Bu gün dahi yazıçı Frans Kafkanın doğum günüdür. Kafkanın bacısı qızı Qerti Kaufmanın “Dayım haqqında xatirələr”ini təqdim edirik.
Dayım öləndə mən uşaq idim və təbii ki, onun söhbətləri, hərəkətləri haqqında konkret xatirələrim yoxdur. Ancaq onu yaxşı xatırlayıram. Bacılarının üçü də həmişə onun təsiri altında idi, qardaşlarını uca bir varlıq kimi sevir, hörmətli tuturdular.
Biz uşaqlar isə onu sevmirdik, çünki bizim üçün yad idi, ondan qorxurduq, qaçırdıq. Bir dəfə “Mikulaşska trida”da onun yanından necə keçib-getdiyim hələ də gözlərim önündən çəkilmir: zəhmli görkəmi vardı, əl dəsmalını ağzına tutub dayanmışdı. Onda artıq xəstələnmişdi və çalışırdı ki, kimisə yoluxdurmasın.
Ətrafı dayımı çox istəyir, bir sözünü iki eləmirdi, ona xüsusi xörəklər hazırlanırdı. Məsələn, yadımdadır ki, boşqabı ağzına qədər təmizlənmiş badam, qoz ləpəsi ilə doldurub ona verirdilər. Əlbəttə, onu mənə versələr, daha yaxşı olardı...
Bacılarının ikisi iş adamına, kiçiyi isə hüquqşünasa ərə getmişdi və biz dünyaya gələndən sonra da onlar qardaşlarının təsirindən çıxa bilməmişdilər. Anam mənə danışırdı ki, uşaq vaxtı dayım onlara gün verməyib. Əlbəttə, özündən kiçik üç bacısı olan qardaş başqa cür də ola bilməzdi.
Mən deyərdim ki, onu sonradan ilahiləşdirməyə başladılar. Ətrafındakı adamlar kitablarını oxumasalar da, dayımın şəxsiyyət olduğunu hiss etdilər, buna görə də onu sevdilər, qiymətləndirdilər. Dayım isə bunlara, adətən, fikir vermirdi, çünki tamamilə öz aləminə qapılmışdı.
Ancaq bir də görürdün ki, adicə bir işdə çox diqqətli olur. Məsələn, yadımdadır, babamgilin evində təsərrüfat müdiri işləyən qadının ad günündə ona çətir bağışladı. Parçanın bərkidildiyi məftillərin ucuna səliqə ilə rəngbərəng konfetlər asdığı üçün çətir tamamilə başqa görkəm almışdı. Ətrafındakı adamlardan yalnız atasının ondan xoşu gəlmirdi.
Dayım atam kimi olsa, yəqin ki, xoşuna gələrdi. Oğlu ona tamamilə yadlaşmışdı, onu peşman eləmişdi. Babam tacir idi, uşaqlığından ağır işlərə qatlaşmışdı, yorulmaq bilməmişdi, var-dövlət sahibi olmuşdu. İstəyirdi ki, yeganə oğlu da ticarətlə məşğul olsun, həyatda onun izini tutub getsin. Ancaq indi nəyin uğrunda mübarizə apardığını bilməyən, o dövrdə pula getməyən, anlaşılmayan kitablar yazan bir xəyalpərəstlə nə edəcəyini bilmirdi.
Əlbəttə, dayım bunu hiss edirdi və atası ilə münasibətdə elə keçilməz sədd yaranmışdı ki, ömrü boyu onu aşa bilmədi. Heç vaxt evlənməyən dayım uşaqların tərbiyəsi ilə çox maraqlanırdı. Bu məsələdə bacılarına da təsir göstərir və biz uşaqların tərbiyəsində iştirak edirdi.
Bizə kitablar bağışlayır, bacılarına bizi hansı mühazirələrə, tamaşalara aparmaq barədə məsləhətlər verirdi. Yaxşı yadımdadır, bir dəfə anama məsləhət gördü ki, məni on-on iki yaşında evdən uzaqlaşdırsın, Hilleraudakı rəqs məktəbinə versin. Lakin onun bu məsləhəti işə keçmədi, çünki anam məni belə tez evdən ayırmağa qorxdu.
Yəqin, özünün uşaqlığı ağır keçmişdi, çünki onun: “Uşaqları da götürüb evdən qaçmaq!” – çağırışını hələ də unuda bilmirəm. Ondan gələn və bacılarında əks olunan ab-hava son dərəcə özəl idi. Biz uşaqlar təmin olunmuş, nizam-intizam hökm sürən bir ailədə böyüyürdük, ancaq həyat tərzimiz Frans Kafkanın bacılarına təsiri nəticəsində eyni ictimai zümrəyə aid olan insanların həyatından fərqlənirdi.
Anam bacıların böyüyü idi. Frans Kafkanın bacılarının üçü də həssas idi və üçü də onu yaxşı başa düşürdü. Anamın həyatında biz uşaqların, eləcə də ərinin rolu böyük idi, ancaq bununla belə, qardaşının təsiri daha çox hiss olunurdu və onun sayəsində yüksək dəyərlərin, gözəlliyin, çətinliyin, sirri məchul olan sualların nə demək olduğunu başa düşürdü, buna görə də qardaşının dərdinə şərik olurdu. Ancaq təbiətən passiv olduğu üçün kömək edə bilmir, yalnız qardaşını başa düşməklə, dərdinə şərik olmaqla kifayətlənirdi.
Bacıların kiçiyi isə çox enerjili, fəal idi və mənə elə gəlir, dayıma daha yaxındı. Sanki bacısı yox, dostu idi və tətilləri də çox vaxt bir yerdə keçirirdilər.
Qardaşın ölümü ilə bacılar həyatdan ilk zərbəni aldılar. Zaman bacıların ona olan sevgisini, sayğısını unutdura bilmədi. Və tale tezliklə onlara dalbadal zərbələr vurmağa başladı: nasistlər minlərlə insanın başına açdığı oyunu Frans Kafkanın ailəsinin də başına açdılar. Bacılarının üçü də Polşada müxtəlif vaxtlarda qaz kameralarında yandırıldı...
Tərcümə etdi: Vilayət Hacıyev
"Xəzər" jurnalı, 2017/4
kulis.az