Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Siyasi səbəblə işsiz qalanlar…


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları şikayətlənir ki, karantin rejimində qanunsuz həbs olunmaları kifayət etməyib, indi də çörəksiz qalmaq təhlükəsi ilə üzləşiblər. AXCP-nin Suraxanı rayon şöbəsinin üzvü Arif Babayev və partiyanın Qaradağ şöbəsinin üzvü Elvin Məmmədov “Press Klub”a açıqlamalarında siyasi baxışlarına görə işdən çıxarıldıqlarını bildiriblər. 
Arif Babayev deyir ki, 6 ildir “Point Hotel Baku”da (əvvəlki “Qafqaz Point Hotel”) aşpaz işləyirdi. “Facebook”da tənqidi materiallar paylaşdığına görə bu il aprelin 22-də saxlanılıb. Suraxanı rayon Məhkəməsinin qərarıyla ona 30 gün inzibati həbs cəzası verilib. Ona qarşı irəli sürülmüş rəsmi ittiham da elə paylaşımlarıyla bağlı olub. A.Babayev İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsi ilə ittiham edilib.
“Bir aylıq cəzamı çəkib çıxandan sonra işə getdim. Mənə öz hesabıma iki aylıq  məzuniyyətə getməyim barədə ərizə yazdırdılar. Guya mayın 1-dən öz hesabıma məzuniyyət götürürəm. Halbuki, mən mayın 1-də həbsdə olmuşam. Bir müddət sonra hoteli idarə edən sahibkar çağırdı, dedi ki, işdən çıxmağım barədə ərizə yazmalıyam. Çünki məni işdə saxladığına görə ona təzyiq edirlər. Bir neçə gün sonra kadrlar şöbəsindən zəng elədilər ki, gəlib yazırsan? Dedim ki, özünüz çıxarın, mən yazmıram. Bilirdim ki, göstəriş varsa, çıxaracaqlar, heç olmasa, özləri çıxarıb kompensasiya versinlər”, – deyə A.Babayev söylədi. Onun sözlərinə görə, təxminən bir ildir ki, hoteli yeni rəhbərlik idarə edir. İndiki rəhbərlik gələndə işçilərlə, o cümlədən onunla bir illik müqavilə bağlanıb və müqavilənin vaxtı avqustda başa çatacaq: 
“Əminəm ki, müqaviləni uzatmayacaqlar. Amma mən də qanunun verdiyi imkanlardan istifadə edib, hüquqlarımı müdafiə edəcəyəm. İstər yerli qanunlar, istərsə də beynəlxalq hüquq normaları insanın siyasi baxışlarına görə təqibini, o cümlədən işdən çıxarılmasını qadağan edir. Himayəmdə üç azyaşlı uşağım var, ən kiçiyi üç yaşına çatmayıb”.
AXCP-nin digər fəalı Elvin Məmmədov bildirdi ki, aprelin 28-də partiyanın sədri Ə.Kərimlinin 55 yaşına həsr olunmuş şeir yazıb, sosial mediada paylaşdıqdan iki gün sonra həbs olunub. Dediyinə görə, 30 günlük inzibati həbs cəzasını çəkib buraxılandan sonra iş yerinə gedib. Amma ona ərizə yazmağı təklif ediblər, deyiblər ki, bir daha işə gəlməsin.
E.Məmmədov “Sədərək” Ticarət Mərkəzinin Mühafizə Xidmətində işləyirdi. Deyir ki, iyunun 5-də işə gedəndə ona kadrlar şöbəsinə getməyi məsləhət görüblər. Kadrlar şöbəsində isə nəzərinə çatdırıblar ki, AXCP üzvü olduğuna görə işdə qala bilməz: “Təklif elədilər ki, işdən çıxmaq barədə ərizə yazım. Mən imtina elədim. Düzü, heç işə götürəndə mənimlə müqavilə bağlanmamışdı. Bilmirəm, bəlkə özləri nəsə yazıblar, ona görə deyirdilər ki, işdən çıxmaq barədə mənim də ərizəm olsun”.
Amma A.Babayevdən fərqli olaraq, E.Məmmədov bu məsələni məhkəmədə mübahisələndirmək niyyətində deyil. Səbəbini də belə izah edir ki, ölkədə müstəqil məhkəmə sistemi yoxdur, hakimlər də gələn göstərişi icra edirlər. Onun fikrincə, belə bir şəraitdə məhkəməyə müraciət etmək boş vaxt itkisi olacaq.
“Sədərək” Ticarət Mərkəzindən E.Məmmədovun işdən çıxarılması barədə deyilənlərə münasibət bildirməkdən imtina etdilər. “Point Hotel Baku”nun qəbul şöbəsindən də karantin rejimi ilə əlaqədar hotelin işləmədiyini söyləyərək A.Babayevlə bağlı məsələyə şərh vermək istəmədilər.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı fəalların siyasi mənsubiyyətinə görə işdən çıxarılmasını “Press Klub”a şərh edərkən Əmək Məcəlləsinin 16-cı maddəsini xatırlatdı. Bu maddə şəxsin işgüzar keyfiyyətləri, peşəkarlığı, əməyinin nəticəsi ilə bağlı olmayan amillərə görə işdən çıxarılmasını qadağan edir. Bura cinsi, irqi, dini, milliyyəti, əqidəsi və siyasi baxışları da daxildir.
M.Qəhrəmanlı qeyd etdi ki, işçi ixtisara düşürsə, yaxud işəgötürən onu çıxarırsa və müqavilədə də nəzərdə tutulubsa, mütləq kompensasiya ödənilməlidir: 
“Özünə hörmət edən şirkətlər bir neçə aylıq əməkhaqqı ödəyirlər. Hətta bir illik əməkhaqqını ödəyən qurumlar var. Amma belələri çox azdır. Kompensasiya ödəməmək üçün işçiyə guya işdən könüllü çıxmaq istəməsi barədə ərizə yazdırılması halları geniş yayılıb. Qanun vətəndaşı işinə aidiyyəti olmayan səbəblə çıxarmağı qadağan edir, ona görə bu yolu tuturlar. Bu pis təcrübədən çoxları istifadə edir. Sabah da əmək və əhalinin sosial müdafiəsi naziri desin ki, bizdə heç kim siyasi, dini baxışlarına görə işdən çıxarılmır. İndiki ağır dövrdə insanı siyasi baxışlarına görə işdən çıxarmaq qanunsuzluq olmaqla yanaşı, mənəvi baxımdan da sözlə ifadəsi mümkün olmayan haldır. Halbuki prezident də çağırış edib ki, pandemiya dövründə işçiləri işdən çıxarmasınlar”.
M.Qəhrəmanlı məsləhət görür ki, siyasi mənsubiyyətinə görə işdən çıxarılanlar məhkəməyə, həmçinin Ombudsman Aparatına və Dövlət Əmək Müfəttişliyinə şikayət edə bilərlər.
Gülər 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10