Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölüm düşərgəsində məhv edilən yüz minlər – Mauthauzen həbsxanasının məşum işgəncələri


1938-ci ilin avqust ayında Avstriyanın Mauthauzen şəhəri ətrafında nasist Almaniyasının büdcəsi hesabına tikilən həbs düşərgəsi birbaşa Adolf Hitlerin nəzarəti altında fəaliyyət göstərib. Fürerin göstərişi ilə düşərgənin fəaliyyət dairəsi genişləndirilib, bir il ərzində Avstriyanın şimalında əlavə olaraq 49 filialı da inşa edilib. Düşərgə əvvəlcə çətin islah olunan cinayətkarlar və siyasi məhbuslar üçün nəzərdə tutulub. II dünya müharibəsi başlandıqdan sonra isə Mauthauzen düşərgəsi ən böyük əsir düşərgələrindən birinə çevrilib.
Fəaliyyət göstərdiyi 7 il ərzində, 1938-1945-ci illərdə Mauthauzen düşərgəsində ümumilikdə 385 min nəfər saxlanılıb. Onlardan 176 mini düşərgədə ən amansız üsullarla məhv edilib. Öldürülənlərdən 39 mini sovet vətəndaşı olub.

Mauthauzen düşərgəsində yazılmamış qanunlar hökm sürüb. Daxili rejim qaydalarını pozanlar qida və sudan məhrum olunublar, qaçmağa cəhd edənlər heç müzakirəsiz və sorğusuz yerində güllələniblər, gündəlik iş normasını yerinə yetirə bilməyənlərə yatmaq qadağan olunub.
Xüsusi işgəncələri ilə fərqlənən düşərgədə saxlanılanlar arasında fərq qoyulmayıb. Hər səhər məhbuslar qrup şəklində təxminən 50 kiloqram çəkisi olan daşlarla düşərgənin ərazisindəki pilləli kaha adlanan yerdə 186 pilləni qalxmağa məcbur edilib. Bu “prosedur”u yerinə yetirə bilməyənlər, huşunu itirinlər elə həmin dar pillələrdən yıxılaraq uçuruma yuvarlanıblar.
Düşərgənin ərazisində hündür hasarla ayrılan “ölüm bloku” adlanan 20-ci blok fəaliyyət göstərib. Burada əsasən müntəzəm olaraq rejim qaydalarını pozanlar və sovet hərbi əsirləri saxlanılıb. 20-ci blokda ilin fəsillərindən, havanın temperaturundan asılı olmayaraq qurşaqdan yuxarı geyimlərə qadağa qoyulub. Qaydaları daha tez-tez pozanlar isə ümumiyyətlə geyimdən məhrum edilərək lüt saxlanılıblar.

“Ölüm bloku”nda saxlanılanlar yataqla təmin edilməyiblər. Onlara yalnız gecə saat 1-dən 4-ə qədər beton döşəmədə yatmağa icazə verilib. Yatmazdan əvvəl kameraların beton döşəmələrinə buzlu su buraxıblar. Kameralarda hər gecə 40-50 nəfərin ölümü adi hal sayılıb.
20-ci blokda xüsusi kamera olub ki, burada SS-in gənc zabitləri sınaq təlimləri keçiblər. Ölənə qədər döyməyi bacaran əməkdaşlara sertifikatlar verilib.
Düşərgədə iş saatı səhər saat 7-də başlayıb, axşam saat 9-da yekunlaşıb. Saxlanılanlar daş karxanasında və düşərgədə tikinti işlərində işləyiblər.

Mauthauzen düşərgəsinin ən gənc “sakin”lərindən biri 15 yaşlı Yevgeni Moiseyev olub. Hazırda 93 yaşlı Moiseyev Rostovda yaşayır. O, bu gün də 4 il “yaşadığı” düşərgənin hər anını ən kiçik detallara qədər xatırlayır:
“Mauthauzen düşərgəsinin hər addımından ölüm qoxusu gəlirdi. Mən bu düşərgəyə düşəndə 15 yaşım var idi. Bizi düşərgəyə yük maşınında gətirdilər. Cüssəli alman zabiti bizi “qarşıladı” və təlimat verdi: “Qaçmaq güllələnmək deməkdir, siz yalnız boğucu qaz borulardan qaça bilərsiniz. Bu gündən sonra sizin bütün hüquqlarınız divarların o biri üzündə qaldı. Siz artıq insan deyilsiniz, sinənizdən asdığınız nömrəsiniz. Nömrənin itirilməsi ölüm cəzası deməkdir...”.

