Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

HAVZAVA KƏNDİNİN KÖRPÜLƏRİ


                                 

   Körpü – hər hansı bir maneə üzərində salınan süni yol və ya keçid qurğusudur. Körpülər insanların və nəqliyyat vasitələrinin rahat keçməsi üçün mühüm vasitədir.


  Havzava Lənkəran rayonunun yaşayış məntəqələrindən biri olub, Lənkəran şəhərindən 15 km şimal-qərbdə, Talış dağlarının ətəyində yerləşir. Ərazisi 381 hektar, əhalisi 2500 nəfərə yaxındır. Kəndin ərazisindən uzunluğu 25 km olan Girdəni çayı keçir.  Havzava kəndində 5 körpü vardır ki, onlar da məhz Girdəni çayı və onun qolu olan Tülnəkəşin üzərində yerləşir. 

   Bu körpülər aşağıdakılardır: 

Osyoba körpüsü (Osyobə pard), 

Şamilin körpüsü (Şamili pard),  

Rəhmanın bağının körpüsü (Rəhmani boği pard), 

Axundovun körpüsü (Axundovi pard) və Seydonun körpüsü (Seydoni pard).   

   Qeyd edək ki, “pard” talış dilində körpü deməkdir. Kənddə əvvəllər çayın digər tərəfinə keçmək üçün ağac dirəklərdən, taxtadan qurulmuş körpülərdən və çayın dayaz olan yerlərində müəyyən məsafələrdə qoyulmuş iri daşlardan və ya daş topasından istifadə olunmuşdur.

   OSYOBA  KÖRPÜSÜ

Osyoba körpüsü kəndin eyniadlı məhəlləsində, Girdəni çayının üzərində yerləşir. Metal konstruksiyalı bu körpü 1986-cı ildə inşa edilmişdir. Qeyd olunan dövrdə Sovet dövləti mövcud olmuş və kənddə Şirəli Axundov adına çayçılıq sovxozu fəaliyyət göstərmişdir. O vaxtadək çayın üzərində körpü olmadığından fəhlələr yağışlı günlərdə çayın digər tərəfində yerləşən çay plantasiyalarına getməkdə çətinlik çəkirdilər. Gülağa (Akif) Əbdül oğlu Mirzəyevin çayçılıq briqadası təşəbbüs qaldıraraq, yüksək əmək göstəricilərinə görə aldığı 1800 manat (rubl) mükafatı körpünün tikintisi üçün ayırmışdır. Körpünün uzunluğu 45 metr, eni isə 1,2 metrdir. Körpü dəmir borudan olan 5 ədəd dayaq sütun üzərində yerləşir. Osyoba körpüsü Havzava kəndinin ən uzun körpüsü sayılır. 

   ŞAMİLİN  KÖRPÜSÜ

Şamilin körpüsü kəndin Cındıroba məhəlləsində, “Əğəconi kıştə hi” (Ağacanı öldürən yer, sahə) adlanan ərazidə, Girdəni çayı üzərində yerləşir. Metal konstruksiyalı olan körpü 1992-ci ildə Moskvada yaşayan havzavalı Allahverən Əbdül oğlu Mirzəye tərəfindən tikilmişdir. Allahverən Mirzəyev iki adlı olub, digər adı Şamildir. O, kənddə daha çox Şamil adı ilə tanınır. Körpü Şamil (Allahverən) tərəfindən tikildiyindən sakinlər tərəfindən “Şamili pard”, yəni “Şamilin körpüsü” adlandırılır. Dəmir borudan olan dörd dayaq sütunu üzərində yerləşən körpünün uzunluğu 28 metr, eni isə 2 metrdir.  2018-ci ildə baş vermiş güclü sel körpünü qəzalı vəziyyətə salmış, körpü əvvəlki formasını bir qədər itirmişdir.

   RƏMANIN  BAĞININ  KÖRPÜSÜ

Rəhmanın bağının körpüsü kəndin Cındıroba məhəlləsində, Qədəband yaxınlığında, Rəhman Məmməd oğlu Hüseynovun bağına yaxın yerdə, Girdəni çayı üzərində yerləşir. Metal konstruksiyalı körpü 2015-ci ilin dekabrında həmin əraziyə yaxın yerdə yaşayan şəxslərin vəsaiti hesabına salınmışdır. Uzunluğu 17 metr, eni isə 1 metr olan körpünün qaynaq işlərini havzavalı qaynaqçılar Elçin Ağayar oğlu Bayramov və Alim Ağagül oğlu Malıyev görmüşlər. Körpünün bir ucu Rəhman Hüseynovun bağına (qoruğuna) düşdüyündən, o sakinlər tərəfindən “Rəhmani boği pard”, yəni Rəhmanın bağının körpüsü adlandırılır.

    AXUNDOVUN  KÖRPÜSÜ

Axundovun körpüsü kəndin Rəzi adlanan ərazisində, Girdəni çayının üstündə yerləşir. Sahibkar Azər Xəlil oğlu Axundov mülkiyyətində olduğu Rəzi və Üləsondakı torpaq sahələrinə getməkdən ötrü 2017-ci ildə uzunluğu 20 metr, eni isə 15 metr olan körpü salmışdır. Çayın üzərinə diametri 1 metr olan 5 beton boru yerləşdirilmiş, sağ və sol tərəflərində dəmir-betondan bənd, müdafiə səddi qurulmuşdur. Borular üzərinə iri daş və qrabil tökülmüşdür. 2018-ci ildə baş vermiş güclü sel nəticəsində körpünün sol tərəfindəki bəndin bir hissəsi uçmuş, körpünün üstünə tökülmüş qrabilin çox hissəsini sel yuyub aparmışdır.  Nəticədə körpünün eni daralmışdır. Körpü Azər Axundov tərəfindən salındığından sakinlər tərəfindən “Axundovi pard”, yəni Axundovun körpüsü adlandırılır.

   SEYDONUN  KÖRPÜSÜ

Körpü kəndin eyniadlı məhəlləsində, Girdəni çayının qollarından olan Tülnəkəşin üstündə yerləşir. Burada ilk körpü 1975-ci ildə Süleyman Surət oğlu Məmmədovun təşəbbüsü ilə salınmışdır. Körpü bir neçə dəfə sel suları nəticəsində uçub-dağılmışdır. Sonuncu dəfə 2011-ci ildə uçmuş və Hacı Allahverən Süleyman oğlu Nəzərovun təşkilatçılığı ilə məhəllə sakinlərinin maddi dəstəyi hesabına təmir olunmuşdur.  Körpünün uzunluğu 7 metr, eni isə 4 metrdir.

 

 

                                                                İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi

 

P.S.    1951-ci ilə qədər Havzava kəndini Lənkəran şəhəri ilə birləşdirən yol Xanışoba məhəlləsindən olmuşdur. Həmin ildə Məmməd və İmanverdi Şabanov qardaşları, Rəşid Ağayev və Xankişi Kərimovun mülklərindən keçməklə indiki mərkəzi yol (Məscidivə-İstisu qəsəbəsi) salınmışdır. 1952-ci ildə yoldan keçən Nəcəkəşin üstündə taxta körpü tikilmişdir. Təqribən 80-ci illərin əvvəllərində taxta körpü sökülmüş, Nəcəkəşdə iri diametrli dəmir boru yerləşdirilmiş, üstünə qrabil tökülmüşdür (İnformator:  1932-ci il təvəllüdlü Hacı Məmmədhüseyn Xankişi oğlu Kərimovdur).

 

     






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10