Emin Hüseynzadə: "Jurnalistika artıq humanitar elm deyil, eyni zamanda müxtəlif sahələrlə bağlı biliklər əldə etmək lazımdır"
İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Orada bildirilib ki, Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanır və bu məsələdə “Microsoft”la sıx əməkdaşlıq nəzərdə tutulub.
Ölkəmizdə bu sahənin perspektivlərini AYNA-ya şərh edən rəqəmsal cəmiyyət və yeni media üzrə beynəlxalq mütəxəssis, təlimçi Emin Hüseynzadənin sözlərinə görə, rəqəmsal jurnalistika termini son zamanlar populyarlaşıb: “Əslində, rəqəmsal jurnalistika yeni məfhum deyil, indiyə qədər də istifadə olunub və Azərbaycanda on ildən artıq müddətdir ki, yayılıb. Rəqəmsal jurnalistikaya həm saytlar, həm rəqəmsal yayımlanan kanallar, müxtəlif sosial şəbəkələr daxildir. Sadəcə, rəqəmsal jurnalistika bu alətləri müxtəlif səviyyələrdə istifadə etməyi bacarmalıdır. Bəzi alətlər Azərbaycanda inkişaf edib. Ona görə də, onlar daha populyardır, istifadə olunur və tanınır. Bəziləri isə çox zəifdir. Məsələn, rəqəmsal TV kanallları və rəqəmsal radio kanalları. Demək olar ki, bizdə rəqəmsal radio kanalları ilə TV kanalları heç yoxdur. Bu kanallar adi kanallardan onunla fərqlənir ki, siz onu müxtəlif alətlərdə qəbul edə bilərsiniz. Bir dalğada on ikiyə yaxın kanal yayımlaya bilərsiniz. İnteraktiv elemetlərdən istifadə etmək olur və sair”.

“İkincisi, bu sahədə işləyənlər də ixtisaslı, profesional olmalıdır, amma elə olmur. Çünki onları öyrədə biləcək redaktorlar yoxdur, təlimçilər çox azdır. Bu sahədə təlim keçənlərin özlərinin bu sahədə bilikləri azdır və yaxud da çox limitli saydadır. Çoxları düşünür ki, SMM, marketinq, PR menecerləri bilikləri varsa, gəlib burda dərs deyib, nələrsə öyrədə bilərlər. Jurnalistika tamamilə başqa sahədir. Burda biliklər toplusu çatışmır. Təlim, konfrans, yığıncaqların olması, keçirilməsi hər zaman yaxşıdır. Amma diqqət etmək lazımdır ki, bunları keçənlər kimlərdir? Və bunu keçdikdən sonra biz nə əldə edəcəyik? Məqsədlər nədir və məqsədələrə nə dərəcədə nail olunacaq? Bütün bu ölçü vahidi çox vacibdir”, - Hüseynzadə bildirib.
Müsahibimizin sözlərinə görə, Azərbaycanda bu sahə Gürcüstandan üç dəfə geri qalır: “Bizdə bu sahənin perspektivlərinə gəldikdə, onu deyə bilərəm ki, sözün açığı, bizi bu sahədə heç nə gözləmir. Reallığa baxsaq, get-gedə daha da pisləşəcəyini görürük. İnsanlar jurnalistika sahəsindən qaçır. Bir müddət sonra gedib başqa sahələrə yönəlirlər. Bir az peşəkarlaşan kimi sahələrini dəyişirlər. Bu da həm beyin, həm bazar axınıdır. Bu gedişlə müsbətə doğru heç nə dəyişməyəcək, hətta daha da pisləşəcək”.
Bu sahəyə marağı oyatmaq üçün, təlimçi hesab edir ki, tamamilə yeni, fərqli universitet təhsili lazımdır: “Bu sahədə ixtisaslaşma tələb olunmalıdır. Bu sahəyə tənqidi yanaşan kənar adamlar yox, məhz bu sahənin jurnalistlərindən ibarət könüllü qruplar yaradılmalı, müzakirələr aparılmalı və bu müzakirələr açıq şəkildə olmalıdır. Və Azərbaycanda jurnalistikanın çoxdan unudulmuş sahələri geri qayıtmalıdır. Jurnalistlər bilməlidirlər ki, jurnalistika artıq humanitar elm deyil, eyni zamanda müxtəlif sahələrlə bağlı biliklər əldə etmək lazımdır. Sahəvi jurnalistikanı da təhsilə gətirmək, bu sahələri inkişaf etdirmək lazımdır”.

“Məsələn, “ASAN xidmət”in nəznində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi rəqəmsallaşma ilə bağlı nə qədər işlər görüb, bu pandemiya dövründə nə qədər vacib işlər həyata keçirib. İstər SMS icazənin, istər portalda qeydiyyatdan keçmək və s. Yəni konkret addımlar atmaqla insanlara yenilikləri asan dildə demək üçün bu sahənin jurnalistləri yetişməlidir. Əsas odur ki, məqsəd və niyyət çox yaxşıdır”, - Musəvi əlavə edib.
Müəllif: Ülviyyə Şahin