Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalin İspaniyanın 510 ton qızılını necə məngirləyib... – Vətəndaş müharibəsi ölkənin qızıl ehtiyatını sıfırlayıb


İspaniyaya məxsus 510 ton qızılın SSRİ tərəfindən mənimsənilməsi, bəzi araşdırmaçıların təbirincə desək, Stalin tərəfindən “oğurlanması” bu günə qədər mübahisəli məsələ kimi qalır.
Maraqlıdır, başqa bir dövlətin qızıl ehtiyatları SSRİ-nin əlinə necə keçib? İki dövlət arasında hansı qarşılıqlı anlaşmalar olub, hansı rəsmi sənədlər imzalanıb?
1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlanan zaman nasist Almaniyasından və faşist İtaliyasından dəstək alan general (sonralar generalissimus) Fransisko Franko şimaldan mərkəzə doğru irəliləyəndə hakimiyyətdə olan respublikaçılar dövlətə məxsus olan qızıl ehtiyatının qiyamçıların əlinə keçməməsi üçün ölkədən çıxarılmasına qərar veriblər. Bununla bağlı İspaniya hökumətinin başçısı Larqo Kabalero və maliyyə naziri Xuan Neqrin ilk olaraq SSRİ ilə danışıqlara başlayıblar.

Bu haqda Stalinə məlumat veriləndə o, dərhal razılığını bildirərək həmin dövrdə SSRİ Xalq Komissarları Sovetinin sədri (baş nazir) vəzifəsində olan Vyaçeslav Molotova lazımi tədbirlərin həyata keçirilməsi barədə göstəriş verib. Xüsusilə vurğulanıb ki, qızılların SSRİ-yə gətirilməsi prosesi “tam məxfi” həyata keçirilməlidir. Stalin bunu belə əsaslandırıb ki, beynəlxalq müstəvidə İspaniyanın qızıl ehtiyatının SSRİ-yə gətirilməsi SSRİ-nin İspaniyanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirilə bilər. Buna görə də o, bu məsələdə rəsmi sənədlərin minimum olmasını tapşırıb. Amma sonralar məlum olub ki, bu tapşırıqda Stalin başqa məqsədlər də güdüb.
Beləliklə, 20 oktybar 1936-cı ildə İspaniyanın Kartaxen şəhərinin limanında 7800 ədəd qutuda 510 ton qızıl sovet gəmilərinə yüklənib. Bu İspaniyanın bütün qızıl ehtiyatının təxminən 70-80 faizi olub. Qızıllar əvvəlcə Odessaya, oradan isə quru yolla Moskvaya daşınıb.

Qızıllar İspaniyada gəmilərə yükləndikdən sonra dövlət bankının nümayəndəsi SSRİ-nin İspaniyadakı rezidentinin rəhbəri, “NKVD”-nin nümayəndəsi Aleksandr Orlovdan müvafiq sənəd istəyəndə, o, buna səlahiyyəti çatmadığını söyləyib və təhvil-təslim sənədinin Moskvada veriləcəyini deyib. Onu da vurğulayıb ki, tərəflərin razılığı ilə bu cür sənədlər yalnız məxfilik şəraitində təqdim olunmalıdır.
Üç gündən sonra İspaniya hökuməti qızılların Moskvaya çatması haqqında SSRİ-dən məxfi radioqramma alıb. Amma yenə də ortada heç bir rəsmi sənəd olmayıb.
Elə bu ərəfədə İspaniyadakı respublikaçılar Franko qiyamçılarına qarşı mübarizə aparmaq üçün SSRİ-dən hərbi kömək istəyiblər. Stalinlə Molotov bu məsələnin müzakirə ediblər, İspaniyaya hərbi sursat göndərməyi qərara alıblar.

