarəyə veridi. Axı bunun ildə on min manatlarla da yemək, təchizat, ştat və sair xərcləri də var. Və bu işlər bir  günlük, beş günlük edilmir ki, təsadüflərin ümidinə qalsın. Biz hər kəsin haqqına hörmətlə yanaşmalıyıq. Belə işlərin dəqiq mexanizmini tapmalıyıq.


    6. Bu gün həm də   rayonda  çox ucuz qiymətə özəlləşdirilən, lakin faktiki istifadə edilməyən onlarla bina var? Belə obyektlərin canlandırılması üçün nə etmək olar?


Əslində bu sualın cavabın əvvəlki cavabımda qismən   verdim. Belə mülklərin qorunması Konstitusiyamızda  öz əksin tapıb. Bu işdə zor və tələskənlik olmaz.  Problemi doğuran səbəblər araşdırılmalıdır. Hansı sahibkar istər ki onun yüz min manatlarla dəyəri olan mülkü illərlə istifadəsiz qalsın. Bax, buradan bəyan edirəm. Həmin istifadəsiz qalmış mülklərinizi canlandırmaq üçün sizə uzun müddətli kredit lazımdırsa, sənədləşmədə-filanda hər hansı maneə, əngəllər varsa,  var qüvvəmlə çalışıb həmin şəxslərə yardımçı olmağa hazıram. Əgər sizə güzəştli kreditlər lazımdırsa, maraqlı, prespektivli, gələcəyə hesablanmış layihələr təqdim edin və bizə güvənin.



    7. Milli Məclisdə bir sıra təkliflər səsləndirmisiniz. Onlardan hansı reallaşıb və  ya reallaşmaq üzrədir?


Milli Məclisin bir görünən tərəfi var, bir də çox görünməyən. Məsələn, daimi komissiyalar. Burada olduqca qızğın mübahisələr gedir. Hər deputat seçildiyi rayonla bağlı hansısa problemi həll etmək istəyir. Heç bir təklif diqqətdən kənarda qalmır, qeydə alınır, diqqətlə öyrənilir. Elə təkliflər var 1 aya, eləsi var bir neçə aya,  eləsi var  bir neçə oxunuşdan sonra bir ilə həllin tapır. Mənim dilimdən eşitdiyiniz və eşitmədiyiniz bir sıra təkliflər də zamanında öz həllini tapacaq. Hazırda onu deyə bilərəm ki, təhsil, səhiyyə və sığorta ilə bağlı çox ciddi islahatlara təkan verəcək layihələr üzərində işlənilir. Mənim də təkliflərim sırasında olan erkən nikahla bağlı çox mükəmməl qanun hazırlanır. İllərlə cəmiyyətin baş bəlasına çevrilən erkən nikahların baş verməməsi və törətdiyi fəsadlarının kökünün əsaslı şəkildə kəsmək üçün daha kəskin və düşünülmüş addımlar atmalıyıq. Çünki bu bəla həm də təhsilin və gender bərabərliyinin bəlasına çevrilir.


Müsahibənin 2-ci hissəsində nələri oxuyucaqsınız?


-Niyə cənublu deputatlar Fəzail İbrahimlini özlərinin ağsaqqalı sayır?


-Masallının qədim hamamı təmir olunacaqmı?


-Niyə dünyadakı masallılı sahibkarları virtual məkanda belə  bir yerə yığmaq olmur?


- Xeyriyyə təşkilatlarının adı ilə özünü reklam edənlər və halal xeyriyyəçilər barədə nələri  eşidəcəksiniz?


- Millət vəkili rayonda vətəndaş cəmiyyətini və mətbuatı necə görmək istəyir?


- Millət vəkili hər gün neçə məktub alır və həmin məktublar ona necə çatır?


- Doğrundamı Masallıda paklıq siyasətinin 2-ci dalğası olacaq?


Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10