Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Anar bizim Mixaylo idi, o, ermənidən intiqamını sağlığında almışdı”


Şəhid olan qardaşım Anardır

Günortaya az qalmış   millət vəkili Məşhur müəllim zəng vurdu:

-Başınız sağ olsun,  şəhidiniz var.

Lakin onu da əlavə etdik ki, ərkivanlı olduğunu bilsəm də, hələ adını dəqiqləşdirə bilməmişəm.

Dərhal şəhərin ərazi nümayəndəsi ərkivanlı  Kamal Mazanova zəng vurdum:

  • Kamal müəllim, Ərkivandan şəhid kimdir ki?

Dedi: - Məlumat dəqiqdir, amma adını tam dəqiqləşdirməmişəm. Deyirlər, sizin Abbaslı məhəlləsindəndir.

Həmişə daha dəqiq və operativ məlumata malik olan dostum və qohumum Sücəddin Novruzova zəng vurdum:

  • Şəhid xəbəri eşitmişəm, məhəlləmizdən kimdir ki?
  • Qardaşım Anardır şəhid olan.

Həqiqi mənada nitqim batdı, bir anlığa deməyə sözüm olmadı.

Bir qədər toxtayandan sonra ilkin məlumatları alıb Facebook profilimdə paylaşım etdim.

Tanıdığımız, lakin bu qədər  cəsur olduğunu bilmədiyimiz Anar


Ən sıravi əsgərin də şəhid olma xəbəri ağırdır, üzüntülüdür. İllah ki, yaxından tanıdığın, qürur duyduğun şahanə gövdəli bir gəncin ölüm xəbərini eşidəsən.


Anar Novruzovun necə deyərlər görünən bioqrafiyası çox kiçikdir – 42 yaşı var, ailəlidir, 1 qız, 1 oğlu atasıdır, Ərkivan qəsəbəsində boya-başa çatıb, hərbi məktəbi bitirib, Türkiyədə mükəmməl peşəkar təlim keçib.


Bəs onun görünməyən tərcümeyi-halı?


13 yaşlı şəhid oğlu ilə müsahibə


Onun dəfn edildiyi günün səhəri Anarın 13 yaşlı oğlu ilə onun məzarı başında kiçik söhbətimiz oldu:

Anar çox qürurlu idi. Sanki ilk gündə şəhid oğlu vüqarini yaşayırdı:

  • Öz arzum həkim olmaqdır. Baş arzum isə atamın arzularını reallaşdırmaqdır. Atamın sözünün əvvəli də, sonu da bu idi- Nihad oxu, oxu. Elmlə adama hər yerdə yer var. 10 gün öncə sonuncu dəfə evə gəlmişdi. 2 gün isə telefonda yazışmamız oldu. Atamla çox qürur duyuram.
  • Atadan hər gələndə soruşanda  ki, orada necə vuruşursan? Məni bağırına basıb, bir az da gülümsəyib deyirdi:-
  • Atan kəşfiyyatçıdır. Ona görə hər şeyi danışa bilmirəm. Zaman gələr, bilərsən ki, atan elə belə hərbiçi olmayıb e. Erməniyə od qoyub. Lap o Mixaylo kimi əməliyyatlar keçirmişəm.


Döyüş üçün doğulan Anarımız

Şəkillərindən də gördüyünüz kimi Anar Novruzov sanki hərb üçün doğulmuşdu. Hündür boy, sağlam bədən. Hədsiz qətiyyətli, ruhən döyüşkən, çevik, vəziyyəti dərhal qiymətləndirən. Elə iti, nüfzedici baxışları var idi ki, kimsə ona yalan söyləyə bilmirdi. Generalın da, sıravi əsgərin də etibar etdiyi dost sandığı zabit idi.

Peşəkar təlim keçdiyindən elə qurğular var idi ki, onun dilini ancaq Anar bilirdi.  Anarın “günahları” da az deyildi. Bəzən cəbhə bölgələrimizdə itkilər haqqında xəbərləri eşidəndə dözmürdü. Rəhbərlikdən xəbərsiz gedib ermənilər tərəfdən “dil”, qiymətli silah-sursat gətirirdi. Bunlara görə qınağa da tuş gəlmişdi.

Tutalan əsirlərdən, ratsiya ilə danışıqlardan da bilirdi ki, erməni tərəfi ondan necə yanıqlıdır. Hətta onu öldürəninə mükafat kimi pul da ayırmışdılar.


Yenə  şəhid oğlu 13 yaşlı Nihadın danışır: - Eşidəndə ki, bacım polis olmaq istəyir...


Atam gələcək peşə seçməkdə bizə tam sərbəstlik verirdi. Eşidəndə ki, məndən böyük bacım polis olmaq istəyir, razılıqla başını tərpədib gülmsədi. Mənim həkim olmağıma da normal baxırdı. Amma onun hərbiçi həyata çox qohumumuzu hərbiçi olmağa həvəsləndirmişdi. Bir qardaşı oğlu, 2 həfər də bacısı qızı hərbiçi sənətini seçiblər. Düzü, olanlar hələ mənə yuxu kimi gəlir. Atama qəsd edənlər də çox sevinməsin. Məni tam əminəm ki, atam hələ sağlığında ermənilərdən intiqamın almışdı. Ermənilər atamı elə belə öldürə bilməzdi. Onun adından belə qorxurdular. Ortada yəqin bilmədiklərimiz də var.  İnanıram yaxın vaxtlarda onunla döyüşən əmilərim atam haqqında əfsanəvi xatirələr danışacaqlar.


Dostum Sücəddinin bu halını görmək ürək ağrıdırdı


O özün çox toparlasa da, hər başsağlığı zəngindən sonra nə hala düşdüyünü görmək özü bir zülmdür.

Hamıdan da xahiş edir ki, pandemiya qaydalarına əməl edin, maska vurun, əlcək taxın, imkan daxilində gəlməyən. 

Nə qədər ağır olsa da, belə qəhrəman şəhidimiz üçün pandemiya qaydalarına görə hüzr keçirilmir. Gəlib-gedənlər isə elə Seyid Sadiq məqbərəsinin yaxınlığındakı talvarda 5-10 dəqiqə çay içib dağılışır. Ehsan vermədiyi üçün bir iri boynuzlu heyvan kəsib  40-50 ailəyə paylayırlar.


Təxminən  28 il öncə Masallının ilk şəhidi – Milli Qəhrəmanımız Səfərəli Məmmədov haqqında  ilk yazını mən yazmışdım. Yenə də şəhidimizdən yazmaq məcburiyyətyindəyəm. Kaş ki, bu yazı şəhidlərimiz haqqında yazdığım son yazı olsun.

Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10