Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İxtisarlar qaçılmazdır


Dəstək yox, cərimə siyasəti özəl sektoru çökdürür


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edib ki, xüsusi karantin rejiminin elan olunduğu 16 şəhər və rayon üzrə 287 min vətəndaşa 190 manat birdəfəlik yardım veriləcək. Vəsaitlər yaxın günlərdə bank kartları vasitəsilə ödəniləcək.
İqtisadçıların hesablamalarına görə, üçüncü ay üçün 190 manat birfəfəlik yardım əvvəl bu yardımı alanların 48,7 faizinə veriləcək.
Karantin qaydaları sərtləşdikcə, icazələrin bir hissəsinin ləğv edilməsinə baxmayaraq, dövlət mikro biznes sahələri və fərdi sahibkarlara dəstək paketi açıqlamayıb. Eyni zamanda, fəaliyyəti dayandırılmış və ya məhdudlaşdırılmış sahələrdə muzdlu işçilərin əməyinin bir hissəsinin kompensasiya edilməsinə də vəsait ayrılmayıb.
Artıq beşinci aydır ki, özəl sektorun əhəmiyyətli hissəsi fəaliyyətini dayandırmağa məcbur olub. İstehsal, xidmət sektorunda on minlərlə iş yerlərinin bağlı qalması yaxın gələcəkdə bu sahələrdə yeni işsizlər ordusunun meydana çıxmasına şərait yaradır. Məlumdur ki, kiçik və orta sahibkarlıq öz imkanları hesabına muzdlu işçilərin maaşlarını ödəmək iqtidarında deyil. Dövlət dəstəyi isə yoxdur, rəsmi qurumlardan verilən açıqlamalardan məlum olur ki, yaxın gələcəkdə hər hansı dəstəkdən söhbət getmir.
Yaranmış vəziyyəti “Press Klub”a şərh edən iqtisadçı Rövşən Ağayev bildirdi ki, hazırda iqtisadiyyatın özəl sektor bölməsində ciddi itkilər yaşanır. Onun sözlərinə görə, hətta fəaliyyəti qadağan edilməmiş biznes sahələri də itkilərlə üzləşib:
“Çünki insanların gəlir və iş yerindən məhrum olması, ümumi biznes fəallığının aşağı düşməsi fəaliyyəti qadağan edilməmiş bir sıra biznes sahələrini gəlir itkisinə məruz qoyur. Belə vəziyyətdə hökumətin araya girib, biznesə birbaşa maliyyə dəstəyi təqdim etməsi, onun bir sıra xərclərini qarşılamaq üçün subsidiya verməsi lazımdır. Əks halda, xırda və orta biznesin kütləvi şəkildə çöküşü qaçılmaz ola bilər”.
Ağayev qeyd etdi ki, hökumət böhranın yükünü daha çox ev təsərrüfatlarının və biznesin üzərinə qoymağa meyllidir:
“Halbuki bu böhrandan biznes və əhali maksimum az itki ilə çıxmalıdır ki, postpandemiya dövründə bərpa prosesi daha qısa olsun, iqtisadiyyat daha tez bərpa dövrü keçsin”.
İqtisadçı alim Qubad İbadoğlu isə növbəti 190 manatın ödənişi ilə bağlı nazirliyin təqdim etdiyi rəqəmləri təhlil edib. Ekspert bildirir ki, əvvəlki məlumatlara görə yardım alanların 25 faizi Bakıda, 4 faizi Sumqayıtda, 3 faizi Gəncədə yaşayır. “Bu isə onu deməyə əsas verir ki, əvvəla, sərt karantin rejimində yaşayan əvvəl yardım alanların heç də hamısına ödəniş verilməyəcək, onların bəziləri siyahıdan çıxarılıb. İkincisi, yardımın verilməsinə yaxın günlərdə start verilsə də, onun ödənilmə müddəti uzun çəkəcək. Nəhayət, karantinin iyun-iyul aylarını əhatə etməsinə baxmayaraq, yardım bir ay üçün ödəniləcək. Bu isə sahibkarların durumunu nəinki çətinləşdirib, hətta çıxılmaz vəziyyətə salıb” – deyə Q.İbadoğlu vurğulayıb.
İqtisadçı hesab edir ki, xərclərini qarşılaya bilməyən sahibkarların yeganə yolu fəaliyyətini məhdudlaşdırmaq və işçilərini işdən azad etmək olacaq: “Bunun yenə də sosial yükü dövlətin üzərinə düşəcək. Odur ki, dövlət vaxtında sahibkarlara kömək etməlidir ki, sonradan artan işsizliyə görə əlavə xərclərə düşməsin”.
Qeyd edək ki, sərtləşdirilmiş karantin bölgələri ilə yanaşı, xüsusi qadağalar tətbiq edilməyən rayonlarda da dövlət qurumları mütəmadi olaraq reydlər keçirir. Qərb bölgəsində iaşə sektorunda çalışan sahibkarlardan biri “Press Klub”a bildirdi ki, polis əməkdaşları və İcra Hakimiyyətinin nümayəndələri obyektlərdə tez-tez reydlər təşkil edirlər:
“İşçilərin maska taxmaması, sağlamlıq arayışları almadıqları və sair səbəblər gətirərək, bizə 600-1000 manat cərimə yazıblar. Bu ağır vəziyyətdə sahibkarları cərimələrlə yükləmək olmaz. Biz bilmirik 5-10 manat qazanıb işçilərimizə maaş verək, yoxsa cərimə ödəyək. Əlbəttə, karantin qaydalarına riayət olunmalıdır, amma qanun pozulursa, bunu göydəndüşmə fürsətə çevirib külli miqdarda cərimə kəsmək əvəzinə, xəbərdarlıq edə bilərdilər. Etmirlər. Dövlətdən bir qəpik yardım almırıq. Belə getsə, fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalacağıq”.
Rövşən Ağayev sahibkarın şikayəti ilə bağlı deyir ki, əgər fəaliyyəti qadağan edilmiş sahədirsə, reydləri anlamaq olar. Amma bu biznes sahibləri itirilmiş gəlirə görə birbaşa maliyyə dəstəyi almalıdırlar.
“Həm qadağan olunursa, həm də hər hansı maliyyə dəstəyi verilmirsə, bu, ədalətsiz yanaşmadır və iqtisadi baxımdan biznesi çökdürür. Cərimələr çıxış yolu deyil və bu cür sərt inizbati müdaxilələrin sonucu biznesi daha da çökdürmək olacaq” – deyə ekspert söylədi.
İqtisadçının iş adamlarına, biznes sektoruna təklifi də var: “Biznes qurumları, xüsusilə də xırda və orta biznes birləşməlidir. Öz təşəbbüsləri ilə maraq və mənafelərini müdafiə edən işçi qruplarda, müdafiə komitələrində bir araya gəlməlidirlər”.

Pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10