Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağ qansız da geri alına bilər - kamikadze-dronlar, “ağıllı” raketlər...


Bakı hərbi strategiyasını cilalayır; Amerikanın nüfuzlu nəşri: “Qarabağda yeni müharibə daha çox dron müharibəsi olacaq...”

Azərbaycanın qardaş Türkiyədən pilotsuz zərbə aparatları (PUA) alacağı təsdiqlənib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu barədə CBC-yə verdiyi müsahibədə danışarkən deyib ki, Bakı Suriya və Liviya əməliyyatlarında özünü təsdiqləmiş Türkiyə pilotsuz aparatları əldə eləmək niyyətindədir, bu yöndə işlər gedir və artıq konkret nəticələr də var. Hərbi nazir hələ mart ayında keçirdiyi xidməti müşavirədə İdlib döyüşlərinin təcrübəsinin öyrənildiyini və Türkiyədən yeni silahların alınması üçün iş getdiyini söyləmişdi.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında imzalanmış “Hərbi sahədə maliyyə əməkdaşlığı anlaşması” artıq bu aydan qüvvəyə minib. Anlaşmaya əsasən, Azərbaycan qardaş ölkədən istədiyi silahı və texnikanı ala bilər. Amma inkişaf edən texnologiyaları, yeni müharibə metodlarını və regiondakı şərtləri nəzərə alaraq ölkəmizin Türkiyədən daha çox yeni döyüş sistemləri, o cümlədən pilotsuz döyüş təyyarələri, pilotsuz kəşfiyyat təyyarələri (PUA) və “Atak” hücum vertolyotlarını alacağı gözlənilir.

Hərbi ekspertlərə görə, xüsusən də Türkiyənin istehsal etdiyi silahlı və silahsız PUA-lar Dağlıq Qarabağda potensial döyüş əməliyyatlarında effektli olacaq, çünki həm Suriyada, həm Liviyada Türkiyənin PUA-ları hərbi əməliyyatlar teatrında vəziyyəti qısa müddətdə qardaş ölkənin xeyrinə dəyişdirə bilib. Söhbət “Bayraktar”, “Akıncı” və digər pilotsuz aparatlardan gedir.

“Yeni Müsavat” xatırladır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin fevralında Bakıya etdiyi son səfəri zamanı bu məsələ məxsusi diqqət mərkəzində olub. Prezident İlham  Əliyev isə türkiyəli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Azərbaycan qardaş ölkə ilə ortaq silah istehsalı haqda müzakirələr aparır və Türkiyədən yeni silahlar alacaq. Azərbaycan rəhbərinin Türkiyədən yeni hərbi texnika alınacağı barədə açıqlamasına isə Ərdoğan bu sözlərlə dəstək vermişdi: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi vacibdir”.

Beləliklə, Türkiyənin milli istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran və “ağıllı” raketlərlə təchiz edilmiş PUA döyüş sistemlərinin ordumuzun silahlanmasında yer alacağı günə bir şey qalmayıb. İşğalçı Ermənistanda ən çox təşviş yaradan məsələlərdın biri də budur. Çünki əksər hərbi analitiklər hesab edir ki, dağlıq ərazilərdə hərbi əməliyyatlar zamanı hava məkanında üstünlük həlledici rol oynayır. Zatən, Azərbaycan Türkiyə PUA-ları olmadan da bu üstünlüyə malik idi. Bu, həm də ordumuzun arsenalındakı İsrail istehsalı olan kamikadze-dronlarla bağlıdır, hansı ki, 2016-cı ilin aprel savaşında özlərini tamamilə doğruldub.   

*****

“Qarabağda yeni müharibə daha çox dron müharibəsi olacaq”.

Bu fikir “Forbes” jurnalında Qarabağ münaqişəsi tərəflərinin pilotsuz kəşfiyyat və zərbə aparatları ilə silahlanmasından bəhs edən məqalədəndir (Virtualaz.org).