Mənə də üzərinə nömrə döyülmüz dəmir parçası verdilər – 17322. Səhərlər bizə qəhvə tullantılarından hazırlanmış soyuq, acı və içilməsi mümkün olmayan içki və təxminən 50-70 qram çəkidə qara çörək verirdilər. Günorta yeməyi suda qaynadılmış kələm şorbası, axşam isə kəpəkdən hazırlanmış yemək olurdu. Həmin vaxt xatırlayırdım ki, Rostovda kənddə yaşayanda nənəm bu cür yeməkləri donuzlar üçün hazırlayırdı. Daş karxanasında işləyirdim. Bu dözülməz bir işgəncə idi. İş arasında bir dəqiqə dayanmaq ən ağır işgəncələrlə nəticələnirdi. İki aydan sonra iş zamanı huşumu itirdim. Sözsüz ki, heç bir tibbi yardımdan söhbət gedə bilməzdi. Qış ayları idi. Məni kameraya aparıb üstümə buzlu su tökməklə “ayıltdılar”. Elə bu hadisə zamanı da nömrəmi itirdim. Məni ölüm cəzası gözləyirdi. Bunun üçün düşərgənin məsul zabitləri anketimdə qeyd aparmalı idilər. Onlar növbə ilə işləyirdilər. Nəzarətçi məni düşərgənin inzibati binasına apardı. Alman zabitinin otağına keçdim. O, məndən kimliyimi soruşdu. Rus olduğumu söylədim. Düşərgədə başqa millətlərdən var idi. Rostovlu olduğumu deyəndə zəhmli alman zabitinin üzündə təbəssüm yarandı. O, 5 il Leninqradda yaşadığını, həmin illərdə Rostovda olduğunu söylədi. Sonda isə məni ölümdən xilas etdi. Hətta düşərgədə işimi də yüngül işlə dəyişdi. Sonradan bildim ki, həmin zabit əslən polşalıdır...”

Mauthauzen düşərgəsində saxlanılanlar bir neçə dəfə qaçmağa cəhd göstərsələr də nəzarətçilərin diqqətindən yayına bilməyiblər. Amma 1945-ci ilin fevral ayında, müharibənin sona çatmasına bir neçə ay qalmış düşərgədə kütləvi şəkildə qaçış cəhdi qeydə alınıb. 20-ci blokda saxlanılanlardan 419 nəfər gecədən xeyli keçmiş 3 nəfər nəzarətçini əvvəlcədən gizlətdikləri taxta və dəmir parçaları ilə “zərəsizləşdirə” biliblər. Kameradan çölə çıxdıqdan sonra onlar nəzarət qülləsində dayanan karaulu da ələ keçirməyə nail olublar. Elektrik naqillərinin qoşulduğu transfarmatoru partlatdıqdan sonra əsirlər 7 metrlik hündürlükdə olan hasarları bir birlərinin köməyi ilə aşaraq ətraf qəsəbəyə qaçıblar. Əsirlərin tutulması üçün ətraf qəsəbələrdə yaşayanlar da axtarışa cəlb olunub. Əlavə qüvvələrin gəlməsi nəticəsində 419 nəfərdən 399 nəfəri saxlanılaraq güllələnib, 20 nəfərin taleyi isə məlum olmayıb.
5 may 1945-ci ildə ABŞ ordusu zirehli texnikalarla Mauthauzen düşərgəsini zəbt edib. Düşərgədə xidmət edən zabitlər həbs edilib, 30 nəzarətçi isə əsirlər tərəfindən öldürülüb.
Nürnberq məhkəməsində Mauthazen düşərgəsi ilə bağlı ayrıca cinayət işi açılıb. 7 il ərzində düşərgərdə xidmət edən alman zabitləri ən ağır cəzalara, ölüm hökmünə və ömürlük azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.

II dünya müharibəsindən sonra Mauthauzen düşərgəsinin yerində çoxsaylı abidələrdən və muzeydən ibarət momerial kompleks salınıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10