Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BİLƏSUVAR​ RAYONU​ ƏRAZİSİNDƏ​ MÖVCUD​ OLMUŞ RUS​ MƏNŞƏLİ​ OYKONİMLƏR


​ ​ ​ 
​ ​ ​ Biləsuvar rayonu Azərbaycan Respublikasının cənub-şərqində, Muğan düzündə yerləşir. Rayon 08 avqust 1930-cu ildə təşkil edilmişdir. 04 yanvar 1963-cü ildə ləğv edilib Astraxanbazar (indiki Cəlilabad) rayonuna birləşdirilmiş, 26 may 1964-cü ildə yenidən təşkil olunmuşdur. Biləsuvar rayonu 1938-1991-ci illərdə Puşkin adlanmışdır.
​ ​ ​ Rayonun ərazisi 1397 kv. km, əhalisi 103 min nəfər (2018), mərkəzi isə Biləsuvar şəhəridir.​ Biləsuvar rayonu inzibati cəhətdən 26 yaşayış məntəqəsindən (1 şəhər, 25 kənd) ibarətdir.
​ ​ ​ Sovet dövründə (1920-1991) respublikamızda rus mənşəli oykonimlərin (oykonim yunan dilində “yaşayış məntəqəsi adı” deməkdir) geniş yayıldığı ərazilərdən biri Biləsuvar (Puşkin) rayonu olmuşdur. Bu da heç də təsadüfi olmamışdır. Tarixdən məlum olduğu kimi Rusiya Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra (1828) özünə etnik dayaq yaratmaq məqsədilə çoxlu sayda rus ailəsini buraya köçürmüşdür.
​ Konkret olaraq Rusiya çarı I Nikolayın 1830-cu il 20 oktyabr tarixli Sərəncamı ilə ruslar (ilk olaraq təriqətçi və bidətçi ruslar) Cənubi Qafqaz vilayətlərinə köçürülmüşdür. Köçürülən rus ailələri daha çox Muğan düzündə məskunlaşdırılmışdır. Köçürmə nəticəsində XIX əsrin I yarısında Muğanda 20 min rusun yaşadığı 49 kənd yaranmışdır ki, bunların da bir neçəsi indiki Biləsuvar rayonunun ərazisində yerləşmişdir. Ölkəmiz müstəqillik qazanana qədər (1991) Biləsuvar rayonunun 23 yaşayış məntəqəsindən 10-u, o cümlədən rayonun adı və mərkəzi rus mənşəli olmuşdur.
Həmin yaşayış məntəqələri aşağıdakılar idi:
  1. Puşkin şəhəri. 2. Arxangelovka. 3. Fioletovka. 4. Kulibinka. 5. Kirovka. 6. Konistantinovka. 7. Novomixaylovka. 8. Novoqrajdanovka. 9. Novotroitskoye . 10. Tatyanovka.
PUŞKİN şəhərinin tarixi adı Biləsuvar olmuşdur. 19 iyul 1938-ci ildə Biləsuvar rayonu və həmçinin rayonun mərkəzi olan Biləsuvar kəndi (1966-cı ildən şəhərdir) böyük rus şairi A.S.Puşkinin (1799 – 1837) şərəfinə Puşkin rayonu (Puşkin kəndi) adlandırılmışdır. Rayon 1938-1991-ci illərdə Puşkin adlanmışdır.
​ ​ ​ Kirovka, Novomixaylovka və Novoqrajdanovka kəndləri isə ilk olaraq Alekseyevka, Abazovka (sonra Novomixaylovskoye) və Veliko Knyazevka adlanmışlar. Puşkin kimi Kirovka və Fioletovka da memorial (simvolik) toponim olmuşdur. Kirovka Sovet partiya və dövlət xadimi, 1921-1926-cı illərdə Azərbaycan KP MK-nın I katibi (yəni Azərbaycan SSR-in rəhbəri) işləmiş S.M.Kirovun, Fioletovka isə inqilabçı İ.T.Fioletovun (1883 – 1918) şərəfinə adlandırılmışdır.
​ ​ ​ Azərbaycanda milli-azadlıq uğrunda mübarizə dövründə, 07 fevral 1991-ci il tarixində Puşkin rayonunun və Puşkin şəhərinin adı dəyişdirilərək onun tarixi Biləsuvar adı bərpa edilmişdir. 07 fevral 1991-ci il tarixində eyni zamanda Arxangelovka, Novomixaylovka, Novoqrajdanovka, Novotroitskoye və Tatyanovka​ kəndləri müvafiq olaraq Bağbanlar, Zəhmətabad, Çinarlı, Nəsimi və Aranlı adlandırılmışdır.
​ ​ ​ Azərbaycan müstəqillik qazandıqdan sonra isə
Konstantinovka İsmətli (29.12.1992),
Kulibinka Ovçubərə (03.07.1998),
Kirovka Mircəlal (1998),
Fioletovka isə Çaylı (01.09.2005) adlandırılmışdır.
01 sentyabr 2005-ci il tarixində Mircəlal kəndinin (keçmiş Kirovka) adı da dəyişdirilərək, ona Günəşli adı verilmişdir.
​ ​ ​ Nəsimi və İsmətli memorial oykonimdir.
Nəsimi şair İmaməddin Nəsiminin (1369-1417),
İsmətli isə ictimai-siyasi xadim, Azərbaycan SSR (05.08.1990 – 18.101991) və Azərbaycan Respublikasının Baş Prokuroru (ilk Baş Prokuror; 18.10.1991 – 20.11.1991)​ işləmiş İsmət İsmayıl oğlu Qayıbovun (1942 – 1991) adını daşıyır.
​ ​ ​ Mircəlal da memorial oykonim olmuşdur. Yəni indiki Günəşli və keçmiş Kirovka kəndi 1998-2005-ci illərdə yazıçı Mircəlal Paşayevin (1908-1978) şərəfinə Mircəlal adlanmışdır.
​ ​ ​ Qeyd edək ki, Biləsuvar rayonunun Nərimankənd kəndi Sovet dövründə Nərimanovka adlanırdı. Burada “ka” topoformantı göründüyü kimi rus mənşəlidir. Sonradan kəndin adındakı “ka” topoformantı Azərbaycan (türk) mənşəli “kənd” komponenti ilə əvəz edilmişdir. Nərimankənd də memorial oykonim olub, Sovet partiya və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun (1870-1925) adını daşıyır.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10