Müəllif yazır ki, 2016-cı ildə münaqişə açıq hərbi toqquşmalara keçib: “O vaxt baş vermiş eskalasiya Azərbaycan Ordusunun yeni tip silahı - İsraildən alınan ”Harop" pilotsuz zərbə aparatı və ya kamikadze-dron tətbiq etməsi ilə yadda qalıb. Həmin döyüşlər zamanı “Harop” ermənilərin bir çox hədəflərini, o cümlədən artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və könüllüləri cəbhəyə gətirən avtobusu uğurla vurub".

Məqalədə daha sonra “Harop” dron-kamikadzelərin İsrailin IAI şirkəti tərəfindən Azərbaycana satıldığı yada salınır: “O zaman rəqib ”Aeronautics" şirkəti də öz kamikadze-dronlarını Azərbaycana sata bilmək üçün aqressiv marketinq kampaniyası aparmışdı. Belə ki, 2017-ci ildə “Aeronautics” şirkətinin komandası “Orbiter 1K” pilotsuz zərbə aparatlarının satışına dair müqaviləni tamamlamaq üçün Azərbaycana göndərilmişdi. Və onlara təklif edilmişdi ki, dronu düşmən mövqelərində sınaqdan keçirsinlər. İsrail operatorları bundan imtina etsələr də, heyətdəki yüksək vəzifəli şirkət nümayəndələri aparatın idarə edilməsini üzərlərinə götürmüşdülər, amma dron hədəfə dəyməmişdi. Həmin qalmaqaldan sonra İsrail hökuməti “Aeronautics” şirkətinin “Orbiter 1K”  dronlarının ixracını 2 illiyə dayandırmışdı. Lakin 2019-cu ildə qadağa müddəti başa çatan kimi şirkət dərhal Azərbaycana 13 milyon dollarlıq dron satışına dair sövdələşmə bağladığını elan etdi".

Forbes” Qarabağda dron müharibəsindən və Azərbaycanın ...

Məqalədə sonunda deyilir ki, Azərbaycan “Orbiter” dronlarının lisenziyalı istehsalını da həyata keçirir və milli “Zərbə” adlı bu dronlar artıq silahlanmaya qəbul edilir: “2019-cu ildə Azərbaycan İsraildən ”SkyStriker" dronlarını da alıb. Azərbaycanın özü də dron istehsalını genişləndirməkdədir. 2018-ci ildə Azərbaycan şirkəti elan edib ki, müxtəlif ölçülərdə üç dron-kamikadzenin istehsalı üzərində işləyir. Bu dronlar hədəfi axtararkən 3 saat fasiləsiz havada qala, yüksək dəqiqliklə hədəfi vurur, hədəfi aşkar etməsə, bazaya geri qayıda bilər. Dronlar bu tip münaqişələr üçün ideal yarayır".

Öz növbəsində Vaşinqtondakı Yeni Amerika Təhlükəsizlik Mərkəzinin əməkdaşı Samuel Bendett hesab edir ki, pilotsuz kəşfiyyat və döyüş aparatlarının münaqişələrdə tətbiqi daha da sürətlənəcək. “Onlar ucuz və effektiv döyüş vasitəsidir və Qafqazda hərbçilər bu cür pilotsuz sistemləri əldə etməklə öz imkanlarını xeyli gücləndirmiş olacaqlar” - Bendett əlavə edib.

*****

Yuxarıdakı faktlardan və rəqəmlərdən də göründüyü kimi, Bakı özünün müharibə strategiyasını uğurla cilalamaqda davam edir. Əsas hədəf əlbəttə ki, İrəvanın danışıqlar yolu ilə əraziləri boşaltmayacağı təqdirdə torpaqları güc yolu ilə azad eləməkdir. Lakin Bakı sonuncu vasitənin minimum canlı itkilərə tətbiqinə çalışır. Yeni müasir silahlar, “ağıllı” raketlərlə təchiz olunmuş müasir PUA-lar və kamikadze-dronlar, ildən-ilə daha da güclənən hərbi aviasiyamız, hava məkanında üstünlüyümüz sayəsində savaş itkilərimiz, faktiki, heçə enə, torpaqlarımız qansız da geri alına bilər...

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10