Bu müzakirədə iştirak edən Aleksandr Orlov Amerikaya qaçdıqdan sonra yazdığı “Stalin cinayətlərinin gizli tarixi” kitabında qeyd edib:
“Kreml İspaniya hökumətinin hərbi köməklə bağlı müraciətinə müsbət cavab verdi. Sözsüz ki, bu müsbət cavabın arxasında 510 ton qızıl dururdu. Yoxsa Stalin bu müraciəti rədd edəcəkdi. Mən prosesi icra edənlərdən biri idim. Stalin bu məsələdə çox hiyləgər və sevincli görünürdü. Həmin görüşdə o, Molotova istehzalı ifadə ilə belə bir fikir də bildirdi: “İspaniya bizim silahları gördükdən sonra, öz qızıllarını bir daha görməyəcək. Necə ki, insan öz gözü ilə öz qulaqlarını görə bilmir...” Bu sözlərin arxasında nələrin dayandığını mən təxmini bilirdim. İspaniyadan gələn qızılın dəyəri 517 milyon dollar həcmində hesablanmışdı. Stalin bunun əvəzində İspaniyaya təxminən 200 milyon dollar dəyərində, yəni yarısından da az hərbi texnika verdi. Bu məbləğin içərisinə daşınma, sovet mütəxəssislərin xidməti, aylıq maaşı, İspaniyada bir müddət yaşamalarının pulu da daxil idi. Ən əsası isə bu mübadilədə Stalin məxfilik adı ilə sənədlərin rəsmiləşməsini o dərəcədə məhdudlaşdırmışdı ki, həmin sənədlərdə kimin kimə nə verdiyini anlamaq olmurdu. “X əməliyyatı” adı altında keçirilən mübadilə sona çatdıqdan sonra Stalin Nikolay Yejov başda olmaqla bu prosesin icraçılarını aradan götürdü. Məni də bu cür aqibət gözləyirdi. Mən əvvəlcə Fransaya, oradan Kanadaya, sonra isə ABŞ-a keçə bildim. Məndə olan məlumata görə, İspaniyadan gələn qızılların yalnız bir hissəsi SSRİ-nin müdafiə sənayesi üçün istifadə olunub. Qalanlarının isə taleyi məlum deyil...”

SSRİ-nin hərbi köməyinə baxmayaraq, 1939-cu ildə İspaniyada respublikaçılar hakimiyyəti Fransisko Frankoya təhvil veriblər. Elə SSRİ-dən gedən hərbi texnikaların əsas hissəsi də diktator Frankoya qalıb.
Sözsüz ki, Stalin Hitlerin müttəfiqi olan Franko ilə qızılla bağlı heç bir söhbət aparmayıb. Yalnız Stalinin vəfatından sonra bu məsələ davamlı olaraq müzakirələrə səbəb olub. Sovet tərəfi qızılların əvəzinə İspaniyaya hərbi yardımın göstərilməsini əsas gətirərək iddiaları qəbul etməyib.

Araşdırmaçıların hesablamalarına görə, İspaniyadan SSRİ-yə gətirilən qızılların qiyməti bu gün 13 milyard avro dəyərində hesablanır. Qızıl mütəxəssiləri isə frəqli rəqəm söyləyirlər. Gətirilən qızılların arasında nadir sikkələrin olmasına görə bu rəqəmin 20 milyard avro olduğunu vurğulayırlar.
Qeyd edək ki, məhz həmin ərəfədə, 1936-cı ildə İspaniya yerdə qalan qızıl ehtiyatının 20-25 faizini, 193 tonunu isə Fransaya göndəriblər. Fransa SSRİ-dən fərqli olaraq vətəndaş müharibəsindən sonra 40 ton qızılı Franko hakimiyyətinə qaytarıb. Yerdə qalan 153 ton qızılın isə II dünya müharibəsi zamanı itdiyini, kimlərsə tərfindən mənimsənildiyini qeyd ediblər. Hər halda müqayisə edəndə fransızlar sovet kommunistlərindən daha ədalətli və mərhəmətli olublar.
Göründüyü kimi, Stalin gənclik illərində, hələ Koba olduğu dövrdə işlətdiyi oğurluq sənətindən hakimiyyətdə olduğu illərdə də peşəkarlıqla istifadə edib, sadəcə müstəvilər və hədəflər fərqli olub...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10